Bu sözləri “Azadlıq”a DIN-in mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə Cəlilabad sakini Mirtahir Mürsəlovun müraciətlərinə baxılmadığına özünü yandırması barədə gedən xəbərlərə münasibət bildirərkən deyib. O daha sonra deyib ki, 2014-cü il və cari ilin ötən dövründə Mirtahir Mürsəlov Cəlilabad Rayon Polis Şöbəsinə və rayon prokurorluğuna ən müxtəlif məsələlərlə bağlı 4 dəfə müraciət edib, bütün hallarda da həmin müraciətlər əsasında zəruri araşdırmalar aparılıb və qanunvericiliyə uyğun olaraq müvafiq qərarlar qəbul edilib: “Indi yaxınları tərəfindən əsassız olaraq Qarabağ müharibəsinin veteranı və 20 Yanvar hadisələrinin iştirakçısı kimi təqdim olunan Mirtahir Mürsəlov hələ sovet dönəmində ordu sıralarında qulluq edərkən hərbi xidmətdən yararsız kimi tərxis olunub. O, heç bir halda müharibə veteranı və ya 20 Yanvar hadisələrinin iştirakçısı olmayıb.
Cari il mayın 19-da axşam sərxoş halda Göytəpə PB-yə gələn M.Mürsəlov bir neçə şəxs tərəfindən döyüldüyünü iddia edib, əməkdaşlar tərəfindən bu barədə müvafiq ərizə ilə polisə müraciət etmək təklif olunsa da o, bundan imtina edib. M.Mürsəlovun ailə üzvlərinin yerli hüquq-mühafizə orqanları tərəfindən incidilməsi və təqib olunması barədə səslənmiş ittihamlar da əsassızdır.
Araşdırmalar zamanı müəyyən edilib ki, 1987-ci ildən indiyədək soyğunçuluğa, xuliqanlığa və digər cinayətlərə görə 6 dəfə məhkum olunmuş Mirtahir Mürsəlovun Cinayət Məcəlləsinin anoloji maddələrilə təqsirləndirilməsinə dair sonuncu iş üzrə məhkəmənin 04.04.2005-ci il tarixli qərarına əsasən, o, cinayət məsuliyyətindən və cəzadan azad edilməklə, barəsində tibbi xarakterli məcburi müalicə tədbiri tətbiq edilib. Xatırladaq ki, bu şəxs 2001-ci ildən ruhi əsəb xəstəlikləri dispanserində qeydiyyatda olub".
Xatırladaq ki, Mirtahir Mürsəlov mayın 19-da Cəlilabad Rayon Polis Idarəsinin qarşısında ailəsinə qarşı olunan haqsızlıqlara etiraz əlaməti olaraq özünü yandırıb.