Vətəndaş icra başçısından 50 min manat tələb edir

Şəxsi mülkiyyətinin sökülməsi onu külli miqdarda zərərə salıb

 
Gədəbəy rayon icra hakimiyyətinə üz tutan Sumqayıt şəhər 6-cı mkr, mənzil 35, ev 132 ünvanında yaşayan Oqtay Əliyev dövlət başçısı Ilham Əliyevə müraciət edib. Müraciətdə deyilir:
“Mən 08.07.2008-ci ildə  Gədəbəy rayonu ərazisində şəxsi mülkiyyətimə aid sahəsi 38.5 kvm olan ərazidə mağaza tikdirmişdim. Həmin mağaza mənim şəxsi mülkiyyətimdir.  Lakin səhhətimlə bağlı 2014-cü ilin əvvəlində Sumqayıta müalicəyə gəlmişdim. 12 fevral 2015-ci ildə məlumat aldım ki, Gədəbəy rayon icra başçısının göstərişiylə mənə məxsus olan mağazanı xəbərdarlıq edilmədən və mənimlə razılaşdırılmadan içərisindəki daşınar əmlak, ərzaq məhsullarıyla birlikdə söküblər. Nəticədə mənə xeyli ziyan vurulub.
Bu barədə əlaqədar orqanlara müraciət etsəm də heç bir nəticə əldə olunmayıb. Dövlət əhəmiyyətli torpaqlar – tikililər mülkiyyətçi ilə razılaşdırılandan sonra dəyəri ödənilməklə sökülə bilər. Lakin Gədəbəy icra hakimiyyəti mənimlə razılaşmadan mülkiyyətimi söküb və mənə xeyli zərər vurub. Mənə məxsus olan mülkiyyət qiymətləndirmə eksperti tərəfindən 50.000 manat dəyərində qiymətləndirilib. Əlavə olaraq söküntü zamanı mənə xeyli miqdarda mal zərəri vurulub. Başa düşürəm ki, həmin sahədə icra hakimiyyətinin sərəncamıyla şəhərin gözəlləşdirilməsi üçün park salınır.  Lakin bu o demək deyil ki, mülkiyyətçiyə ziyan vurulmalıdır. Qanunvericiliklə mülkiyyətimin qanuni dəyəri olan 50.000 manat mənə ödənilməlidir. Xahiş edirəm, 50.000 manat zərərin Gədəbəy rayon Icra Hakimiyyəti tərəfindən mənə ödənilməsini təmin edəsiniz".
Sosial şöbə