Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edib “müharibə veteranı” adı almış şəxslərə qarşı YAP iqtidarının ögeyliyi onların maddi təminatında, sosial müdafiə olunmamalarında açıq-aydın görünür. Böyük Vətən Müharibəsi (BVM) iştirakçılarına edilən güzəştlər Qarabağ müharibəsi iştirakçılarından yan keçir. Faktlara üz tutaq.
2002-ci ilə kimi Qarabağ veteranlarının kommunal, nəqliyyat və s. xidmətlərin haqqını ödəməkdən azad olunma güzəşti vardı. Prezidentin 26 dekabr 2001-ci il tarixli 613 saylı fərmanı ilə bu güzəştlərin müavinətlərlə əvəz olunması qərara alındı və fərmanın 1-ci bəndinin 6-cı abzasında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə …aylıq 55 min manat (indiki 11 manat) müavinət ödənilməsi təsbit olundu. BVM veteranlarına isə bundan 2 dəfə çox müavinət ayrılması onların say azlığı ilə başadüşülən olsa da, 5 ildən sonra Prezidentin 22.01.2007 tarixli 514 saylı fərmanı ilə sözügedən 6-cı abzas qüvvədən düşmüş sayılaraq, Qarabağ veteranlarının 11 manatlıq müavinəti də kəsildi və yalnız pensiya almaq hüququ olmadıqda onlara aylıq müavinət (elə həmin ildən bu “sosial müavinət” adlandırıldı) ayrılması qərara alındı. Pensiyaçı Qarabağ veteranlarının cüzi müavinətlərinin kəsilməsi isə Konstitusiyaya ziddir. Konstitusiyanın 151-ci (Beynəlxalq aktların hüquqi qüvvəsi) maddəsinə görə, Azərbaycan Respublikasının qanunvericlik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarasa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası (eləcə də digər MDB ölkələri) arasında güzəştlərin qarşılıqlı tanınması haqqında 09 aprel 1994-cü il tarixli Moskva sazişinə görə Azərbaycanın BVM, Əfqanıstan (azərbaycanlı “əfqanlar”ı çıxmaqla) və s. müharibə veteranlarının güzəştlərini tanıması, öz veteranlarının güzəştlərindən isə imtina etməsi elə özünün Konstitusiyasına hörmətsizliyindən başqa bir şey deyil. Elə ölkədə ən yüksək hüquqi qüvvəsi olan qanuna – konstitusiyaya hörmətsizliyin sonucudur ki, Rusiya tərəfi (eləcə də digərləri) də bizim veteranların güzəştlərini sazişlə – “de-yure” tanısa da, əməldə – “de-fakto” tətbiq etmir. Qarabağ veteranlarının mənzil, torpaq və s. sosial hüquqları da qanunla qorunsa da, faktiki gerçəkləşmir. Icra hakimiyyətləri yalnız onları ən yaxşı halda növbəyə götürməklə yetərlənirlər. Təminata gəldikdə isə…
Əldə etdiyimiz bilgiyə görə, müharibə veteranlarının müavinətlərinin bərpası ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi prezidentə müraciət edib. Amma hələ ki Konstitusiyaya hörmətsizlik davam edir…
Məğrur Bədəlsoy