Təbii göz yaşları və məcburi təbəssüm

Xaqani Əliyev xaqaniquzeyli@gmail.com
 
Nə olacaq bu işlərin axırı?.. Təbiətcə optimist olsam da, bu sualı həmişə başqa formada cavablandırmağa çalışıram. Heç vaxt bu rejimin tezliklə siyasi səhnədən gedəcəyini, demokratik, sivil bir cəmiyyətin ən qısa zamanda qurulacağını söyləmirəm. Cavabım təxminən belə olur: “Biz mövcud hakimiyyəti qanunlara əməl etməsi üçün çaba sərf edirik. Son sözü Azərbaycan xalqı deyəcək”. Və sonda opponentimi inandırmağa çalışıram ki, ola bilər ki, xalq gələcəkdə bizi də, rejimi də inkar etsin. Bizi 23 ildə heç nə etmədiyimizə, rejimi də hər şeyi “etdiyinə” görə tarixin arxivinə göndərsin. Sizi inandırıram ki, son bir neçə ildə tam hüzur içindəyəm. Iştirak etdiyim məclislərdə bu üsulla “aradan çıxıram” və əvəzində sizlərə təqdim etdiyim və qismət olarsa, bundan sonra yazacağım yazılar üçün qiymətli mövzular əldə etmiş oluram. Təsəvvür edin, bir məclisdə oturmusan və çalışırsan ki, ətrafdakıları inandırasan ki, “rüşvət bizim qanımıza hopub” zərb-məsəli sonradan uydurulmuş, rejim məmurlarının sığortası üçün ortaya atılıb. Və ardınca davam edəsən ki, Azərbaycanda rüşvəti yığışdırmaq mümkündür… Söhbətin arxasını videoyaya çəkib, səsini almaqla kimə göstərsən, deyəcək ki, bu adam mentalitetə zidd bir hərəkət edib, dostları da onu qınayırlar. Bəli, əziz oxucu, insanlarımız tənqidi başqasının dilindən eşitmək istəyirlər. Bu yolda istənilən fədəkarlığa hazırdırlar… 
…Mən 1997-ci ildə Şeverdnadze Gürcüstanında keçirdiyim bir günü yəqin ki, ömrüm boyu unutmayacam. Avtobusla Istanbuldan Bakıya hərəkət edirdik. Gürcü gömrüyündən keçib Qırmızı Körpü keçid məntəqəsinə doğru hərəkət edəndə, özümü sözün əsl mənasında xoşbəxt hiss edirdim. Anarxiya, rüşvət və özbaşınalıqdan qurtulmuşduq. Təsəvvür edirsinizmi, bizi Gürcüstan ərazisində nə az, nə çox, düz 15 dəfədən çox saxladılar. Hər dəfə bizi aşağı endirib yoxlayır, sonra da pul tələb edirdilər. Bütün Gürcüstan boyu oğruya, yol polisinə, əlində avtomat olan hərbi və mülki geyimli şəxslərə pul yığıb verirdik. Bəzən onların kimliyini belə soruşmurduq. Yaxşı yadımdadır, iki nəfərdən ibarət qara motosikletli, əli avtomatlı qrup isə.., bizi 2 dollar müqabilində (hər birimizdən) ermənilərin yaşadığı ərazidən “təhlükəsiz keçid”imizi “təmin” edirdi… Sonradan məlum oldu ki, bizə atıblar, kənddə azərbaycanlılar ermənilərdən çoxdur…
Mənə o vaxt elə gəlirdi ki, Gürcüstan heç vaxt düzəlməyəcək, biz onlara nisbətən daha xoşbəxtik…  
Qayıdaq söhbətimizə… Bir illik AXC hakimiyyətini 23 ildir qınayırlar. Lakin başa düşmək istəmirlər ki, Elçibəy hakimiyyətinin qısa ömrünün səbəblərindən bəlkə də birincisi… ölkədə rüşvəti cinayət kimi qəbul etmək idi. O, bir il ərzində erməni-rus birləşmələri və… 20 il rüşvət yığan çoxminli məmur ordusu ilə amansız döyüşə girdi. Birinclərlə pis-yaxşı bacarsa da, ikincilərə qalib gələ bilmədi…
Hakimiyyətin uzunömürlü olmasının yeganə sirri rüşvət mexanizminin dayanmadan var gücü ilə işləməsindədir. Və faciə də ondadır ki, əhali də get-gedə bununla barışmağa başlayıb. Xalqın böyük bir kəsimi bu rüşvət yolu ilə bir çox problemlərini yoluna qoya bilir, uşaqları bu yolla təhsili başa vurur, hərbi xidməti qurtarır və nəhayət, işə düzəlirlər. Pul basıb cinayət törədən övladın cəzasını yüngülləşdirən valideyn nə üçün bu rejimə etiraz etməlidir? Yaxud saxta diplomla müəllimə işləyən qızın atası nədən ədalətli cəmiyyət arzulamalıdır? Oxşar paralellər həyatımızın istənilən sahəsini sarmaşıq kimi basıb, yüzlərlə belə misal gətirmək mümkündür. Rejim, məktəb direktorlarından həkimlərə qədər, məhkəmə hakimindən tutmuş vergi işçilərinə qədər, böyük bir kəsimi “qane” edir. Qane sözünü ona görə dırnaq arasına alıram ki, bu təbəqə bir millətin faciəsini necə hazırladıqlarının fərqində deyil.
Avropa Oyunlarının məşəli keçən rayonlardan çəkilən reportajlara yəqin baxırsınız. Insanların bu münasibətlə üzlərinə hansı əziyyətlə təbəssüm qondurmasının yəqin ki, fərqindəsiniz. Dodaqlar zorla tərpənir, ağızın üçdə bir hissəsi güclə açılır. Müqayisə üçün deyim ki, ölkəsində oxşar tədbiri keçirən avropalı və amerikalı məşəli görəndə elə gülür ki, 32 dişini də tələsmədən saymaq olur… 
Əvəzində biz onlardan yaxşı ağlayırıq. Inanmırsınız, hüznlü günlərimizdə diqqət yetirin. Göz yaşları, hönkürtü, şivən hamısı təbiidir. 
Çünki hərə öz gününü ağlayır. Varlısı da, kasıbı da…