Nemət Əliyev: «Avropa Oyunlarının təşkilatçılığı Azərbaycan xalqının narahatlığı üzərində qurulacaqsa, o zaman belə tədbir, ümumiyyətlə, bizə lazım deyil»
Azərbaycanda təqvimdə qeyri-iş günlərinin çoxluğunun iqtisadiyyata vurduğu ziyanlar barədə bir sıra araşdırmalar var. Bu il təkcə Novruz tətili 9 gün davam etdi. Hesablamalara görə, hər bayram günü Azərbaycana 57 milyon manat ziyan vurur. Bu da üst-üstə yarım milyarddan da çox edir. Yəni təkcə Novruz tətilinin ölkəyə vurduğu ziyan bu qədərdir.
Amma Avropa Oyunları ilə bağlı hökumətin qeyri-rəsmi göstərişləri iqtisadiyyatı daha bir çətin vəziyyətə salacaq. Artıq şadlıq evlərinə, restoranlara, tikinti materialları satışı ilə məşğul olan bazarlara tapşırıq verilib ki, Avropa Oyunları günü istirahət etsinlər. Işlərini davam etdirəcəkləri təqdirdə isə onları ciddi cəza gözləyir.
Bundan başqa, əyalətlərdən olan avtomobillərin paytaxta buraxılmaması da iqtisadi durumu bir qədər qəlizləşdirir. Bu o deməkdir ki, Azərbaycan iqtisadiyyatını daha bir itki gözləyir.
Iqtisadçı Nemət Əliyev bildirdi ki, normal ölkələr, dövlətlərini normal idarə edən hakimiyyətlər beynəlxalq tədbirlərdən xeyir götürürlər. N.Əliyev qeyd etdi ki, bir qayda olaraq bu dövlətlər keçirilən yarışlardan öz ölkələrini tanıtmaqdan daha çox maliyyə gəliri barədə düşünürlər. Azərbaycanda xüsusilə 2014-cü ildən sonra tikinti adı altında müxtəlif layihələrin həyata keçirildiyini deyən N.Əliyev vurğuladı ki, həmin tikintilərdə ciddi vaxt itkilərinə yol verilib: “Bu faxt itkisinin vurduğu ziyan hesablanarsa, məbləğ milyardların üstünə qalxacaq. Qeyri-peşəkar yanaşma bu acı nəticələri meydana çıxarıb. Əgər Avropa Oyunlarının təşkilatçılığı Azərbaycan xalqının narahatlığı üzərində qurulacaqsa, o zaman belə tədbir, ümumiyyətlə, bizə lazım deyil. Kimlərsə beynəlxalq yarışlardan zövq alırsa, o bunu xarici ölkələrə səfər edərək edə bilər. Amma belə beynəlxalq tədbirlər bütöv bir xalqın narahatçılığı üzərində təşkil olunursa, xalqın belə bir arzusu yoxdur. Belə bir yanaşma yolverilməzdir”.
Şadlıq evlərinin, ticarət obyektlərinin müvəqqəti bağlanmasının isə təsadüfi olmadığını deyən N.Əliyev bildirdi ki, xarici qonaqlar bu cür məkanlara baş çəkən zaman ölkənin real iqtisadi durumu ilə tanış ola bilərlər. Bu zaman onlar hakimiyyətin yüksək bəyanatlarının sadəcə olaraq söz olduğunu görəcəklər: “Bu cür göstərişlər, bu cür yanaşma Azərbaycanın qanunvericiliyinə də ziddir. Nəqliyyat Nazirliyindən bəyan olunur ki, xarici qonaqları Bakıda xüsusi taksilər gəzdirəcək. Yəni yalnız bu taksilər qonaqlara xidmət göstərəcək. Nəyə görə belə edilir? Axı vergisini ödəyən, lisenziya almış digər taksilərə niyə bu imkan verilmir. Bu da qanun pozuntusudur”.
Xəyal