Insan təkamülünü inkar etmək üçün dağa-daşa düşməyə ehtiyac yoxdur. Elə Azərbaycanda yaşamaq kifayətdir. Təsəvvür edin, XIII əsrdə Dante “Ilahi komediya”, XIX əsrdə Balzak “Insan komediyası”, XX əsrdə Con Qolsuorsi “Müasir komediya” yazıb, XXI əsrdə isə bizdə Yunus Oğuz “Tarixi komediya” yazır, Şah Təhmasibi, Nadir şahı, daha nə bilim kimləri olmayan istedadı ilə gülüş, lağlağı obyektinə çevirir. Bir sözlə, Dantedən, yaxud Balzakdan Yunus Oğuza – daha bunun harası təkamül oldu?!
Elmlər Akademiyasının hansısa elmi işçisi (adını xatırlamıram, internet üzərindən axtarıb-tapmağa isə həvəs və maraq yoxdur, bəlkə heç lazım da deyil) Kopernikdən, Qalileydən belə dünya elminin bütün uğurlarını inkar edir, hansısa gerizəkalı ərəb şeyxinin yerin fırlanmadığına dair fətvasını dəstəkləyir, belə çıxır, Cordano Brunonun diri-diri tonqala atılmasına da haqq qazandırır.
Sərdar Cəlaloğlu Eynşteynin atasını yandırır, onu “neprav” çıxarır, “dünya şöhrətli alimimiz” Rafiq Əliyev millətin oyanışını Aşura gününə bağlayır, bir başqa alimcik mələyin uçma sürətini ölçür. Necə deyərlər, hardan-hara…
Mənzərə aydındır: insan təkamülünün yerli-dibli rəddi. Tam sürətlə geri. Ibtidaiyə qayıdış. Bir sözlə, mağaraya xoş gəlmisiniz!
Elə ona görə də srağagünkü faciəvi yanğınla bağlı insanın qəlbini parçalayan, vicdanını sızladan xəbərlərin sırasında mənzillərin birindəki Quran kitabının yanmadığı barədə məlumatı görəndə əsla və əsla təəccüblənmədim. Görürsünüz də, hətta məsum, suçsuz, günahsız uşaqlar yanır, amma müsəlmanların müqəddəs kitabı yenə yanmır. Ilahi mərhəmətə bax e! Bəli, əsl möcüzədir. Mürtədlər, oxuyun, gözlərinizə su verin. Allah nə qədər böyükdür. Hidayət etmək üçün heç vaxt gec deyil, ey kafirlər!
Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki, 26 dəfə Həccə gedib-gəlmiş Hacı Qalib Salahzadə ilə eyni dövrdə yaşayıram. Görücü Məlahətin, Həzrət Sabirin müasiri olduğum üçün özümü xoşbəxt sayıram. Haqverdiyev, Mirzə Cəlil, Axundov, Sabir qoy indi məzarında nə qədər istəyir fırlansınlar, əsas odur ki, bu gün bizim ələmuçuranlarımızın, cinçıxaranlarımızın şöhrəti hər tərəfə yayılır, onlar Azərbaycanı bütün dünyaya tanıdırlar. Heç kim bizimlə diqtə dilində danışa bilməz, ekstrasens Zirəddinə deyərik, hamısının ağzını əyər, qulaqlarını uzadar.
***
“Bu saat sizin dərdinizi danışmağa ehtiyacınız var. Dərdinizi deməsəniz, ürəyiniz partlayar. Günü sabah gəlin yanıma, oturaq söhbət eləyək” – hələ Hacıbala Abutalıbovun yanan binanın doluxsunmuş sakinlərindən birinə dediyi bu sözləri oxuyandan sonra adam necə tokvurmuşa dönməsin. Axı bu qədər humanist görünmək nəyə lazımdır? Camaat şoka girə bilər. Yapçı və dərd dinləmək – biz ki, bunu indiyək nə görmüşük, nə eşitmişik, heç təsəvvürə gətirə, yuxuda da görə bilmərik. Bir də belə eləməyin, yoxsa adamın canına lap vicvicə düşür, fikirləşirsən ki, bəlkə qiyamət artıq gəlib çatıb?!
Bakıdakı binanın tüstüsü şəhərin başı üzərindən, Abutalıbovun sözlərinin sədası qulaqlarımızdan çəkilməmiş isə Cəlilabadda daha bir Qarabağ qazisinin özünə od vurduğu xəbəri gəldi. Səbəbi də tanışdır: dərdlərini heç kimin dinləməməsi, heç kimin bu günədək onun dərdlərinə əncam çəkmək istəməməsi. Kim bilir, ümumilikdə bu, son zamanlarda ölkədə üç aşağı, beş yuxarı, eyni səbəblə baş verən neçənci belə özünə odvurma faktıdır. Heç bilmək gərək də deyil. Yapçılar haqlıdırlar, dünyanın hər yerində belə şeylər olur, şişirtməmək lazımdır. Əsas odur ki, Avropa Oyunlarının məşəli gur yansın, qəlbimizdəki din-iman alovu, vəzifə və sərvət atəşi sönməsin.
***
Sizi bilmirəm, amma mənə elə gəlir, Azərbaycan öz tarixinin heç bir dönəmində indi olduğu qədər “odlar yurdu” olmayıb.