Medvedev Putinin müşavirəsinə “ağıllı saat” taxıb gəldi

Rusiyanın baş naziri Dmitri Medvedev prezident Vladimir Putinin keçirdiyi müşavirədə “Apple Watch” “ağıllı saat”la görünüb.
 
D.Medvedevin şəklini “Komsomolskaya pravda” qəzetinin müxbiri Dmitri Smirnov öz “Twitter” hesabında dərc edib.
 
Qeyd edək ki, Rusiya baş naziri yeni texnologiyalar və qacetlərə olan sevgisi ilə tanınır. 2013-cü ildə o, Rusiya istehsalı olan “YotaPhone”nin sahibi olub. Ümumiyyətlə, Medvedev “Apple” şirkətinin elektron məhsullarını çox sevir və bir neçə “iPhone” və “iPad” sahibdir. 2010-cu ildə “Apple” şirkətinin mərhum rəhbəri Stiv Cobs ona şəxsən “iPhone 4” smartfonunu hədiyyə edib ki, bu da bu smartfonun ABŞ-dakı rəsmi təqdimatından bir gün əvvəl  baş tutub. 
 
Xatırladaq ki, “Apple Watch” “ağıllı saatlar”ının rəsmi satışına aprelin 24-də ABŞ, Böyük Britaniya, Avstraliya, Kanada, Almaniya, Honkonq, Çin, Fransa və Yaponiyada başlanılıb. (İKT.lent.az)