milli-shura-19 may

Milli Şuradan hakimiyyətə sərt mesajlar FOTO VİDEO

milli-shura-19 mayCəmil Həsənli: «Bu insanlar İlham Əliyevin göstərişi ilə həbs olunublar»

Əli Kərimli: “Xalqın qəzəbini körükləsəz onda bilin ki, sizi bu xalqın qəzəbindən heç kim ala bilməz”

Dünən Milli Şuranın təşkilatçılığı ilə siyasi məhbusların azadlığı uğrunda mübarizə çərçivəsində ictimai dinləmə keçirildi. BMM-də baş tutan tədbirdə siyasi məhbuslarla bağlı yaranmış son durum müzakirə edilərək, problemi doğuran səbəblər və çıxış yolları araşdırıldı. İctimai dinləmələrdə yerli və beynəlxalq təşkilatların nümayəndələri, vətəndaş cəmiyyəti fəalları ilə yanaşı siyasi məhbus ailələri, onların vəkilləri, ziyalılar, siyasi partiya rəhbərləri, hüquq müdafiəçiləri iştirak edirdi.

«Siyasi məhbus problemi İlham Əliyevlə bağlıdır»
 
Tədbiri giriş sözü ilə açan Milli Şuranın sədri Cəmil Həsənli bildirdi ki, Azərbaycanda siyasi məhbus problemi daimi problemlər siyahısına daxildir. Həbs olunan vətəndaşlarımız arasında parlaq nümayəndələrin də olduğunu deyən C.Həsənli vurğuladı ki, həbsxanada döyülmə nəticəsində dünyasını dəyişənlər də olub. Bu hala misal olaraq  Elşad Babayevlə bağlı olayı göstərmək olar:  

«Təxminən 25 ilə yaxındır ki torpaqlarımız işğal altındadır. Bu müddət ərzində Qarabağı düşmən tapdağından azad edə bilməyənlər, Qarabağda şımon keçirə bilməyənlər bunu həbsxanalarda keçirirlər. Həbsxanalarda işgəncələr həyata keçirirlər. Biz bu gün 30-40-ci illərin filmlərində gördüyümüz cəza tədbirlərinin ən ağır formalarının dövlət adından çıxış edən maskalıların timsalında görürük. Bu gün 80 nəfərə yaxın insan siyasi mülahizələrinə görə həbsə atılıb. Bu siyahıya siyasi partiya nümayəndələri, gənclər, jurnalistlər, Qeyri-Hökumət Təşkilatlarının təmsilçiləri, dindarlar Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda mübarizə aparmış insanları daxildir. Ürək ağrısı ilə demək istəyirəm ki, həbs olun siyasi məhbusları içərisində iki qadın vətəndaşımız da vardır. Bunlar Leyla və Xədicə xanımdır. Bu xanımların hər ikisi ictimai-siyasi həyatda, qeyri-hökumət sektorunda, ölkənin mənəvi həyatında mühüm rol oynayıblar».

C.Həsənli onu da bildirdi ki, məhkəmə işlərinin gerçək monitorinqi keçirilsə siyasi mülahizələrlə həbs edilmiş insanların sayı daha da arta bilər: «Bizim bu dinləməni keçirməkdə məqsədimiz həbs olunmuşlara dəstək vermək, onların azadlığa qovuşmasını tələb etməkdir. Həbsdə olan hər bir siyasi məhbus haqqında dəyərləndirmə aparsaq görərik ki, onların hər biri vətənin həqiqi övladları vicdanlı nümayəndələridir. Qəribə bir vəziyyət yaranıbdır. Bir tərəfdən gecə-gündüz iqtidar mətbuatı təbliğat aparır ki, Azərbaycan qapılarını Avropaya açır. Amma eyni zamanda gerçəklik ondan ibarətdir ki, ölkə həbsxanaları qapılarını Avropa dəyərlərinin daşıyıcılarına açır».
C.Həsənli daha sonra vurğuladı ki, Azərbaycanda siyasi məhbus problemi birbaşa dövlət başçısından qaynaqlanır. "Azərbaycanda siyasi məhbus problemi bilavasitə İlham Əliyevlə bağlıdı. Bu insanlar İlham Əliyevin göstərişi ilə həbs olunublar", deyə C.Həsənli qeyd etdi.

«Azərbaycanda avtoritar bir hakimiyyət mövcuddur»

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Vidadi Mirkamal bildirdi ki, Azərbaycanda siyasi məhbus problemi ölkənin acı reallığıdır:

 
«1992-ci ildən bəri Azərbaycanda avtoritar bir hakimiyyət mövcuddur. Amma son 8-10 il ərzində ölkədə bir nəfərin əlində cəmləşən bir rejim formalaşıb. Avtoritar rejimə qarşı müqavimət artmadıqca rejim diktaturaya dönüşür. Bu ilk növbədə özünü seçkilərin total saxtalaşdırılmasında göstərir. İkinci növbədə siyasi partiya nümayəndələrinə təzyiqlərdə özünü göstərir. Daha sonra isə hakimiyyətə təhlükə yarada biləcək mediya nümayəndələrinə vətəndaş cəmiyətini təqiblərdə özünü göstərir. 2003-cü ilə kimi hakimiyyətin hədəfində təkcə siyasi partiyalar idisə, bu dövrdən, əsasən Milli Şura yaranandan sonra bu qurumun özəyini təşkil edən AXCP üzvlərinə qarşı həbslər başlayıb. Hakimiyyət indiyə kimi dialoq müxaifətinin üzvlərindən kimisə həbs edibmi? Hakimiyyət yalnız özünə təhlükə gördüyü şəxslərə qarşı repressiya həyata keçiririr. Həbsdə olanlar arasında 2013-cü il prezident seçkilərinin nəticəsini ifşa edənlər də var. Anar Məmmədli, Pərviz Həşimli, İntiqam Əliyev. Hakimiyyət bu həbslərlə cəmiyyəti taqətdən salmağa insanların hakimiyyətin korrupsiya əmələrinə qarşı mübarizə ruhunu sındırmağa çalışır. Biz bilməliyik ki, ilk növbədə Azərbaycan cəmiyyəti bu baş verənlərə etirazını bildirməlidir».

«Günahsızları cəzalandırırlar ki, günahkarlar işini bilsin»
 
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Qurban Məmmədov çıxışında siyasi məhbus problemini yaradan səbəblərə toxundu:

“Siyasilərin, jurnalistlərin, hüquq müdafiəçilərinin qanunsuz həbs edilməsinə, qanunsuz saxlanılmasına, cəzasının vaxtından əvvəl azad edilmə hüququnun pozulmasına vərdiş edən bu rejim eyni zamanda sıravi vətəndaşlara qarşı da bu hərəkətləri etməyə həvəskar olub. Yaranmış bu situasiyadan istifadə edən rüşvətxor hakimlər və müstəntiqlər bu təcrübəni rüşvət mənbəyinə çeviriblər. Qurulmuş sistem elədir ki, vətəndaş mütləq pul verməlidir. Bunlar ən günahsızları da ağır cəzalandırılar ki, günahkarlar öz işlərini əvvəlcədən bilsinlər. Bu gün Seymur Həzi, İntiqam Əliyev, Leyla Yunus kimi adamlar həbs edilirlərsə, sıravi adamların, arxasında partiya, sosial qurumlar olmayan insanları həbs etməyə nə var ki? Biz Azərbaycan xalqına çatdırmalıyıq ki, ölkənin vəziyyəti nə dərəcədə qorxuludur”. 

“Gəncləri niyə manqurtlaşdırırsız?”
 
AXCP fəalı Elvin Abdullayevin anası Zülfiyyə Abdullayevanın da çıxışı yadda qalan oldu:

“Mən Elvinin məhkəmələrinə ancaq onu görmək üçün gedirəm. Dörd ay ilkin həbs vermişdilər, görüş vermirdilər. Kürdəxanıda hər kəs öz yaxınları ilə görüşür amma bizə imkan vermirlər. “Azadlıq” qəzetini ona çatdırmırlar. İlkin məhkəmə iclasında oğlum hakimlərə qarşı arxasını çevirmişdi. O da bir şəkildə etiraz etmək istəyir. Mən gözəl bir uşaq yetirdirmişəm. İkinci təhsilini alırdı, üç dil bilir. Övladım tərbiyəli, namuslu, şərəfli uşaqdı. Bir tələbəyə necə narkobaron adı yapışdırmaq olar. Onu şərlədikləri maddə ilə 7 ildən 12-ilədək iş düşür. Gələcəyin tarixçisidi mənim oğlum, imtahandan çıxdığı yerdə həbs elədilər. Şərait yaradın oxusun da. Məleykə xanım təhsildən deyir ki, 65 faiz abiturient 0 nəticə əldə edib. Təsəvvür edirsiz ki, 10 ildən sonra neçə faiz abiturient sıfır faiz nəticə əldə edəcək. Azərbaycan bununla hara gedir? Gənc oğlandı imkan verin oxusun. Azərbaycanda fikir müxtəlifliyinə icazə vermirlər. Cəmiyyət belə formalaşır, başqa cür necə formalaşa bilər. Niyə axı gənclərin haqqı yoxdu ki, istədiyi sözü desin. Bu gəncləri niyə manqurtlaşdırırsız. Azərbaycanda hakimlərin də heç bir hüququ yoxdur”.
Z.Abdullayeva bildirdi ki, qanun ancaq bir nəfərin əlindədir. Ona görə də istəsələr mühakimə olunan bu saat məhkəmə salonundan azad edilər, istəsələr 7 il iş verərlər: “Yaxşı həbs eləmisiz bəs həbsxanada niyə döyüb deyirsiz ki, əqidəndən dön, biz tərəfə keç. Biz dərdimizi kimə deyək? Gedib uşağımın paltarlarını götürüb görmüşəm ki, cırıq-cırıqdı. Deyir ki, ana mənim psixologiyamı pozublar. Deyir ki, 10 nəfər üstümə tökülüb məni döyürlər. Ermənilərin eləmədiklərini eliyirlər. Nəsimi kimi qolundan asıb döyüblər oğlumu. Bu günün sabahı da var, bunu düşünmürlər. Mənim uşağıma heç nə olmaz, aslan kimi uşaqdı. Bütün siyasi məhbusların qarşısında baş əyirəm, eybi yox biri də mənim oğlum olsun. Əsas əqiqədən dönməməkdi”. 

Daha sonra Səid Dadaşbəylinin anası İradə Dadaşbəyli çıxış edib. O, bildirdi ki, övladı və onun dostları əqidələrinə görə həbsdə yatırlar: "Artıq doqquz ildir ki, onlar günahsız yerə həbsdədirlər. Övladlarımızın nəyə görə həbs olunduğunu və hər birinin 13-14 il cəza aldığını bilmirik".
 
“Siyasi məhbus siyahısını tərtib edən Leyla Yunus da indi məhbusdur”
 

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Oktay Gülalıyev bildirdi ki, siyasi məhbus problemi 1993-cü ilin ikinci yarısından sonra meydana gəlməyə başlayıb: “Yəni Əliyevlərin hakimiyyətə gəlməsi ilə siyasi məhbus problemi ortaya çıxdı. Bu gün sizlərin burda olmanız, siyasi məhbuslar göstərir ki, demokratiya mücadələsi bitməyib. Azərbaycanda siyasi məhbusların pik sayı Avropa Şurasına qoşulduğu vaxtda olub. O zaman 700-dən artıq siyasi məhbus var idi. Bu siyahını tərtib edən Leyla Yunus da indi siyasi məhbusdur”. 

“Azərbaycan dünyada avtoritarizmin ən pis formasıdır”

Hüquq müdafiəçisi Vidadi İsgəndərli özünün həbsindən və repressiyalardan danışdı: “Zülfiyyə xanımın çıxışından çox təsirləndim. Mənə də həbsxanada təzyiqlər edirdilər ki, əfv yaz. İstər Leyla xanım, istər İntiqam bəy və digərləri biz məhbus olanda bizi bütün dünyaya tanıdıblar. Azərbaycan dünyada avtoritarizmin ən pis formasıdır. Bu hakimiyyət korrupsiya və rüşvətə söykənmiş bir mütəşəkkil cinayətkar dəstədi”.

“Dövlət iki halda dağılar”

Cəsur, mərd övladları dünyaya gətirən analara təşəkkür edən Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Hacı Rövşən Əhmədli bildirdi ki, gənclərə qarşı yürüdülən siyasət dövləti sarsıdır: “Dövlət iki halda dağılar: Birincisi günahsız insana cəza veriləndə, ikincisi günahkarlar cəzasız qalanda. Çox təəssüf ki, Azərbaycanda icraçı məhkəmələr günahsız insanlara cəza verir, günahkarlar isə azadlıqdadır. Bu Azərbaycanın süqutudur. Dövlətimizin süqutuna çalışanların fəaliyyətidi ki, bu gün günahsız insanlar həbsxanalardadır”. 

 

“Hakimiyyət addımlarından utanmalıdır”

Çıxış edən hər iki siyasi məhbus anasının qarşısında baş əyən Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bildirdi ki, E.Abdullayevin karsa salınmasına səbəb hakimlərə məhkəmədə arxasını çevirmək olub. “Ancaq bu davranışı hakimlər öz addımları ilə qazanıblar. Siyasi sifarişlə hərəkət etdiklərinə görə qazanıblar. Buna görə də Azərbaycan hakimiyyəti Elvindən inciməməlidir, öz addımlarından utanmalıdır”, deyə G.Hacıbəyli vurğuladı.

 «Problemin həlli rejimin siyasi məhbus istehsalını sındırmaqdır»

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə hesab edir ki, siyasi məhbusların varlığı cəmiyyətin müqavimətinin göstəricisidir. Ona görə də baş verənləri faciyəyə çevirməyə də ehtiyac yoxdur: «Problemin həlli siyasi məhbusların olmaması deyil, problemin həlli bu rejimin siyasi məhbus istehsalını sındırmaqdadır. Bu ayrı-ayrı məmurların özfəaliyyəti, məhkəmənin, polis rəisinin pis olmasının, müxalifətə nifrətinin nəticəsi deyil. Bütövlükdə İlham Əliyevin başında durduğu dövlət siyasətinin mahiyyətindən doğur. Nə qədər ki, bu hakimiyyət var, hakimiyyətin öz mövcudluğunu təmin etməsi üçün qorxuya ehtiyacı olacaqdır. Qorxu yaratmaq üçün də bu rejimə qarşı çıxanlar həbs olunmalıdır. Bu problemin həlli bu rejimin demontajından keçir”.

 
F.Qəhrəmanlı bildirdi ki, hakimiyyətin vəziyyəti getdikcə ağırlaşır, sosial iqtisadi böhran başlayır və hakimiyyətin gələcəyi ilə bağlı sual işarələri artır. Hakimiyyətin vəziyyətin ağırlaşmasına paralel olaraq isə siyasi məhbusların sayı da artır: “Cəmiyyət olaraq bizim üzərimizə düşən əsas vəzifələrdən biri bu qorxu mexanizmini hakimiyyətin əlindən almaqdır. Yəni əvvəllər ancaq müxalifət sıralarından həbslər olurdu, sonradan ayrı-ayrı gənclər təşkilatları olmağa başladı. Müqavimət dairəsi genişləndi. Daha sonra heç bir təşkilatla bağlılığı olmayan etirazçı gənclər həbs olunmağa başladılar. Hüquq müdafiəçiləri, media mənsubları siyasi məhbusların sırasındadır. Bu onu göstərir ki, hakimiyyətin cəmiyyətdəki prosesləri tənzimləmək imkanı yoxdur. Bizim də üzərimizə düşən vəzifə bu qorxunu adiləşdirməkdir ki, hakimiyyət anlasın ki, cəmiyyətin müqavimətinin qarşısını ala bilməyəcək”. 
“Novruz Məmmədov etiraf eləmişdi ki, bizə olan təzyiqləri bilsəniz dəhşətə gələrsiniz. Bu onun göstəricisidir ki, Azərbaycan xalqı təslim olmur, bizim sıralarımızdan kim həbs olunursa o yolu dəyanətlə gedir. Əgər o ədiqəli insanlar olmasaydı bugün beynəlxalq aləm hansı problemi əsas tutub bu hakimiyyətə təzyiq göstərəcəkdi”, deyə F.Qəhrəmanlı çıxışını bitirdi.

 “Onmilyardları axıra kimi mənimsəyə bilməyəcəksiz”

Son olaraq AXCP sədri Əli Kərimli çıxış etdi. Ə.Kərimli bildirdi ki, hakimiyyət xalqın acılarını növbəti acılarla yüngülləşdirir. Tədbir iştirakçılarının diqqətini həmin dəqiqələrdə baş verən 16 mərtəbəli binadakı yanğına çəkən Ə.Kərimli faciədə həyatı itirmişlərin ruhunu bir dəqiqəlik sükutla yad etməyi təklif etdi: “Fikir verin hansısa bütün  cəmiyyəti silkələyən həbs olur, cəmiyyət o şokdan daha əks-sədalı həbslə çıxır. İndi də analoji bir hadisə baş verdi. Hesab edirdim ki, Elvin bəyin anası Zülfiyyə xanımın, İradə xanımın təsirli çıxışından sonra hamımız məhz bu anaların yaratdığı bu emosional partlayışla buranı tərk edəcəyik. Amma ondan daha betər hadisə baş verdi. Indi biz burda tədbir keçirən zaman məlum oldu ki, hakimiyyətin anti-insani, vətəndaşına qiymət verməmə siyasətinin nəticəsində “Azadlıq” metrosunun yaxınlığındakı 16 mərtəbəli bina həmin o sintetik üzlüklərdən alışıb yandı, insanlar orda diri-diri yandılar, ağır xəsarət aldılar. Bunun hamısı Azərbaycan xalqının bu görməmişlərə ödədiyi bədəldi”. 
Tədbirdə hakimiyyətə suallar ünvanlayan Ə.Kərimli bildirdi ki, iqtidarın repressiya siyasəti heç bir nəticə verməyib: “Əvvəla, soruşmaq istəyirəm ki, neçə illərdi bu repressiyaları davam etdirirsiz. Hər bir siyasətin bir məqsədi olmalıdır. Sizin məqsədiniz bu repressiyalarla cəmiyyəti susdurmaq idi. Cəmiyyəti susdura bilmisinizmi? Xeyr. Sizin məqsədiniz ölkənin real müxalifətini sıradan çıxarmaq idi. Real müxalifəti sıradan çıxara bilmisinizmi? Xeyr. Son həftələrdə bizim mitinqlərimizə mane olmaqdan ötrü hər cür oyundan çıxırsız, hər cür yalan danışırsız deməli o mitinqlərin keçirilməsindən qorxursuz. Deməli, ölkədə güclü və real müxalifətin olduğunu qəbul edirsiz. Bir halda ki, bu cəmiyyəti susdura bilmirsiz, bir halda ki, senzura tətbiq edə bilmirsiz, müqavimətimizin qarşısını ala bilmirsiz. O zaman bu siyasəti davam etdirməyinizin mənası nədir?” 
Ə.Kərimli daha sonra bildirdi ki, ofşordakı pulların Azərbaycana gətirilməsi ilə bağlı yeni qanun qəbul olunacaq: “Oğurladığınız milyardları bura gətirmək istəyirsiniz. Zatən burada on milyardlarla vəsaitiniz var. Indi mən soruşuram, ölkədə bütün gözə görümlü obyektlərin hamısı sizindisə, burada on milayrdlarla əmlakınız varsa, siz niyə maraqlısınız ki, bu ölkədə qarşılıqlı nifrət, kin-küdurət artısın, radikallıq artsın. Axı siz ən axırıncı maraqlı adam olmalısınız ki, bu ölkədə kinin-küdurətin artmağında. Axı siz bu ölkədə radikal toqquşmalar olacağı təqdirdə ən çox ziyan çəkəsi adamalarsız. Niyə siz istəmirsiz ki, bu qəzəbin qarşısı alınsın. Siz bu ölkəni idarə edirsiz, on milyardlarla vəsaitiniz var. Bilmirsizmi ki, bu gün qloballaşan dünyada ən böyük sərvət imicdi, addır. Hardasa bilirsiz. Ona görə də Avropanın ən müxtəlif yerlərindən bura gələn idmançıların belə gözündə yaxşı görünməkdən ötrü hər cürə oyunlardan çıxırsız. Azərbaycan xalqı üçün hər cür məhrumiyyətlər yaradırsız, təki Avropadan gələn idmançılar sizin haqqınızda yüksək fikirdə olsunlar. Bəs niyə başa düşmürsüz ki, həmin Avropanın Parlamenti artıq sizin bu oyunları boykot edir. Necə olur ki, Avropalı idmançıların sizin haqqınızda nə düşünməsini fikirləşirsiz amma Avropanın siyasətçilərinin, hökumət başçılarının, deputatlarının, jurnalistlərinin, analitiklərinin, elitasının sizin haqda nə düşündüyünü fikirləşmirsiz. Hanı sizin ağlınız? Niyə bu barədə fikirləşmirsiz və başa düşmürsüz ki, apardığınız siyasət Azərbaycanda elə bir vəziyyət yaradıb ki, sizin on milayrdlarınız olsa da, əgər dünyada sizi korrupsioner kimi tanıyırlarsa, əgər dünyada sizi mətbuat yırtıcısı kimi tanıyırlarsa inanın ki, onmilyardları axıra kimi mənimsəyə bilməyəcəksiz”.
 
“Hər gün xalqdan uzaqlaşırsınız”
 
Hakimiyyətin apardığı siyasətin onları hər gün xalqdan biraz da uzaqlaşdırdığını deyən Ə.Kərimli bildirdi ki, o qədər anti-insani hərəkətlər edirlər ki, heç kim bunları müdafiə etməyəcək: “Fərq etməz Yeni Azərbaycan Partiyasının üzvü olsun, dövlət məmuru olsun, hətta nələrinsə müqabilində islah edilmiş dünənki müxalifətçi olsun kim qalxıb deyəcək ki, həmin o gənc Elvin Abdullayevlə, ondan əvvəl İlkin Rüstəmzadə ilə, Türkel Azərtüklə bu şəkildə işgəncə ilə rəftar doğrudur. Kim qalxıb bunu deyə biləcək? Kim deyə biləcək ki, min illər ərzində Azərbaycanda olmuş ənənələri ayaqlayıb Azərbaycanın aparıcı xanımları ilə savaş aparmaqda siz haqlısınız. Siz buna dəstək ala biləcəksiz? Siz bu siyasətinizə dəstək ala biləcəksinizmi ki, Azərbaycanın ən çox hörmət olunan din xadimlərini hətta həbsdə də rahat buraxmırsız. Onlara orada da işgəncələr verirsiz. Kim qalxıb deyəcək ki, əcəb eləmisiz Elşad Babayevi işgəncə ilə öldürmüsüz və onun haqqını tələb edənlərin də hamısını işgəncədən keçirib Tubzon deyilən işgəncə məkanına göndərmisiz. Heç kim deyə bilməz. Bizim həmvətənlərimiz, siyasi mənsubiyyətindən aslı olamayaq vicdanlarını o dərəcədə itirməyiblər. Ona görə də Azərbaycan hökumətinin xalqından qopması baş verir. Siz bu əzazilliyi, bu qəddarlığı etdikcə sizə haqq qazandıralar azalacaqdır”. 
“Nəhayət, sual edirəm siz bu dünya tarixindən, gözünüzlə gördüyünüz müasir tarixdən yəni heç bir şeymi öyrənmədiniz. Siz görmədinizmi ki, hətta müxalifəti vətəndaş cəmiyyətini sıradan çıxarmaq bütün liderləri, cəsur insanları, tanınmış insanları həbsxanalara yığmaq yaxud mühacirətə qovmaq çıxış yolu deyil. Bunu sizdən qabaq axı onlarla diktator edib. Sonda müraciət edib demək istəyirəm ki, bilin, bu gün bu sizin şansınızdı ki, Azərbaycanda sizin bütün təqiblərinizə, repressiyalarınıza rəğmən hələ də güclü bir müxalifət var ki, hər hansı bir situasiyada, bu xalqın birdən qəbəi püskürərsə sizi bu xalqın məhkəməsindən xilas edib normal dövlət məhkəmələrinin qarşısına gətirər. Siz sevinin ki, belə bir qüvvə hələ var. Amma mən sizi xəbərdar edirəm, əgər siz ölkənin bu sivil qüvvələrini, bu siyasətin içində olan, ölkəni demokratik qaydada idarə etmək istəyən qüvvələrini axıra qədər zəiflətmək siyasətini davam etdirsəz, bir tərəfdən həmin bu demokratik sivil müxalifəti sıradan çıxarmaqla, o biri tərəfdən də xalqın qəzəbini körükləsəz onda bilin ki, sizi bu xalqın qəzəbindən heç kim ala bilməz, heç kim qoruya bilməz. Ona görə də mən fürsətdən istifadə edib Azərbaycan hökumətinə, onların başbilənlərinə, İlham Əliyevin özünə müraciət edirəm, yaranmış fürsətdən istifadə edib dayanmağı vaxtında bacarmaq lazımdır. Onu bilin ki, bəşər tarixində ən şanslı diktatorlar o insalar sayılır ki, onlar imkan tapıb demokratik seçki keçirib uduza biliblər. Həmin adamlara bir çoxları həsədlə baxır. Sizin bu şansınız hələ var. İnsanları həbsxanalardan azad edin, bu ölkənin qapılarını açın. Əks təqdirdə o şanslıların sırasında ola bilməyəcəksiz”, deyə Ə.Kərimli çıxışını tamamladı.  
 

Bəyim Həsənli