
Nəqliyyat nazirinin müavini Musa Pənahov iyun ayın 1-dən etibarən I Avropa Oyunları ilə əlaqədar olaraq rayonlardan şəxsi iş dalınca Bakıya gələn vətəndaşların avtomobillərinin paytaxta buraxılmayacağını bildirib.
M.Pənahovun bu açıqlaması sadə vətəndaşlarla yanaşı, ictimai-siyasi xadimlər, hüquqşünaslar tərəfindən də ciddi narahatlıq və narazılıqla qarşılanıb.
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən tanınmış hüquqşünas Namizəd Səfərov nazir müavininin məlum açıqlamasının heç bir məntiqə sığmadığını vurğuladı:
“Öncə onu qeyd edim ki, belə bir qadağanın Nəqliyyat Nazirliyi tərəfindən qoyulmasının özü məntiqsizdir. Çünki I Avropa Oyunlarını Nəqliyyat Nazirliyi keçirmir ki, bu kimi məsələlərlə bağlı da o qərar versin. Əgər belə bir qadağa gündəmə gəlirsə, bununla bağl Nazirlər Kabineti müvafiq qərar qəbul etməlidir.
İkincisi, rayonlardan Bakıya gələn avtomobillərin girişinə tam qadağa qoyulmasından deyil, yalnız məhdudlaşdırılmasından söhbət gedə bilər. Çünki Bakı Azərbaycanın paytaxtıdır və rayonlarda yaşayan soydaşlarımızın paytaxtla bu və ya digər dərəcədə əlaqəsi var. İnsanların toyu, yası, xəstəliyi və s. olur. İndi birdən-birə belə bir qadağanə gündəmə gətirmək olmaz. Bu, konstitusiya ilə vətəndaşa verilən hüquqların pozulması deməkdir. Əslində heç kim bu qadağanın tələbini yerinə yetirməməlidir və təbii ki, buna görə vətəndaş Nəqliyyat Nazirliyini məhkəməyə verə bilər”.