“Görürəm ki, bəzi qurumlar məsuliyyəti bir-birinin üzərinə atmaq istəyirlər”
“Dünən Binəqədi rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində 15 nəfər insan həlak olub, onlarla insan yaralanıb. Bir daha həlak olanların ailələrinə, qohumlarına, yaxınlarına başsağlığı verirəm. Hazırda xəstəxanalarda 20-yə yaxın insan var, onların müalicəsi təmin edilir. Səhiyyə Nazirliyi hər şey edir ki, onlar tezliklə sağalıb evə qayıtsınlar”.
Bunu ölkə başçısı İlham Əliyev Bakıda baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının ilk iclasında çıxışı zamanı deyib (apa)..
Dövlət başçısı bəyan edib ki, yanğının səbəbləri ciddi şəkildə araşdırılmalıdır: “Binanın təmiri ilə məşğul olan şirkətin rəhbərləri saxlanılıb və məsələ ciddi araşdırılmalıdır. Bu, birinci hadisə deyil, bundan əvvəl Xətai rayonunda da oxşar hadisə baş vermişdi. Xoşbəxtlikdən orada heç kim həlak olmamışdı. Ancaq o məsələ də ciddi araşdırılmalıdır. Xətai rayonunda yaşayış binasında baş vermiş yanğınla bağlı araşdırmalar aparılır, o binanın təmiri ilə məşğul olan şirkət başqa bir şirkət idi. Bu, onu göstərir ki, hər iki hadisədə binanın təmiri ilə məşğul olan şirkətlər böyük məsuliyyətsizlik göstəriblər. Hüquq-mühafizə orqanları bu məsələni araşdıracaq, hələ ki bir şey demək istəmirəm. Amma ilkin versiya ondan ibarətdir ki, təmirdə istifadə olunan üzlük materialları keyfiyyətsiz materiallar olub və oda davamlı olmayıb. Baxmayaraq ki, Bakıda aparılan təmirlə bağlı dəfələrlə məsələ qaldırırdım ki, ilk növbədə təmir keyfiyyətli aparılmalıdır və təhlükəli maddələrdən istifadə olunmamalıdır. Məni müvafiq dövlət qurumlarının nümayəndələri dəfələrlə inandırırdılar ki, bütün istifadə olunan materiallar keyfiyyətlidir və oda davamlıdır. Ancaq hadisə onu göstərir ki, bu, yalan məlumat idi. Bu məsələ də araşdırılmalıdır. Bu binaların təmirində istifadə olunan materiallar harada istehsal olunub, yaxud, haradan idxal edilib, onlara kim sertifikat verib, hansı ekspertizadan keçib? Əgər ekspertizadan keçibsə, o rəyi kim verib? Əgər ekspertizadan keçməyibsə, deməli, bu binalar qanunsuz şəkildə təmir olunub. Bütün bu məsələlər ciddi şəkildə araşdırılmalıdır. Dünən müvafiq göstəriş verilib və hələ deyə bilmərəm ki, mənə verilən məlumatlar məni qane edir. Çünki görürəm ki, burada bəzi qurumlar bu məsuliyyəti bir-birinin üzərinə atmaq istəyirlər. Ona görə də hüquq-mühafizə orqanları, ilk növbədə prokurorluq məsələni ciddi araşdırmalıdır və konkret nəticə hasil edilməlidir ki, günahkarlar kimlərdir”.


