Acımız böyük, təsəllimiz çox kiçikdir

Bir daha binalar, onların içində körpələr yanmasın!
 
Rəsmən matəm elan olunmasa da, xalqımız matəm içindədir. Hazırda hər bir vicdanlı azərbaycanlı yanğın nəticəsində həyatını itirmiş soyadaşlarımızın faciəsinə acıyır, əzizlərini itirmiş və ya ağır xəsarət almış vətəndaşlarımızın acılarını paylaşır. Hökumətin rəsmən matəm elan etməməsini, televiziyaların məşəl sevinci yaşamasını da özünüzə dərd etməyin. Bunlar nə zaman xalqın faciəsini öz faciələri biliblər ki?
Bu günün isə əsas problemi bilirsiniz nədir? Mənim fikrimcə, indi bizim millət olaraq bir nömrəli təcili görməli olduğumuz iş heç olmazsa, bundan sonra bina yanğınlarına imkan verməmək olmalıdır. Acımız böyük, təsəllimiz çox kiçikdir. Xalqın sosial şəbəkədə ifadə olunmuş qəzəbindən qorxaraq, dünən axşam icra hakimiyyətləri tezalışan üzlükləri sökməyə başlayıblar. Amma indi məlum olur ki, yalnız 1-ci və uzağı 2-ci mərtəbələri sökməklə bu işi dayandırmaq istəyirlər. Çünki həqiqi məqsəd xalqın real təhlükəsizliyi deyil, onun qəzəbini sakitləşdirməkdir. Xasiyyətimizi bilirlər. Arxayındırlar ki, faciə nə boyda olur, olsun tezliklə unudacağıq. Çalışaq ki, bu dəfə fərqli olaq. Bir daha binalar, onların içində körpələr yanmasın! Tezalışan üzlüklərin hər yerdən sökülməsinə israr edək!