2015-ci ilin yanvar-aprelində Azərbaycanda ümumi daxili məhsul istehsalı 16 mlrd 639 mln manat olub, deyə Dövlətstatkomda Turan-a bildiriblər. Cari qiymətlərlə 2014-cü ilin eyni dövrü ilə müqayisədə ÜDM istehsalı 1 mlrd 567 mln manat və ya 8,4% azalıb. DSK-nın ÜDM hesablanması metodologiyası ilə hesablamasına görə, istehsal və xidmət sahələrində ÜDM istehsalı 2014-cü ilin I rübü ilə müqayisədə natura şəklində artım hesabına 5,5% artıb.
Qeyri-neft sektorunda ÜDM istehsalı 6,8%, neft sektorunda 4% artıb.
Əlavə dəyərin azalması nəticəsində neft sektorunun ÜDM strukturunda xüsusi çəkisi 45%-dən (2014-cü ilin yanvar-apreli) 33,6%-ə (5,6 mlrd manat) düşüb.
Maraqlıdır ki, hökumət ÜDM strukturunda neft və qeyri-neft sektorunun nisbətinin dəyişməsi amilini şaxələndirmə istiqamətində səylərinin nəticəsi kimi təqdim edir.
Növbəti dəfə bir nəfərə ÜDM istehsalı həcmi ictimaiyyətdən gizlədilir. DSK-ya görə, 4 ayda bir nəfərə ÜDM istehsalı həcmi 1942,6 manat və ya $2476,5 olub. Turan Agentliyinin hesablamasına görə, bu ilin 4ayında bu göstərici 1730 manat və ya $1650-a düşüb.


