Problemli kreditlərin həcmində fantastik artım

Ödənilməyən kreditlər bir ildə 42 faiz artıb

 
 
Nemət Əliyev: «Hazırkı şərtlər qalacaqsa, bankların faiz dərəcələri dəyişməyəcəksə, problemli kreditlərin həcmi və aylıq artım sürəti böyüyəcək»
 
2015-ci ilin yanvar-mart aylarında Azərbaycanın bank sektorunda ödənişi gecikdirilmiş kreditlərin həcmi 5,88 faizə çataraq 1 213,3 milyon manat təşkil edib. Bu barədə Azərbaycan Mərkəzi Bankının 2015-ci ilin birinci rübünün yekunu üzrə hesabatında deyilir. Ötən ilin analoji dövründə bu göstərici 853,7 milyon manat (ümumi portfelin 5,37 faizi), 2015-ci il fevralın yekunu üzrə isə 1 138,2 milyon manat (5,5 faiz) olub. Ödənişi gecikdirilmiş kreditlərin payı il ərzində 42,12 faiz, ay ərzində isə 6,6 faiz artıb.
Qeyd edək ki, hesabatda “Aqrarkredit” bank olmayan kredit təşkilatının analoji göstəriciləri nəzərə alınmayıb.
Ölkənin bank sektoru 2015-ci ilin yanvar-mart aylarında iqtisadiyyatın kreditləşməsini ötən ilin analoji dövrü ilə müqayisədə 32,5 faiz artırıb. Mart ayı ərzində bu göstərici 0,3 faiz azalıb.
Azərbaycan Mərkəzi Bankının 2015-ci il aprelin 1-nə olan hesabatına əsasən, banklar tərəfindən 12 209,2 milyon manat (59,17 faiz) milli valyutada və 8432,2 milyon manat (40,83 faiz) sərbəst dönərli valyutada (SDV) olmaqla, ümumilikdə 20 632,3 milyon manat kredit verilib. 2015-ci ilin yanvar ayında bu nisbət müvafiq olaraq 73 və 27 faiz, fevralda isə 60 və 40 faiz olub. Müqayisə üçün: 2014-cü ilin mart ayının yekunu üzrə bu göstərici 15 889,5 milyon manat (11 503,2 milyon manat milli valyutada və 4 386,3 milyon manat SDV-də) olub.
Gecikdirilmiş borclar artır
2015-ci il mart ayının yekunu üzrə (451 milyon manat ödənişi gecikdirilmiş borclar daxil olmaqla) qısamüddətli kreditlərin həcmi 4 585,8 milyon manat təşkil edib. 2014-cü il mart ayının nəticəsi isə belədir: 388,8 milyon manat ödənişi gecikdirilmiş borclar daxil olmaqla, 3 544,2 milyon manat. Il ərzində qısamüddətli kreditlərin həcmi 29,4 faiz artıb.
Uzunmüddətli kreditlərin həcmi 2014-cü ilin mart ayındakı 12 345,4 milyon manata (464,9 milyon manat ödənişi gecikdirilmiş borclar daxil olmaqla) qarşı 2015-ci ilin yanvar-mart aylarında 16 046,4 milyon manat (762,4 milyon manat ödənişi gecikdirilmiş borclar daxil) təşkil edib. Il ərzində uzunmüddətli kreditlərin həcmi 30 faiz artıb.
Kredit portfeli 7440,8 milyon manat təşkil edib
Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, ölkənin dövlət banklarının kredit portfeli 7440,8 milyon manat təşkil edib, özəl banklar tərəfindən isə 12 632 milyon manat kredit verilib. Qalan 2,7 faiz (559,5 milyon manat) bank olmayan kredit təşkilatlarının payına düşür.
Onu da qeyd edək ki, Azərbaycanda 45 bank fəaliyyət göstərir. 
Bəs bu kreditlərin artan templə getməsi bank sektoruna nə vəd edir? Devalvasiyadan sonra problemli kreditlərin sayının artması nəyin görsənişidir?
“Konstitusiya Məhkəməsi fərqli qərar verməli idi”
Iqtisadçı Nemət Əliyev bildirdi ki, problemli kreditlərin həm həcmi, həm də onların aylıq artım sürəti böyükdür. N.Əliyevin sözlərinə görə, əgər 2013-cü ilin hər ayında problemli kreditlər 3.7, 2014-cü ildə 15.3 milyon manat artırdısa, hazırda problemli kreditlərin artım sürəti 75 milyon manata yüksəlib. Baş verənləri özlüyündə ciddi xəbərdarlıq sayan N.Əliyev bildirdi ki, bu cür halı doğuran səbəblər əhalinin sosial durumunun ağır olmasıdır: “Problemli kreditlərin artmasına eyni zamanda bank faizlərinin çox yüksək olması təsir edir. Ağır sosial məşəqqətlər içərimsində yaşayan əhali götürdüyü kreditləri qaytara bilmir. Ən ağrılı tərəfi odur ki, götürülmüş kreditlərin 40 faizdən artığı istehlak xarakterli kreditlərdir. Yəni insanlar həmin kreditlərdən özünün məişət xarakterli problemlərini həll etmək məqsədilə götürüb. Hazırda problemli kreditlərin həcmi 1.2 milyard manatı ötüb”. 
Problemli kreditlərin bu sürətlə artmasının Azərbaycana ciddi fəsadlar vəd etdiyini deyən N.Əliyev vurğuladı ki, hazırkı şərtlər qalacaqsa, bankların faiz dərəcələri dəyişməyəcəksə, əhalinin sosial durumunun yaxşılaşması istiqamətində addımlar atılmayacaqsa, problemli kreditlərin həcmi və aylıq artım sürəti böyüyəcək: “Azərbaycan hökuməti əhalini düşünən deyil. Ona görə şərtlər dəyişməzsə, əhaliyə yönələn təyziqlər aratacaqdır. Amma bu vəziyyət bankların da vəziyyətini ağırlaşdıracaq. Artıq 5-ci aydır ki, Mərkəzi Bank komerssiya banklarının maliyyə durumu barədə məlumatı açıqlamır. Çox güman ki, bu, məqsədyönlü edilir. Görünür ki, kommersiya banklarının vəziyyəti xeyli dərəcədə ağırlaşıb”.
Bununla belə hökumətin problemli kreditlərin artım sürətini aşağı salmaq üçün hələ də imkanının olduğunu deyən N.Əliyev qeyd etdi ki, bunun üçün Konstitusiya Məhkəməsi bankların deyil, vətəndaşların xeyrinə qərar qəbul etməli idi: “Bankların maliyyə durumu nə qədər ağır olsa da, vətəndaşların durumu ondan da ağırdır. Fərqli qərar verməklə vətəndaşların durumunu bir qədər yaxşılaşdırmaq mümkün olardı. Bu mənada vətəndaşların üzərinə düşən yük yüngülləşərdi. Çünki problemli kreditlərin banklara qayıtması banklar üçün bir maliyyə mənbəyi olardı”.
Xəyal