Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada vuruşmaqda təqsirləndirilən azərbaycanlıların işi üzrə ayrı-ayrılıqda bir neçə məhkəmə prosesi gedir. Həmin məhkəmə proseslərindən biri yekunlaşmaq üzrədir.
Hakim Eynulla Vəliyevin sədrliyilə baxılan bu iş üzrə iki nəfər – Hüseyn Məmmədov və Nicat Abbasov məhkəmə qarşısına çıxarılıb. Onlarla bağlı artıq məhkəmə istintaqı yekunlaşıb, dünən isə prokuror çıxış edərək, hər birinin 15 il azadlıqdan məhrum edilməsini istəyib.
Təqsirləndirilən şəxslər dövlət ittihamçısının onlara belə ağır cəza istəməsinə özüməxsus replika ilə reaksiya verib: “Yaxşı qurtardıq…”
Iş materiallarına görə, Nicat Abbasov və Hüseyn Məmmədov “Ən-Nüsra Cəbhəsi” adlı birliyin tərkibinə daxil olaraq, Suriyada dini düşmənçilik zəminində döyüşlərdə iştirak ediblər. Hüseyn Məmmədovun istintaqdakı ifadəsində göstərilib ki, o, 2004-cü ildən Islam dininə ibadət edir. O, 2013-cü ilin yayında Türkiyənin Qaziantep şəhərində yaşayan Abu Yamin adlı şəxslə “Skype” vasitəsilə tanış olub. Həmin şəxsdən Türkiyədən Suriyaya cihad etmək üçün keçməyin mümkün olub-olmadığını soruşub. Abu Yamin də bunun mümkün olduğunu deyib: “Suriyaya gedib cihada qoşulmaq istədim. 2013-cü ilin avqust ayında Yevlax bazarında meyvə-tərəvəz satarkən həmyerlim Bilalı gördüm. Bilal yaxın günlərdə Türkiyəyə işləməyə gedəcəyini dedi. Ona birlikdə getməyi təklif etdim. Bilal Türkiyəyə nə məqsədlə getməyimi bilmirdi. Istanbula çatanda ayrıldıq. Bilalın hara getdiyini bilmədim.
Mən özüm Qaziantep şəhərinə gedib Abu Yaminlə görüşdüm, orada qaldım. Sonra onun vasitəsilə qaçaq yolla keçərək “Cəbhətul əl-Nüsra” təşkilatının tərkibinə daxil olan Erol adlı türk vətəndaşının rəhbərlik etdiyi “Cundullah Şam Dəvəti Ibrahim” adlı silahlı dəstəsinə qoşuldum. Həmin dəstənin tərkibində dini və hərbi təlimlərdə iştirak etdim.
Amma təlimlərlə kifayətlənib məni döyüşə buraxmadılar. 2014-cü ilin mart ayının əvvəllərində əslən Yevlaxdan olan Nicat Abbasovun da Suriyada “Cəbhətul əl-Nüsra” tərkibində olduğunu eşitmişdim. Bir müddət sonra, təxminən 2014-cü ilin aprel ayında IŞID, “Əl-Qaidə”, “Cəbhətul əl-Nüsra” arasında toqquşmalar baş verdi. Buna görə də orada vəziyyət qarışdı. “Əl-Qaidə”nin üzvləri məni və digərlərini tərksilah edib əsir götürdülər. Ya “Əl-Qaidə”yə biət etməyi, ya da Suriyanı tərk etməyi tələb etdilər. Beş-altı gün əsir saxlanılandan sonra Suriyadan Türkiyəyə qovdular. Qaziantepə qayıdanda Nicat Abbasovla rastlaşdım. Birlikdə Azərbaycana qayıtdıq. Azərbaycan-Gürcüstan sərhədində MTN əməkdaşları tərəfindən yaxalandıq".
Nicat Abbasov da istintaqa ifadəsində özünü təqsirli bilib: “2014-cü ilin yanvar ayında Balakən rayonundan keçib Türkiyəyə getdim, Abu Ishaqla görüşdüm, cihad etmək üçün Suriyaya getməkdə yardımçı olmasını xahiş etdim. On gün orada qaldım. Onun vasitəsilə Suriyaya getdim. Sərhəd açıq olduğundan heç kim sənəd istəmədi. Sarma şəhərində məskunlaşdım və ”Cəbhatul əl-Nüsra" qruplaşmasının tərkibinə daxil oldum. Hərbi təlimlərdə iştirak etsəm də, məni döyüşə buraxmadılar. Bunu ərəb dilini zəif bilməyimlə əlaqələndirdilər. “Əl-Qaidə” tərəfindən əsir götürüldüm, on gün əsir saxlanılandan sonra bizi Türkiyəyə qovdular".
Məhkəmə prosesi mayın 22-də müdafiə tərəfinin çıxışı və təqsirləndirilən şəxslərin son sözü ilə davam edəcək.
Aytən