Ölkə başçısı Ilham Əliyev Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxış edib və təhsilin inkişafından danışıb: “Biz təhsilə xüsusi diqqət yetiririk, Azərbaycan savadlılıq səviyyəsi çox yüksək olan ölkədir. Biz təhsilə, texnologiyaya əsaslanmağa çalışırıq. Təhsil radikalizmə, terrorizmə qarşı ən yaxşı vasitədir.
Ona görə də Forumda bu müzakirələr diqqət mərkəzində olacaq. Fikrimcə, Azərbaycanın təcrübəsi maraqlı ola bilər. Biz indi təhsil sistemimizi beynəlxalq standartlara uyğunlaşdırırıq. Sevinirik ki, gənc nəsil savadlı olmağa, həyatda öz yerini tutmağa, Azərbaycanın potensialına çevrilməyə çalışır”- deyə ölkə başçısı bildirib.
Görəsən, ölkə başçısı hansı savadlılıq dərəcəsindən danışır? Rəsmi statistika, TQDK-nın açıqlamaları göstərir ki, ölkədə təhsilin səviyyəsi getdikcə aşağı düşür. Ötən il 9-11-ci sinif şagirdləri arasında keçirilmiş imtahanların nəticəsində məlum oldu ki, imtahan verən şagirdlərdən 50472 nəfər “2", 89748 nəfər ”3" alıb. Bu ilin göstəriciləri daha acınacaqlı oldu. Məlum oldu ki, abituriyentlərin içərisində hərf tanımayanlar var. Abituriyentlərin 30 faizi 0-100 arası bal toplamışdı.
Üstəlik, ölkədə təhsilsizliyin hökm sürdüyünü PA rəhbəri Ramiz Mehdiyev də etiraf etmişdi: “…Etiraf etmək lazımdır ki, həm Prezident Administrasiyası, həm nazirliklər, həm də yerli hakimiyyət strukturları bu gün ciddi kadr böhranı problemi ilə üzləşiblər. Biz hamımız müasir idarəetmənin incəliklərinə bələd olan hazırlıqlı kadrlara ehtiyac duyuruq və etiraf etməliyik ki, yüksək tələblərə uyğun kadr tapmaqda çətinlik çəkirik. Sovet dövründə bu tədqiqat mərkəzində daha samballı işlər aparılırdı”- deyə Ramiz Mehdiyev bildirib. Ramiz Mehdiyev bununla etiraf edib ki, bugün Azərbaycan təhsilinin səviyyəsi sovet dövründən də geridə qalır"- deyə Ramiz Mehdiyev bildirmişdi.
Bunun əsas səbəblərindən biri ölkədə müəllimə qiymət verilməməsidir. Belə ki, 150 manatın ümidinə qalmış müəllim “repetitor”luq etməyə məcbur olur. Ona görə də əsas enerjisini məktəbdə deyil, evdə xərcləyir. Repetitor yanına gedə bilməyən şagird isə, həvəssiz müəllimin ümidinə qalır.ÿ
Ölkə başçısı qeyd edir ki, biz təhsili beynəlxalq standartlara uyğunlaşdırırıq. Bəs, niyə bu uyğunlaşdırma müəllimin əmək haqqında hiss olunmur? Niyə tələbənin təqaüdündə görünmür?
Bu gün Azərbaycan təhsili korrupsiya bataqlığını xatırladır, şagirdlər məktəbə pul daşıyır və Ilham Əliyevin haqqında danışdığı investisiyadan xəbər yoxdur. Əgər söhbət məktəb binalarının tikintisindən gedirsə, bunun təhsilə aidiyyəti yoxdur və binalar çoxaldıqca təhsilin keyfiyyəti azalır.
Digər tərəfdən, Azərbaycandakı ali məktəblərin əksər hissəsi ödənişli əsaslarla fəaliyyət göstərir, təhsil haqları yüksəkdir və bu amil təhsil alanlar üçün əngələ çevrilib.
Ilham Əliyev deyir ki, təhsil radikalizmə, terrorizmə qarşı ən yaxşı vasitədir. O zaman ölkəni niyə terrorizmə sürükləyirsiz? Hakimiyyətin yürütdüyü siyasət müəllimi seçki saxtakarlığına, tələbəni ali təhsilli fəhləyə çevirib. Gənc elmi işçilər 150-200 manat maaş alır. Ona görə də elmlə məşğul olanların sayı azalıb. Təkcə Türkiyədə 240-dan çox Azərbaycanlı professor çalışır. Onları bu ölkədən didərgin salan, hakimiyyətin təhsilə göstərdiyi “qayğı”dır. Artıq şagird, tələbə anlayır ki, oxumasa belə attestat, diplom ala bilər. Faktiki olaraq Azərbaycanın təhsil sistemi pula çevrilib. Bu ölkədə pulla elmi ad almaq, kitab müəllifi olmaq da mümkündür.
Ümumi mənzərə onu göstərir ki, uzun illər ərzində təhsilin inkişafı prioritet olmayıb. Hakimiyyət məktəb binaları tikməklə büdcədən pul silməyə üstünlük verib.
Deməli, Ilham Əliyev etiraf edir ki, hakimiyyət ölkəni radikalizmə, terrorizmə sürükləyir. Çünki, reallıq, ölkə başçısının dediyi kimi, inkişafı deyil, tənəzzülü göstərir.


