«AMAY Abdulla» hakimlərdən məhkəməsinin mümkün qədər tez yekunlaşdırılmasını xahiş edib
«Görürəm, ölənə qədər bizdən əl çəkməyəcəklər. Bu adamlar yazıqdılar, işsiz-gücsüz qalıblar hamısı…»
“AMAY” Ticarət Mərkəzinin rəhbəri Abdulla Abdullayevin məhkəməsi davam edir. Bakı Ağır Cinayətlər Məhkəməsində artıq dörd aydır ki, davam edən bu prosesdə şahidlərin dindirilməsi mərhələsidir. Hazırda məhkəmə prosesində müxtəlif şirkətlər vasitəsilə “Texnikabank”dan kredit götürülüb, həmin vəsaitlərin “AMAY”ın təmirinə sərf olunması epizodu araşdırılır.
“AMAY”da sürücü işləyən Akif Əliyev dünən məhkəmədə şahid qismində ifadə verərkən deyib ki, onun adına “Batabat” firması təsis olunub və ofislər girov qoyulmaqla bankdan kredit götürülüb. Həmin vəsait “AMAY”ın tikintisinə sərf olunub. Götürülmüş kredit borcu da ödənilib.
Akif Əliyev dindirilərkən Abdulla Abdullayev yerindən replika verib: “Möhtərəm hakim, siz də bilirsiniz ki, biz günahsızıq. Sadəcə ədalətli qərar verməyə çəkinirsiz. Burada nə var axı? Firma yaratmışıq, kredit götürmüşük ki, tikintini başa çatdıraq. Kreditləri də ödəmişik. Bir çoxları kimi oğurluq etməmişik, şərəfsizlik etməmişik”.
Digər şahid Emin Mehdiyevin də adına firma təsis edilərək, 600 min kredit götürülüb və vəsait “AMAY”ın təmir-tikintisinə sərf olunub: “Kredit mənim adıma olsa da, nə özüm götürmüşəm, nə də ödəniş eləmişəm. Amma kredit tam ödənilib və borc bağlanıb”.
Digər şahidlər Ehtiram Həsrətov, Əhməd Qələndərli də ifadələrində “AMAY”da işlədiklərini, adlarına firma təsis edilərək müxtəlif məbləğlərdə kredit götürülüb və ticarət mərkəzinin təmir-tikintisinə sərf edilib. Amma həmin kredit borcları ödənilib.
“AMAY”da satıcı işləyən Rəhman Ağalarov da mağazalarını girov qoyub pul götürdüyünü və həmin vəsaitin “AMAY”ın tikintisinə sərf olunduğunu deyib. Bu şahid dindirilərkən iş üzrə dövlət ittihamını müdafiə edən prokuror Fərid Nağıyevin ona belə bir sualı olub: “Sizin nə marağınız var idi ki, adınıza firma təsis edilməsinə və külli miqdarda kredit götürülməsinə razılaşırdınız? Axı siz adi satıcı idiniz, ”AMAY"ın tikintisinin başa çatmasında nə marağınız var idi?"
Prokurorun sualını Abdulla Abdullayev cavablandırıb: “Maraq çörək qazanmaq olub. Rəhman mənim əsgərlik yoldaşımdır, özü də Yevlaxdandı, Naxçıvandan deyil. Bu işçilərin hamısı orada işləyib çörək qazanıblar, ona görə də hamısı işin getməsində, tikintinin başa çatmasında maraqlı olublar. Indi baxıram, bu adamların hamısını prokurorluq qocaldıb. Ömürləri istintaqda keçib hamısının”.
Daha sonra dindirilən Nazim Fərəcov, Abdulla Abdullayevin köməkçisi olmuş Əşrəf Seyidov da əvvəlki şahidlərin söylədiklərinə bənzər ifadələr veriblər. Əşrəf Seyidov prokurorun suallarını cavablandırarkən Abdulla Abdullayev ona belə bir tövsiyə verib: “Sən ki mənim köməkçim olmusan, hər şeyin şahidisən, de də təklif kimdən gəlib, o firmalar niyə yaradılıb…”
Əşrəf Seyidov bildirib ki, “Texnikabank”ın o vaxtkı rəhbəri Etibar Əliyev “AMAY”a gələrək, müxtəlif firmalar təsis edib onların adına kredit götürməyi təklif edib: “Abdulla müəllim ona dedi ki, ”AMAY" böyük şirkətdir, krediti elə “AMAY”ın adına verin. Etibar Əliyev isə bildirdi ki, ayrılan məbləğ çox böyükdür, onu şirkətin adına vermək olmaz. Ona görə də təklif etdi ki, 40 dənə ayrı firma yaradılsın, onların hər birinin adına kredit verilsin. Onun təklifi ilə firmalar yaradıldı, kredit götürüldü və “AMAY”ın təmir-tikintisinə sərf olundu. Götürülmüş kredit borcu da sonradan ödənildi".
Bu ifadədən sonra Abdulla Abdullayev hakimlərə müraciət edərək, məhkəmənin mümkün qədər tez yekunlaşdırılmasını istəyib: “Görürəm, ölənə qədər bizdən əl çəkməyəcəklər. Bu adamlar yazıqdılar, işsiz-gücsüz qalıblar hamısı. Məhkəməni mümkün qədər tez yekunlaşdırın”.
Məhkəmə prosesi bu gün davam edəcək.
***
Xatırladaq ki, Abdulla Abdullayev ötən il aprelin 4-də həbs olunub. Onunla yanaşı, bir sıra işçiləri, o cümlədən Elşən Novruzov, Heydər Rzayev, Mehman Məmmədxanlı, Vidadi Qurbanov və Nadejda Ilyasova da məhkəmə qarşısına çıxarılıb. Lakin Abdulla Abdullayevdən fərqli olaraq, onların barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. “AMAY Abdulla” və işçilərinə qarşı dələduzluq, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi ittihamlar irəli sürülüb. Lakin onların heç biri irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyib. Qeyd ediblər ki, heç bir cinayət törətməyiblər.
Aytən