Yəqin ki, Devid Finçerin “Döyüş klubu” filminə ((Çak Palanikin eyni adlı romanı əsasında) çoxlarınız baxmısınız. Açığı, mən ilk dəfə onu izləyəndə bəyənmişdim, hətta sonra bir-iki dəfə də baxdım. Amma təxminən iki-üç il əvvəl yenidən izləyəndə mənə xeyli yorucu və darıxdırıcı gəldi, hətta özümə də təəccüblü gəlir ki, bu filmin nəyini bu qədər çox bəyənibmişəm?
Sonralar deyəsən, Finçerin müsahibələrindən birində oxudum ki, filmi sifariş edən şirkətlə bağlı bunun tam əksi olub: “Döyüş klubu” əvvəlcə bəyənilməyib, hətta onun marketinq kampaniyası üçün ayrılan büdcə daha çox ziyana düşməmək üçün azaldılıb. Amma filmin nümayişindən bir xeyli keçdikdən sonra vəziyyət tamamilə dəyişib, həm gözlənildiyindən qat-qat artıq gəlir gətirib, həm də dünya kinosunun son illərdəki şedevrləri sırasına daxil olub.
Yanlış xatırlamıramsa, “Ölməmişdən əvvəl mütləq baxılmalı olan 50 film” adlı siyahıda da “Döyüş klubu”nun adı var, bilmirəm, bu siyahı nə qədər mötəbər sayıla bilər, hər halda Finçerin bu filmi üçün hər şey olduqca pis başlayıb yaxşı qurtardı. Indinin özündə də maraqla baxılır, baxmayaraq ki, yuxarıda da yazdığım kimi, mənim bu filmi ilk dəfə izləyərkən onu niyə bəyəndiyim özümə təəccüblü gəlir.
Hə, bax bu “Döyüş klubu” filmindən mənim yaddaşımda cəmi bir cümlə qalıb: “Azadlıq ” bütün ümidlərimizi itirməkdir".
Açığı, bilmirəm, bu Çak Palanikin romanından gələn fikirdir, ya yox, bəlkə bilmək çox vacib də deyil. Əsas odur ki, həmin sözlər mənim yadıma həmişə başqa bir aforizmi – Bernard Şounun ilk baxışda söz oyununa bənzəyən, amma bir az dərin düşündükdə, bir az da ölkə olaraq, xalq olaraq düşdüyümüz vəziyyətə baxanda çox dəqiqliklə deyildiyinə şübhə yeri qoymayan sözləri salır: “Ümidləri heç vaxt boşa çıxmayanlar – heç vaxt ümid etməyənlərdir”.
Artıq 20 ildən çoxdur bəlli ümidlərlə yaşayırıq. Inanırıq, ya da inanmaq istəyirik ki, ölkənin başı üstündəki bu “qara buludlar” – bu pis, çağdışı idarəetmə, yalan və talan üzərində qurulmuş bu Sistem, bu ədalətsiz, insafsız rejim dağılacaq, biz də dünyanın gəlişmiş, tərəqqipərvər ölkələrinin sırasına qoşulacağıq, biz də demokratiyanı dadacağıq, biz də hüququn üstünlüyünün, qanunların aliliyinin, azadlıqlarının toxunulmazlığının bərqərar olduğu, kimsənin haqqının yeyilmədiyi, kimsənin ahının alınmadığı, yalanın idarəetmə normasına, yaltaqlığın həyat tərzinə çevrilmədiyi ölkənin vətəndaşları olacağıq.
Ən ağır şərtlər altında, ən çətin anlarda da bu ümid bizi tərk etmir. Amma illər də ildırım sürəti ilə keçib gedir. Bizə qalan isə yenə həmin ümid olur. Ümid qaldıqca azadlıq da sanki əlçatmaza çevrilir. Belə çıxır, “Döyüş klubu”nun yazarı haqlıdır? Ya da elə Bernard Şou özü.
Hər həlledici andan sonra yaşadığımız xəyalqırıqlıqları sanki onları haqlı çıxarır. Nə qədər çox ümid edirik, bir o qədər də çox ümidsizliyə düçar oluruq. Hər şeyin yaxşı olacağına 10 il əvvəl inananlar daha çox idi, ya indi?! Qaranlıq tunelin sonundakı işığı 10 il öncə görmək daha asan idi, ya indi?!
Doğrudanmı, belə çıxır ki, azad olmaq üçün bütün ümidləri itirmək lazımdır?
Və ya həqiqətənmi, bir daha xəyalqırıqlıqları yaşamamaq, zaman-zaman ümidsizləşməmək üçün yerli-dibli ümid etməmək lazımdır?
Bəlkə ən yaxşısı elə budur: heç bir yaxşı gözləntidə olmamaq, hər şeyi zamanın axışına buraxmaq, sadəcə, vicdanla və ləyaqətlə yaşamağa, yalansız və haramsız yaşamağa davam etmək.
Şair demişkən: “Sonrası… sonrası nə ola-ola…” (Əlisəmid Kür).