“Hökumət öz vətəndaşları ilə savaşı elə intensiv aparır ki..”

"Hökumət öz vətəndaşları ilə savaşı elə intensiv aparır ki, törətdikləri qanunsuzluqları, haqsızlıqları, anti–insani əməlləri vaxtında pisləməyə belə vaxt çatdıra bilmirik". Bu sözləri AXCP sədri Əli Kərimli facebook səhifəsində ölkədə son bir neçə gündə baş verən neqativ ictimai-siyasi hadisəyə münasibət bildirərək yazıb.

Yazının davamında deyilir:

"AXCP Gənclər komitəsinin fəalı Elvin Abdullayevə fiziki işgəncə verilməsini müzakirə edirdik ki, məlum oldu ki, Konstitusiya Məhkəməsi 1 milyondan artıq vətəndaşı 2.2 milyard manat (əvvəl istifadə etdiyimiz 1.7 milyard manat rəqəmi tam deyilmiş) ziyana salan qərar verdi. Buna etiraz etməyə imkan tapmamış, icra hakimiyyəti mitinqlərimizə əngəl yaratdı. Biz icra hakimiyyətinin mitinqlərə mane olmağını müzakirə edərkən məlum oldu ki, bunlar Xələcdəki 5 nömrəli cəzaçəkmə müəssisəsinə xüsusi təyinatlılar göndərib məhkumlara qarşı kütləvi şəkildə işgəncə veriblər.

İctimaiyyət müxalifətlə dialoq imitasiyasını müzakirə edirdi ki, real müxalifətçilərdən İlqar Məmmədovun cərimə kamerasına (karserə) salınması xəbəri yayıldı.

Sahibkarlara, onların yaxınlarına qarşı repressiyalar da öz yerində. Hər gün yeni-yeni milyonçunun səsi–sorağı “Bandotdel”dən gəlir. Son günlər həyata keçirilən repressiyaların zirvəsi isə heç şübhəsiz ki, Tərtərdən olan Qarabağ qazisi, əl ağacının köməyi olmadan yeriyə bilməyən Mehman Hüseynovun həbsi oldu.

Mehman bəy vəziyyətindən şikayətlənirdi, dövlətin ona haqq etdiyi diqqəti göstərməsini tələb edirdi. Tək özünə yox, Qarabağ qazilərinin hamısına hörmət qoyulmasını, onların problemlərinin həll edilməsini istəyirdi. İxtiyar sahibləri Mehman bəyin probləmlərini bu yolla “həll etdilər”. Qarabağda sağlamlığını itirib, əbədiyyən əlillik qazanmış, sonra da həyatını səfalət içində yaşamağa məhkum edilmiş Mehman bəyin daha səsi gəlməsin deyə indi onu həbs ediblər. Belə bir həbsə necə göstəriş vermək olar? Belə bir cinayətkar göstərişi necə yerinə yetirmək olar? Bu zalımlıqları edən adamları hətta mal, pul, vəzifə müqabilində olsa belə, necə müdafiə etmək olar? Və bütün bunlardan xəbərdar olub, sonra da necə demək olar ki, mənə nə, mən siyasətə qarışmıram".