
Məhəmməd Talıblı: «Bu, hökumətin devalvasiya ilə bağlı gözləntilərinin nə qədər absurd olduğunu isbatlayır»
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda sənaye istehsalının həcmi 8,5 mlrd. manat təşkil edib ki, bu da cari qiymətlərlə 2014-cü ilin müvafiq dövründə olduğundan 22,7% (2,5 mlrd. manat) azdır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə sənaye istehsalının həcmi stabil qiymətlər üzrə 3,7% artıb. Statistik artım buraxılan məhsulun artmasının hesabına əldə olunub.
Qeyri-neft sektorunda sənaye istehsalının həcmi müqayisəli rəqəmlərlə 10,5%, qeyri-qaz sektorunda 2,9% artıb.
Hasilat sənayesinin payına 62,3% (2014-cü ilin həmin dövründə 72,5%), emal sənayesinin payına 28,5% (20,8%) düşüb.
Eyni zamanda ölkənin ixracı da ciddi ziyan görüb. Mərkəzi Bankının manatı ucuzlaşdırmaqla ixracı artırmaq siyasəti özünü hələlik doğrultmur. Ixrac azalmaqda davam edir.
Dövlət Gömrük Komitəsi xəbər verir ki, 2015-ci ilin yanvar-mart aylarında Azərbaycanın ticarət əməliyyatlarının həcmi 7 milyard 673 milyon 388.35 min ABŞ dolları təşkil edib ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 22.42 % azdır.
İlk 4 ayda Azərbaycanın ixracı 4 milyard 270 milyon 288.76 min ABŞ dolları olub. Bu, keçən ilin müvafiq dövrünə nisbətən 40.33% azalma deməkdir.
İdxal isə əksinə, keçən ilin müvafiq dövrünə nisbətən 24.46% artıb. İdxalın həcmi 3 milyard 403 milyon 99.59 min ABŞ dolları təşkil edib.
Bəs bu geriləmənin səbəbi nədir və hansı nəticələr doğura bilər?
İqtisadçı Məhəmməd Talıblı bildirdi ki, xarici ticarət dövriyyəsinin bir il ərzində bu qədər azalması həddən artıq böyük itkidir. Çünki, makroiqtisadi göstəricilərdə birrəqəmli eniş və ya artış nisbi dəyişmə həddidir. Bu hədd iqtisadiyyatlar üçün normal dəyişmələrdir. Amma 2 rəqəmli və xüsusi iqtisadiyyatda hər 3 manatdan birinin itirilməsi böyük risklərin mövcudluğuna işarədir.
“Bu, hökumətin devalvasiya ilə bağlı gözləntilərinin nə qədər absurd olduğunu da isbatlayır. Çünki hökumət manatla bağlı devalvasiya qərarı verəndə əsaslandırması bu olmuşdu ki, məqsəd ixracatı stimullaşdırmaqdır. Yəni, ixracatın genişləndirilməsi tədbirlərini təşviq etməkdir. Amma nəticədə ixracatın həcmi nəinki artmadı, əksinə bütün bu addımlar 40 faizdən artıq itki ilə nəticələndi.
Bilirsiz ki, 2014-cü ilin yanvar-aprel aylarında xam neftin ixracatının səviyyəsi təxminən 6,1 miyrad dollar səviyyəsində olmuşdusa, 2015-ci ilin müvafiq dövründə isə bu rəqəm 3,2 milyard manat təşkil etmişdir. Yəni, xam neft ixracatında azalmalar isə onun nəticələndi ki, ixracatda bütövlükdə azalmalar kimi qeydə alındı".
M.Talıblı bildirdi ki, ixracatımızın 95,5 faizini neft və neft məhsulları təşkil etdiyi üçün, neft məhsullarında azalmalar avtomatik ixracatda azalmalarla müşahidə olunur. Bu isə dolayısı ilə xarici ticarət dövriyyəsində azalmalara gətirib çıxarıb: “Nəzərə alanda ki, səneymizin əsasını neft sənayesi təşkil edir, bu isə o deməkdir ki, sənayedə də beləliklə düşmələr baş verib və proses davam edəcək. Xarici ticarət döviyyəsində azalmalar təkcə ixracatda azalmalarla yekunlaşmayıb, idxalatda da azalmalar baş verib. Xüsusilə avtomobilllərin idxalında çox ciddi azalmalar baş verdi. Gömrük daxilolmalarında isə xüsusilə avtomobillərin idxal rüsumundan böyük gəlirlər götürülürdü. Həmin imkanlarda xeyli azalmalar baş verdi”.
M.Talıblının sözlərinə görə, hətta proqnozlaşdırmaq olar ki, ilin sonuna ölkənin az qala xarici ticarət dövriyyəmiz büdcə gəlirlərimizə bərabərləşə bilər: “Biz həmişə ona görə deyirdik ki, ixracatda neft və neft məhsullarının payını mütləq azaltmaq və iqtisadi azadlıqlar hesabına sahibkarların ixracat imkanlarını artırmaq lazımdır ki. ölkənin valyuta daxilolmalarında dominant rol neft sektorunda olmasın.
Yumurtaların hamısını bir səbətə yığan subyektlər həmişə yumurtaların hamısının nə zamansa çox yumurtasının qırılması ilə üz-üzə qalacaq. Iqtisadiyyatın diversifikasiyası siyasəti postneft dövründə yox, böyük neft pulları daxil olan ərəfədə başlanılsaydı, indi qeyri-neft ixracatının səviyyəsini heç olmasa neft sektorunun ixracatı ilə bərabərləşdirmək mümkün ola bilərdi".
Xəyal