Əli Abbasovdan etiraf

Nazir ona daha çox təhsil haqlarının ödənilməsi məsələləri ilə müraciət olunduğunu deyir

 
«Övladları ödənişli əsaslarla ali təhsil müəssisəsinə daxil olan valideynlər bu ödənişləri qarşılamaq qabiliyyətində olmadıqlarını bildirirlər»
Əli Abbasov təhsil haqqını ödəyə bilmədiyi üçün ali təhsilini yarımçıq qoyan tələbələrlə bağlı Təhsil Nazirliyinə müraciət edəcək. Axar.az xəbər verir ki, bu sözləri Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov Sumqayıt şəhərində vətəndaşların qəbulu zamanı jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Nazir indiyə qədər keçirdiyi görüş və qəbullarda ona daha çox təhsil haqlarının ödənilməsi məsələləri ilə bağlı müraciətlər olduğunu bildirib: “Əsasən övladları ödənişli əsaslarla ali təhsil müəssisəsinə daxil olan valideynlər bu ödənişləri qarşılamaq qabiliyyətində olmadıqlarını, buna güclərinin çatmadığını bildirirlər. Universitetdə çox yaxşı oxuyan, amma ödəmə qabiliyyəti olmadığı üçün tələbənin təhsil müəssisəsindən xaric edilməsi də düzgün olmazdı. Ona görə də biz keçirilən görüşlər və son qəbullardan sonra Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına təklif irəli sürmək qərarına gəlmişik. Ödənişli ixtisasları seçəcək abituriyentlərin təhsil haqlarını qaytarma qabiliyyəti qəbul olunacaqları ali təhsil müəssisələri tərəfindən əvvəlcədən araşdırılmalıdır. Bu gün kreditlərin verilməsi və bank əməliyyatlarının rəsmiləşdirilməsində çox yaxşı təcrübə tətbiq olunmaqdadır. Belə ki, ”Elektron hökumət" portalında hər bir vətəndaşın fərdi məlumatları, o cümlədən gəlirləri haqda ətraflı məlumat bazası toplanılıb. Kredit müraciətləri zamanı vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsindən istifadə olunur. Vahid portalda toplanan bu məlumatlar kreditin qaytarma qabiliyyətinin əvvəlcədən araşdırılmasına da imkan verir".   Nazir bildirib ki, təhsil haqqını ödəyə bilməyən tələbə üçün dövlətin təsis etdiyi müvafiq fondlardan vəsait cəlb edilməklə ödənilməlidir: “Əgər universitet tələbəni qəbul edirsə, onun təhsil haqqını ödəyib-ödəyə bilməyəcəyini də bilməlidir. Tələbə təhsil ödənişlərini qarşılaya bilmirsə, bu maliyyələşdirmə müəyyən qrantlar, dövlətin təsis etdiyi müvafiq fondlardan vəsait cəlb edilməklə ödənilməlidir. Belə olarsa, o zaman problem də yaranmayacaq. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi olaraq, biz bu gün mühəndis-texniki ixtisasları seçən tələbələrə müəyyən qədər kömək edirik. Amma analizlərimiz göstərir ki, ödənişləri qarşılaya bilməyən şəxslərə bu yolla kütləvi şəkildə yardım etmək mümkün deyil. Ən doğrusu, tələbənin ali məktəbə daxil olub təhsil alacağı dörd il müddətində ödəyəcəyi vəsaitlərin mənbəyi əvvəlcədən araşdırılmalıdır”.
Əli Abbasovun bu açıqlaması bir daha göstərir ki, Azərbaycanda “analoqu olmayan inkişaf”, vətəndaşların sosial rifahının yüksək səviyyədə hökumətin iddialırının heç bir əsası yoxdur. Hər halda təhsil haqqını ödəyə bilməmək sosial rifahın yüksək səviyyədə olmasının göstəricisi sayıla bilməz. Əksinə bu onu göstərir ki, vətəndaşlar acınacaqlı vəziyyətdə yaşayır.