Azərbaycanda qanunların necə qəbul edildiyi, məhkəmələrin hansı meyarlarla hökm çıxardığı, ölkə sərvətlərinin hansı şəkildə talan olunduğu hər kəsə məlumdur. Bu ölkədə sadə vətəndaşın xeyrinə hər hansı qərarın qəbul olunması mümkünsüzdür.
Məhz buna görə də Konstitusiya Məhkəməsinin məlum qərarı təəccüblü olmadı. Çünki, bu ölkədə Konstitusiyanın özü kağız parçasından başqa bir şey deyil. Konstitusiyada nəzərdə tutulmuş müddəlalar hakimiyyətin qəlibinə salınıb. Beləliklə, bir gecənin içində vətəndaşlara dəymiş 1.7 milyard zərər ödənilməmiş qaldı. Bu məsələ birbaşa prezidentin məsuliyyətindədir. Ən azı ona görə ki, ölkə başçısı dəfələrlə vəd vermişdi ki, milli valyuta sabit qalacaq. Hətta çağırış etmişdi ki, hamı əmanətlərini milli valyutaya çevirsin. Faktiki olaraq xalq aldadıldı və Konstitusiya Məhkəməsinin qərarı da göstərdi ki, hakimiyyət üçün xalqın yükünün artması önəmli deyil. Əsas odur ki, məmurların və hakim ailənin nəzarətində olan banklar vəsait itirməsin. Bəli, hər kəsə məlumdur ki, bu ölkədə bütün banklar məmurlara məxsusdur və məqsədli şəkildə ölkə vətəndaşına ən yüksək faizlərlə kredit verilir. Amma vətəndaşın bu qədər yüklənməsindən sonra da güzəştə ehtiyac duyulmur və hakimiyyətin yalanının bədəlini də kasıb vətəndaş ödəyir. Təbii ki, hakimiyyət istəsəydi mənasız layihələrə xərclədiyi milyardları əhalinin zərərini ödəməyə yönləndirərdi. Təkcə, Gül bayramına xərclənən vəsaitlə dəymiş zərərin 20-30 faizini sığortalamaq olardı. Ancaq yuxarıda qeyd etdiyimiz kimi hakimiyyət üçün “xalq” adlı qüvvə yoxdur və ona görə də hesabat vermək öhdəliyi də hiss etmirlər.
Konstitusiya məhkəməsinin qərarı bir neçə məqama aydınlıq gətirdi. Əvvəla, hakimiyyət əsaslandırmağa çalışdı ki, başqa bir qərar bank sisteminin çökməsinə səbəb olardı. Yəni, Konstitusiya məhkəməsinin qərarı xalqın xeyrinə çıxarılsaydı, banklar “ağ bayraq” qaldıracaqdı. Bu əsaslandırmanın özündə bir etiraf yatır. Deməli, analoqsuz ölkənin bank sistemi 1.7 milyardlıq güzəştə qadir deyil. Bu isə o deməkdir ki, iqtisadi siyasət iflasa uğrayıb. Çünki, bank sistemi iqtisadi göstəricinin bir hissəsidir və əsas dayaqlardandır. Hakimiyyət isə bu sahənin iflic vəziyyətdə olduğunu və kiçik bir “külək” əsəcəyi təqdirdə can verəcəyini etiraf edir. Biz devalvasiyadan sonra yazmışdıq ki, vəziyyət kəskinləşməyə doğru gedəcək və itirən də xalq olacaq. Proqnozlar özünü doğrultdu. Üstəlik ikinci devalvasiya qaçılmazdır. Yəni, yürüdülən siyasət səbəbindən vətəndaşın əmlakının sığortası sıfra endirilir.
Konstitusiya məhkəməsinin qərarı həm də dövlətin etibarını sarsıltdı. Vətəndaş başa düşdü ki, banklara etibar etmək olmaz. Üstəlik, ədalətli orqan kimi təqdim edilən məhkəmə də hakimiyyətin maraqlarını müdəfiə etdi. Yəni, heç bir struktur vətəndaşın etimadını doğrultmadı. Bundan sonra əlində müəyyən məbləğ olan vətəndaş əmanətini sığortlamaq üçün başqa vasitələr axtaracaq. Gecə-gündüz televizorda bankların reklam olunması, sərfəli şərtlərin təklif edilməsi də real vəziyyəti dəyişməyəcək. Yəni, banklara qarşı etimadsızlıq yaranıb və bunu aradan qaldırmaq üçün uzun müddət tələb olunacaq.
Bir sözlə, Konstitusiya məhkəməsinin qərarı vətəndaşla yanaşı dövlətin etimadına da zərbə vurdu. Artıq vətəndaş üçün bank məhfumu, dələduz adamların fəaliyyətini xatırladır. Müəyyənləşdi ki, belə bir hakimiyyətin dövründə heç bir sığortadan, təhlükəsizlikdən danışmaq olmaz. Bu məqamda isə hakimiyyətin də sığortası tükənir. Çünki, nə Qərbi, nə müxalifəti ittiham etmək, bu məqamda keçərli deyil.
Akif