Qapılardakı inhisar kilidi

Azərbaycanda biznes qurmağın və sahibkarlıqla məşğul olmağın nə anlama gəldiyini az-çox bilirəm. Bəlkə, məndən daha yaxşı bilənlər də var. Amma bu işin necə baha başa gəldiyi haqqında bir hadisəni xatırlatmaq istəyirəm. Sovetlərin dağıldığı ilk illərdə Bakıda uğurlu biznes quran 3-4 nəfər arasında mənim doğmalarımdan biri də olub. Onun qurduğu şirkət, bəlkə də, şəhərin ilk dəmir qapı istehsal edən müəssisələrindən sayılırdı. AXC hakimiyyəti dövründə bank kreditləri ilə fəaliyyətini genişləndirən müəssisədə yüzdən çox işçi çalışırdı. Şirkətin sədri olan həmin şəxs iki dostu ilə qurmuşdu bu işi. 4 iyun 1993-cü il qiyamından sonra hər şeyin çarxı döndü. Getdikcə onları da sıxışdırmağa başladılar. Qısa zamanda iş gəlib bazardan çıxmaq təhdidinə dayandı. Dirəniş cəhdləri də çox acınacaqlı oldu sonunda. Müəssisə iflas edildi və qapanmaq məcburiyyətində qaldı. Hər üç dost əllərində olan-qalanı satıb, xilas olmağa çalışdı, amma… Göz dağı olaraq, ikisi həbs edildi. Sonra biri həbsxanada dünyasını dəyişdi, o biri oradan illər sonra çıxa bildi. Çox keçmədi ki, ölkəyə “Avropa qapıları” markası ayaq açdı. Mənim müflis edilmiş həmin doğmam isə illər boyu yenidən nəsə qurmağa çalışdı, lakin heç bir şey alınmadı. Sonunda əsəb və stressdən xəstəlik tapdı, elə o xəstəlikdən də vəfat etdi…
Bax, bu ölkədə öz ağlı və gücü hesabına biznes qurmaq istəyənlərin aqibəti budur. O insanlardan heç birinin yaşı 50-ni keçməmişdi. Həmin işləri də sıfırdan başlayaraq öz bacarıqları sayəsində, min cür zəhmətlə, dişləri-dırnaqları ilə qurmuşdular. Indi hər gün ölkənin həbs olunan 72 iri sahibkarının başına gətirilənlər haqqında xəbərlər yayılır. Axı hamımız bilirik ki, kiçik çayxanaları belə inhisarlaşmış Azərbaycan mühitində hər hansı azad sahibkarlıq fəaliyyətindən söz gedə bilməz. On illərdir burada qurulan işlərin, verilən müqavilələrin, qazanılan tenderlərin kökü gedib bir mərkəzə dayanır. Bütün inhisarçılıq şəbəkəsi o mərkəzdən idarə olunur. Haqq var, hesab var, yol var, çərçivə var, o “marşrutdan” çıxanın vay halına! Şübhəsiz, indi həmin şəxslərin cızılmış xətdən kənara ayaq qoyduğu üçün cəzalandırıldıqlarını düşünmək də sadəlövhlük olar. Iqtisadçı ekspertlər xeyli zamandır hökumətin israfçılığı sayəsində qəfil “kasıblıq” böhranı yaranacağını xəbər verirdilər zatən. Indi həmin böhran gəlib qapıya dirənib və çıxış yolu məlum oliqarxların əlində olanları tutub almaqdır. Indi insan bilmir məsələyə necə ad versin. Bu, bir rəqabətmi, yoxsa haqq-hesab işimi? Ölkənin biznes mühitində rəqabət deyilən şey olmadığına görə, biriləri hesab çəkir anlaşılan…
Xatırlayırsınızsa, keçən yazılardan birində Dünya Bankının hər il hazırladığı “Biznes Fəaliyyəti” adlı hesabatında ölkəmizlə bağlı göstəricini qeyd etmişdim. Həmin hesabat 2007-ci ildə Azərbaycanda “bir pəncərə” sisteminin tətbiqi ərəfəsində biznesə başlamaq indeksinin 96 olduğunu göstərmişdi. Hesabatda qeyd edilirdi ki, Azərbaycan regionda biznesə başlamaq, xüsusən də, lisenziyaların verilməsi üzrə ən mürəkkəb mühiti olan ölkələrdən biridir. Əslində, fakt tam gerçəkliyi ilə belədir. Amma bu ölkədə gözəl biznes fəaliyyəti ilə məşğul olmaq, iş yerləri açmaq və halal yolla zənginləşmək üçün nə qədər imkanlar var! Imkanlar çoxdur, ancaq onlara aparan bütün qapılarda böyük bir kilid var. O inhisar kilidi açılmayana qədər buralarda kimsə bir işə əl qoyub qazanc götürəcəyini ağlından belə keçirməsin!