Hakimiyyət Milli Şuranın 24 may mitinqinə də imkan vermədi

Meriya müraciətə yenə qanunsuz cavab verdi; Əli Kərimli: "Bəs deyirdilər ölkədə güclü iqtidar, zəif müxalifət var?"

Milli Şura mayın 24-nə təyin etdiyi mitinq müraciətinə Bakı Şəhər İcra Hakimiyyətinin verdiyi cavabı müzakirə etmək üçün növbədənkənar toplanır. Bu barədə AXCP sədri, MŞ Koordinasiya Mərkəzinin üzvü Əli Kərimli özünün tvitter hesabında yazıb. AXCP sədri qeyd edib ki, BŞİH-in mitinqi mayın 23-də keçirməklə bağlı təklifi partiyanın Rəyasət Heyətində dəyərləndirilib, Milli Şuranın Koordinasiya Mərkəzi isə qərar vermək üçün növbədənkənar iclas keçirir.

Əli Kərimli BŞİH-in cavabına öz münasibətini də açıqlayıb. "Hökumət Avropa Oyunları ərəfəsində Azərbaycanın anti-reklamını davam etdirir. Milli Şuranın 24 may mitinqinə də imkan verilmədi. İqtidarın "mitinqlər bazar günü olmasın" israrının yalnız 1 məqsədi var. 6-cı gün işləyənlərin hesabına mitinqə gələnlərin sayını azaltmaq. Bəs deyirdilər ölkədə güclü iqtidar, zəif müxalifət var? Mitinqə gələnlərin sayı 1-2 min nəfər azalsın deyə, imitasiyadan da imtinaya dəyərdimi?", – deyə AXCP sədri tvitter hesabında yazıb.
 

***

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Demokratik Qüvvələrin Milli Şurasının 24 maya təyin etdiyi mitinqlə bağlı müraciətinə cavab verib. Cavab bu dəfə də əvvəlki iki aksiya ilə bağlı müraciətə verildiyi kimidir. BŞİH yenə də mitinqin təyin edildiyi gündə keçirilməsinə razılıq verməyib. Cavab məktubunda göstərilir ki, Milli Şura aksiyasını mayın 23-də keçirə bilər. Məktubda qeyd olunub ki, gələcəkdə planlaşdırılan mitinqlərin şənbə günlərinə təyin olunması məqsədəuyğundur.

Xatırladaq ki, BŞİH bununla üçüncü dəfədir ki, Milli Şuranın mitinqini təyin edildiyi gündə  – bazar günü keçirməsinə razılıq vermir, aksiyanın vaxtını şənbə günlərinə dəyişdirməyi istəyir.

Milli Şura BŞİH-in bu addımını Sərbəst toplaşmaq haqqında qanunu pozmaq kimi qiymətləndirir. Milli Şura buna görə BŞİH-i məhkəməyə də verəcəyini bəyan edib.