Dünən Beynəlxalq Mətbuat Mərkəzində “iqtidar-müxalifət dialoqu” adı altında keçirilən görüşə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) da dəvət olunmuşdu. Lakin partiya görüşə qatılmadı.
Dünənki görüşlə bağlı fikirlərini bölüşən AXCP sədri Əli Kərimli "Azadlıq" radiosuna açıqlamasında bildirib ki, rəhbərlik etdiyi partiya iqtidar-müxalifət dialoqunun tərəfdarıdır. Ancaq Əli Kərimli bu görüşü iqtidar-müxalifət dialoqu hesab etmədiyi üçün toplantıya qatılmayıb: “Bu gün Əli Həsənov açıq deyir ki, seçki və seçki islahatı məsələsi bizim gündəmimizdə yoxdur və müxalifətlə bu məsələni danışmağa ehtiyac duymuruq. Yaxşı, siyasi məhbus məsələsini müzakirə eləməyə ehtiyac duymursunuz, müxalifətə qarşı olan repressiyaları müzakirə etmək istəmirsiniz, seçkiləri müzakirə eləmək istəmirsiniz. Bəs onda müxalifət partiyalarını görüşə dəvət etməyin mənası nədir? Məlum olur ki, bunlar yalnız Avropa Oyunları ilə bağlı müxalifət partiyaları ilə həmrəyliyə nail olmaq və onları öz siyasətlərinin alətinə çevirmək məqsədilə bu tədbirləri keçirirlər. Bizim əvvəlcədən də bəyanatımız var idi ki, iqtidar-müxalifət dialoqu yalnız o zaman real və məzmunlu ola bilər ki, hökumətin gerçəkdən də ölkənin problemlərini həll etməyə siyasi iradəsi olsun”.