İlham Əliyevin həbs etdirmək hüququ

Və özünün həbsinə razılıq vermiş adamlar
 
Özünün həbsinə razılıq vermiş adamları gördünüzmü? Sual qəribə görünməsin sizə, əziz oxucular, son günlər həbs olunan sahibkarları nəzərdə tuturam. Bəli, bəli, onlar öz həbsinə  razılıq vermiş adamlardır.  Söz oyunu yoxdur dediklərimdə, nə də məcazilik axtarmayın fikrimdə. Sözün  birbaşa mənasında belədir,  həmin adamlar özlərinin həbsinə razılıq veriblər. Əgər sən bir ölkənin şövqü olası işıqlı gəncliyin nümayəndələrindən Rəşadətin, Rəşadın, İlkinin günahsız həbsinə razı olmusansa, onu həbs edənlərin istənilən adamı həbs etmək hüququnu tanımış olursan.  
 
Əgər sən 60 yaşlı Leyla Yunusun, qələm adamı Xədicə İsmayılın, dürüstlük çağırışı edən Seymur Həzinin, Anar Məmmədlinin, siyasətçi  İlqar Məmmədovun, Yadigar Sadıqlının, ədalətin güzəştsiz  müdafiəçisi İntiqam Əliyevin, Rəsul Cəfərovun, sadəcə həqiqəti söylədikləri üçün, yaxud qanunla icazə verilmiş ictimai fəaliyyətlə məşğul olduqları üçün  onlarla adamın həbsinə etiraz etməmisənsə, bunu edən hakimiyyəti alqışlamısansa, onun yalanını bu ölkəyə bəzək bilmisənsə, bu hakimiyyətin, konkret olaraq İlham Əliyevin hər kəsi istənilən vaxt həbs etdirmək hüququnu qəbul etmisən. 
 
Nəyə görə torpaq uğrunda döyüşmüş, qəhrəmanlıq göstərmiş  Tofiq Yaqublunu heç bir cinayət etmədiyi halda həbs edə bilərlər, sizi yox? Bu adam türməyə salınaraq doğma balasını xilas etmək imkanından məhrum ediləndə, siz onun haqsız həbsinə heç olmasa ürəyinizdə etiraz etdinizmi?! Deməli, siz hesab etdiniz ki, möhtərəm prezident nə edirsə, düz edir. Bununla da siz öz həbsinizə də razılıq vermisiniz, bu həbs haqsız olub, ya olmayıb, dəxli yoxdur. 
 
Hüquqşünas olmağa ehtiyac yoxdur, bilirik ki, ölkə başcılarının əfv etmək hüququ olsa da, həbs etmək və etdirmək hüququ yoxdur. Hüquqşünas olmadan bilmək olur ki, haqsız olaraq heç kəs həbs olunmalı deyil, alovlu müxalifətçi də, alovlu YAP-çı da. Kasıb da, varlı da.  Amma ona bütün hüquqları tanıyan, rəva görən hər kəs bununla öz həbsinə razılıq vermiş sayılır. Siz öz əməllərinizlə, sözlərinizlə, düşüncənizlə illərdir sanki bunu deyirdiniz: “Siz həmişə haqlısınız, möhtərəm prezident, siz istəsəniz məni də həbs edə bilərsiniz!”
 
Sizin zavodunuz bağlanırsa, mülkünüz sökülürsə, yaxşı düşünün bir, buna da razılıq vermisinizmi? Sadə adamların mülkü başına uçurulanda nə düşünürdünüz,  o zaman edilənləri haqlı saymısınızsa, deməli, sizin daşınmazların da traktorun qabağına qatılmasına razılıq vermişiniz. Məgər sizə görə möhtərəm prezident səhv edə bilər? Edə bilməz deyirdiniz axı!
 
Deməli, siz öz həbsinizi də alqışlamış kimisiniz, bunu etməsəniz Avropa Oyunlarına kölgə salmış sayılarsınız. Milli Mənəvi Dəyərlərə qarşı getmiş olarsınız. Milli Ünsürlərə qoşularsınız! Bəli, bu durumu siz özünüz yaratmısınız, iqtidara verdiyiniz dəstəklə öyünürdünüz, ağına-bozuna baxmadığınız həmin dəstəklərlə öz həbsinizə, sizinlə istədikləri kimi davranmağa razılıq vermisiniz. Özünüz!
 
***
 
Sahibkarların həbs dalğası Azərbaycanın indiki durumu ilə bağlı çox vacib nəticələri nümayiş etdirdi. Əyani olaraq hamı gördü ki, bir hakimiyyətə hüdudsuz haqq tanımaqla ona özünlə bağlı istənilən qərarı çıxarmaq haqqı verirsən. Biz həmin iş adamlarının qanunsuzluqlar törətmədiyinə əmin deyilik.  Amma görün necə təbliğat aparırlar. Arxada nə baş verdiyini bilən və deyən  də yoxdur, buna baxmayaraq elə qələmə verirlər ki, iş adamları ölkəni talayırmış, saf və təmiz hökumətimiz isə bunun qarşısını alıb, artıq Vətən əmanət ediləcək əllərdədir.