Hökumətin dilaoq oyunu fiaskoya uğradı

Əli Həsənov müxalifətin təkliflərinin qəbul edilməyəcəyini bildirdi

 
Ötən gün “iqtidar-müxalifət dialoqu” adı altında keçirilən imitasiya tədbirinin 3-cü raundu da yekunlaşdı. Öncədən dediyimiz kimi, görüş monoloq şəklində keçirilib və hökumət dialoq müxalifətinə Avropa Oyunlarını dəstəkləməyi tövsiyyə edib. Sözəbaxan müxalifət də etiraz etməyib. Yəni bundan öncəki görüşlərdə olduğu kimi siyasi məhbusların azad olunması, seçki islahatlarının keçirilməsi, repressiyaların dayandırılması məsələsində heç bir öhdəlik götürülməyib, yalnız hökumətin müəyyən etdiyi mövzu ətrafında müzakirə aparılıb. 
Qeyd edək ki, AXCP və Müsavat partiyaları tədbirə dəvət alsalar da, iştirakdan imtina etdilər. AXCP bəyan etdi ki, hakimiyyət demokratik islahatlar aparmayana, repressiya siyasətindən imtina etmədiyinə, real dialoq şəraiti yaratmayana qədər, hər hansı imitasiya xarakterli tədbirdə iştirak etməyəcək. Müsavat partiyası da bəyan edib ki,  siyasi məhbusların azadlığı, mətbuat azadlığı, sərbəst toplaşma azadlığı təmin olunarsa tədbirə qatıla bilər.
Amma “iqtidar müxalifət dilaoqu”nun təşəbbüskarı, prezidentin köməkçisi Əli Həsənov çıxışı zamanı bildirib ki, AXCP və Müsavatın təklifləri qəbul edilməyəcək. Əslində, bu çıxış kifayət edir ki, BMM-də keçirilən tədbirin monoloq olduğu təsdiqlənsin. Bir halda ki, seçki islahatları, siyasi məhbus məsələsi, mətbuat azadlığı kimi məsələlərdən imtina edilir və hökumət rəsmisi bunu etiraf edir, daha hansı məntiqlə bu görüşü “dialoq” adlandırmaq olar. 
Əli Həsənov daha sonra bildirib: “Gördüyünüz kimi tədbir 2 saatdan çox davam etdi, görüş zamanı müxalifət partiyalarını nümayəndələrinin fikirləri dinlənildi, ziddiyətli məqamlar da oldu. Sevindirici məqam odur ki, Avropa Oyunları ilə bağlı bu gün bura toplaşan partiyaların mövqeyi ilə iqtidarın mövqeyi üst-üstə düşdü. Bugün lüzum da görmürük ki, seçki islahatları və qarşıdan gələn seçkiləri müzakirəyə çıxaraq və müzakirə edək. Azərbaycan hakimiyyəti buna hazır deyil. Bu gün Azərbaycan cəmiyyətini daha çox maraqlandıran məsələ Avropa Oyunlarını keçirmək, onun təşkilati məsələləridir”. 
Bəli, Əli Həsənov özünü müxalifət adlandırıb görüşə gedənlərə xatırladır ki, bu tədbirin məqsədi, hakimiyyətin marağında olan məsələnin saxta müxalifətin dili ilə alqışlanmasıdır. Eyni zamanda o mesajı da verir ki, hakimiyyət şəffaf seçki keçirmək, rəqabət mühiti yaratmaq haqda düşünmür.
3-cü “dialoq” tədbiri bitəndən sonra KXCP sədri Mirmahmud Mirəlioğlu mətbuata açıqlama verib və heç bir nəticənin olmadığını söyləyib: “Azərbaycan iqtidarı ölkəmizə qarşı xarici ölkə və təşkilatlardan gələn tənqidlərin qarşısını almaq üçün öncə tənqid yaradan səbəbləri aradan qaldırmalıdır. Biz hamımız gözəl bilirik ki,ÿbu səbəb siyasi məhbuslar məsələsidir. Artıq 3-cü tədbirdir ki, biz bu məslə ətrafında Əli Həsənova təkliflər bildirsək də, istəyimiz qəbul olunmayıb”- deyə Mirmahmud Mirəlioğlu bildirib.
“Ümid” sədri Iqbal Ağazədinin isə yeganə təsəllisi bu olub ki, siyasi məhbus məsələsinin müzakirəsini təklif edib.
Yəni sözəbaxan müxalifət də bu görüşün “dilaoq” adlandırılmasını doğru hesab etmir və etiraf edirlər ki, onların sözünə qiymət verilmir.
Əslində dialoqda iştirak edənlərdən heç kimin umacağı yoxdur. Artıq cəmiyyətə də məlumdur ki, bu adamlar “ağ bayraq” qaldırıb və prinsipial müxalifət olmaq iddiaları da yoxdur. Yəni bu adamların missiyası aydındır.
Əli Həsənovun səsləndirdiyi fikirlər isə hakimiyyətin özünüifşasıdır. Çünki, müxalifətin uzun illərdi hakimiyyətdən tələb etdiyi, həllini zəruri saydığı məsələlərin müzakirəsindən imtina edilir. Guya, iqtidarla müxalifətin razılaşmadığı məqam yalnız Avropa Oyunları imiş və bu məsələ də 3-cü “dialoq”da həllini tapıb.
Nəticə budur ki, cib müxalifəti ilə iqtidarın “dialoq” kimi  təqdim etməyə çalışdığı tədbir, elə öz “ifa”larında da ifşa olundu. Əslində, bu hakimiyyətin hər hansı dialoqda maraqlı olmadığını anlamaq üçün dahi olmağa ehtiyac da yoxdur. Əgər, dialoqa dəvət etdiyin partiyanın üzvlərini dialoqdan öncə şərləyərək həbs edirlərsə, həmin partiyanın rəhbərliyində təmsil olunanlara “ermənipərəst” damğası vurulursa, hakimiyyətin mahiyyəti aydındır.
Beləliklə, mayın 15-də BMM-də keçirilən tədbirdə keçmiş müxalifətçilərə Avropa Oyunlarının məşəlini qaldırdılar. Bəlkə oyunlara baxmaq üçün pulsuz bilet də verdilər. 
Akif