
Dünən Beynəlxalq Mətbuat Mərkəzində Prezident Administrasiyasının təşəbbüsü ilə "iqtidar-müxalifət dialoqu" adı altında görüş keçirilib. Görüşdə hakimiyyəti təmsil edən prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov AXCP və Müsavatın bu tədbirə qatılmaması haqda danışarkən deyib ki, iqtidar bu partiyaların təklifini qəbul etməyəcək. Əli Həsənovun sözlərinə görə, hakimiyyət bu gün seçki islahatları ilə bağlı məsələni müzakirə etməyə hazır deyil: “Buna lüzum da yoxdur ki, seçki islahatları və qarşıdan gələn seçkilər müzakirəyə çıxarılıb müzakirə olunsun”.
Əli Həsənov iddia edib ki, bu gün Azərbaycan cəmiyyətini daha çox maraqlandıran mövzu Avropa Oyunları, onun təşkilati məsələləridir.
Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu görüş barədə açıqlama verərkən bildirib ki, onların indiyə qədər heç bir təklifi qəbul olunmayıbsa, bu tədbiri dialoq adlandırmaq olmaz.
“Dialoq əzən və əzilən arasında baş tuta bilməz”

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli “Azadlıq”a açıqlamasında “dialoq” adı altında keçirilən tədbiri şərh edərkən bildirib ki, hakimiyyət bu cür görüşlərdə insan haqları, demokratiya sahəsindəki ciddi problemləri müzakirə etmək niyyətində deyil: “Səmimi, açıq mövqeyinə görə Əli Həsənova təşəkkürümü bildirirəm. Görüş başlayan kimi Əli Həsənov deyib ki, iqtidar müxaifətlə seçki məsələsini müzakirə etməyə hazır deyil. Yəni, seçki məsələsi hakimiyyətin gündəmində deyil. Bu isə o anlama gəlir ki, hakimiyyət seçki, demokratik islahatların həyata keçirilməsində maraqlı görünmür. Hakimiyyətin diqtə etdiyi mövzu ətrafında aparılan müzakirələr təbii ki, bir istiqamətdə ola bilər – Avropa Oyunlarına dəstək vermək. Bununla da aydın olur ki, bu görüş heç də iqtidar-müxalifət dialoqu deyil. Çünki hakimiyyət bu görüşlərdə insan haqları, demokratiya sahəsində mövcud olan ciddi probmlemləri müzakirə etmək niyyətində deyil”.
Gültəkin Hacıbəyli hesab edir ki, hakimiyyətin Avropa Oyunları öncəsi bu tip görüşlər keçirməkdə məqsədi demokratiya imitasiyası yaratmaqdır: “Hətta orada iştirak edənlər də görüşlə bağlı tənqidi fikirlər səsləndiriblər. Üstəlik, görüşdə iştirak edən əksər partiyaların nümayəndələri dəfələrlə mətbuata açıqlamalarında müxalifət olmadıqlarını, bu hakimiyyətin daxili-xarici siyasətini dəstəklədiklərini bildiriblər. Belə olan halda, hansı iqtidar-müxalifət dialoqundan danışmaq olar?”
Gültəkin Hacıbəyli bütün bu məqamları nəzərə alaraq deyir ki, belə görüşlərin heç bir perspektivi yoxdur: “Ölkədə ciddi siyasi məhbus problemi olduğu, vətəndaş cəmiyyətinin ən dəyərli nümayəndələrinin həbsdə saxlanıldığı bir vaxtda qandallanmış müxalifət iqtidarla masa arxasında əyləşib dialoq apara bilməz. Hakimiyyət bilməlidir ki, dialoq heç bir zaman əzən və əzilən arasında baş tuta bilməz. Dialoq bərabər tərəflər arasında həyata keçirilə bilər”.
Bununla belə, Gültəkin xanım onu da vurğulayır ki, hakimiyyətlə müxalifət arasında dialoq olduqca zəruridir: “Siyasi məhbuslar azad ediləcəyi, gerçək dialoq üçün zəmin yaradılacağı təqdirdə Azərbaycan müxalifətilə hakimiyyət arasında ciddi məsələlər ətrafında müzakirələrə başlamaq barədə düşünmək olar”.
“Repressiyaları davam etdirən hakimiyyətlə dialoq mümkün deyil”
Milli Şuranın Koordinasiya Mərkəzinin digər üzvü, istiqlalçı deputat Ibrahim Ibrahimli də o fikirdədir ki, dünənki görüşü keçirməkdə Azərbaycan hakimiyyətinin məqsədi dialoq imitasiyası yaradıb, cəmiyyəti və beynəlxalq aləmi çaşdırmaqdır: “Proqnozlar özünü doğrultdu. Bu imitasiya cəmiyyətdə müəyyən gözləntilər yaratmaq, narazı təbəqədə, müxalifət düşərgəsində çaşqınlıq yaratmaq məqsədi daşıyır. Bir daha sübut olundu ki, hakimiyyət bu dialoq şousu ilə yalnız öz mənafeyini qorumaq baxımından ehtiyac duyduğu bir oyuna müxalifəti də bulaşdırmaqla gerçək problemləri gizlətməyə çalışır. Eyni zamanda, bir daha bəlli oldu ki, hakimiyyət nə iqtisadi, nə də siyasi sahədə islahatlar keçirmək niyyətində deyil. Oliqarxiya sisteminin islahata getməsi bu sistemin məğlubiyyəti demək olar. Siyasi hakimiyyətlə iqtisadi hakimiyyəti bir əldə cəmləyən oliqarxiya sistemi heç vaxt öz xoşuna islahatlara getməz. Çünki keçiriləcək islahatlar bu sistemi hədəfə alır”.
Ibrahim Ibrahimli vurğulayıb ki, bugünkü şərtlərlə ölkədə avtoritarizmdən demokratiyaya keçid bu tip dialoqlarla mümkün deyil: “Hər gün repressiyaları gücləndirən, vətəndaş cəmiyyəti fəallarına qarşı təqib və təzyiqləri artıran, ölkənin tanınmış simalarını sifarişlə həbsə atan hakimiyyətlə ölkənin real müxalifəti arasında dialoq baş tuta bilməz. Təbii ki, hakimiyyət AXCP-nin və Milli Şuranın irəli sürdüyü şərtləri qəbul etməyəcək. Çünki nə siyasi, nə də iqtisadi islahatlara getmək niyyətində deyil. Biz müxalifət olaraq, belə bir vəziyyətdə düzgün taktika seçib dinc mitinqlər həyata keçiririk. Inanıram ki, AXCP və Milli Şura bu siyasətinə sadiq qalacaq və yüksələn xətlə kütləvi mitinqlər keçirməklə, hökuməti xalqın gözlədiyi islahatlara məcbur edəcək”.
Emil