aliyev-munich

Azərbaycanda jurnalistlərin başına açılan oyunlar alman jurnalında…

«Tənqidə dözümsüz İlham Əliyev Avropa Oyunlarına hazırlaşdığı bir vaxtda rejimi tənqid edən çoxsaylı jurnalistlər həbsxanadadır»

 
 
«Fokus» hökuməti tənqid edən jurnalistlərin başına gətirilənlərdən yazır
 
Almaniyanın “Fokus” jurnalı Azərbaycanda söz və mətbuat azadlığına qarşı hücumlar, bu ölkədə hökuməti tənqid edən jurnalistlərin başına gətirilənlər barədə geniş həcmli məqalə yayımlayıb. “Azərbaycan Avropa Oyunlarına qədər jurnalistləri buraxmalıdır” başlıqlı məqalənin tərcüməsini təqdim edirik:
 
***
 
“Sərhədsiz reportyorlar” beynəlxalq söz azadlığını müdafiə təşkilatı Azərbaycan hökumətini həbsdəki jurnalist və bloggerləri dərhal azadlığa buraxmağa çağırıb.
Həmçinin Avropa Oyunlarına təxminən 30 gün qaldığı bir vaxtda Avropa Olimpiya Komitəsi də bu ölkədə media nümayəndələrinə qarşı repressiyalar haqda açıq danışmağa çağırılıb.
“Tənqidə dözümsüz Ilham Əliyev böyük idman turnirinə ev sahibliyi etməyə hazırlaşdığı bir vaxtda rejimi tənqid edən çoxsaylı jurnalistlər həbsxanada saxlanılır.
Almaniya Idman Olimpiya Konfederasiyası və Avropa Olimpiya Komitəsi mətbuat azadlığına qarşı repressiyaların davam etdiyi, Avropa Oyunlarına qədər və yarış müddətində ölkədə media azadlığına təminat olmadığı halda, Əliyevlə bu prosesin iştirakçısı olmamalıdır. Bu cür turnirlərə ev sahibliyi edən ölkələr müəyyənləşdirilərkən orada insan hüquq və azadlıqlarının vəziyyəti başlıca amil olmalıdır", – deyə “Sərhədsiz Reportyorlar”ın təmsilçisi Kristian Mihr bildirib.
Hazırda Azərbaycanda ən azı 8 jurnalist və 4 blogger həbsdədir. Həbslər, maliyyə sanksiyaları və digər formada təzyiqlər vasitəsilə müstəqil və müxalifyönlü mətbuat orqanlarının fəaliyyəti iflic vəziyyətinə salınıb. Ötən ilin yayından etibarən Azərbaycanda güclənən repressiya dalğasının qurbanları arasında Kütləvi Informasiya Vasitələrinin azadlığı sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları da oldu. Hazırda Azərbaycanda siyasi məhbusların sayı 80 nəfərdən çoxdur.
Bir ildən çoxdur ki, həbsxanada olan jurnalist Rauf Mirqədirovun barəsində həbs-qətimkan tədbirinin müddətini ötən həftə məhkəmə sentyabrın 19-na qədər artırdı. “Zerkalo” qəzetinin əməkdaşı olan Mirqədirov Azərbaycan hökumətilə yanaşı, Türkiyə, Rusiya hökumətini də tənqid edirdi. O, ötən il aprelin 24-də Türkiyədən Azərbaycana deportasiya edilib və Bakı aeroportunda həbs olunub. Hakimiyyət Mirqədirovu ermənilərin xeyrinə casusluqda və dövlətə xəyanətdə ittiham edir. Ona qarşı əsas “sübut” isə Gürcüstanın paytaxtı Tbilisidə beynəlxalq seminarda sənədlərin imzalanması videosudur.
Azərbaycanın tanınmış araşdırmaçı jurnalisti Xədicə Ismayılova da 5 aydan çoxdur ki, həbsdədir. Əvvəlcə onu başqa bir jurnalisti intihar cəhdinə vadar etməkdə günahlandırdılar. Həmin şəxs isə hələ xeyli əvvəl bəyan etdi ki, hüquq-mühafizə orqanları onu hədələyərək, Xədicənin əleyhinə şikayət yazmağa məcbur ediblər. Fevral ayında Ismayılovaya qarşı vergidən yayınma, qanunsuz sahibkarlıq və s. əlavə ittihamlar irəli sürdülər.
Xədicə Ismayılova prezidentin ailəsi də daxil olmaqla, Azərbaycanda hakimiyyətin ən yuxarı eşelonunda təmsil olunanların gizli biznesi və maliyyə əməliyyatları ilə bağlı araşdırmaların müəllifidir. O, xeyli vaxtdır ki, hakimiyyətin təqib və təzyiqlərinə məruz qalırdı. Ismayılova anonim şəkildə şantaj məktubu almış, ardınca da onun evinə yerləşdirilmiş gizli kamera vasitəsilə yataq otağında çəkilmiş görüntülər internetdə yayılmışdı.
Bu il yanvarın sonunda başqa bir jurnalist Seymur Həzi “xuliqanlıq” ittihamı ilə 5 il azadlıqdan məhrum edildi. Seymur Həzi müxalifət qəzeti olan “Azadlıq”ın əməkdaşı, həmçinin xaricdən peyk vasitəsilə yayımlanan “Azərbaycan saatı” televiziya proqramının aparıcısı idi. Seymur Həzi barəsində hökm ötən ilin avqustunda baş vermiş bir insident əsasında çıxarılıb. Halbuki, həmin vaxt tanımadığı şəxs Seymur Həziyə hücum etmiş, o da özünü müdafiə etmək məcburiyyətində qalmışdı.
Ötən ilin yayından güclənən repressiya dalğasının qurbanları arasında azsaylı tənqidçi media orqanları da var. Ötən ilin dekabrında “Azadlıq” radiosunun Bakı ofisi möhürləndi. Müstəqil qəzet olan “Zerkalo” ötən ilin mayında fəaliyyətini dayandırdı.
Ölkədə əsas müxalifyönlü qəzet olan “Azadlıq” iflas həddinə çatdırılıb. Hökumətin nəzarətində olan yayım firması qəzetə təzyiq məqsədilə “Azadlıq”ın satışından əldə olunmuş böyük məbləğdə vəsaiti ödəmir. Bundan başqa, qəzetə qarşı fantastik həddə cərimələr tətbiq olunur. Həmçinin hökumətin tətbiq etdiyi məhdudiyyətlər nəticəsində qəzetin satış arealı hədsiz dərəcədə daralıb. Bütün televiziya və radiolar hökumətin tam nəzarəti altındadır.
Repressiyaya məruz qalanlar sırasında medianın azadlığı sahəsində fəaliyyət göstərən QHT-lər də var. Reportyorların Azadlıq və Təhlükəsizlik Institutu, IREX, Media Hüququ Institutu kimi təşkilatların bank hesabları dondurulub. Reportyorların Azadlıq və Təhlükəsizlik Institutunun rəhbəri Emin Hüseynov həbs təhlükəsinə görə ötən ilin avqustundan Isveçrə səfirliyinə sığınıb. Həmin vaxt onun təşkilatının yerləşdiyi ofisdə axtarış aparılmış və qapı möhürlənmişdi.
Ötən həftə Avropa Məhkəməsi Emin Hüseynovun şikayəti əsasında qərar çıxararaq, Azərbaycan hökumətinin ona 15000 min avro kompensasiya ödəməsini müəyyənləşdirmişdi. Sözügedən qərar Emin Hüseynovun 2008-ci ildə qanunsuz həbs olunması, polisdə zorakılığa məruz qalması ilə əlaqədar şikayəti üzrə çıxarılıb.
Fevralın əvvəlində Azərbaycanda KIV haqqında qanuna edilən mürtəce dəyişikliklər qüvvəyə mindi. Beləliklə, media orqanının xaricdən maliyyə aldığı ortaya çıxarsa, bu artıq onun fəaliyyətinin dayandırılması üçün əsas olacaq. Məsələ burasındadır ki, Azərbaycanda reklam bazarı hökumətin sərt nəzarəti altında olduğundan müstəqil media orqanları beynəlxalq maliyyə dəstəyinə ehtiyac duyur. Bundan başqa, dəyişikliyə əsasən, bir il ərzində barəsində böhtan və təhqirə görə iki məhkəmə qərarı çıxarılan media orqanının da fəaliyyəti dayandırılacaq.
“Sərhədsiz Reportyorlar”ın media azadlığı reytinqində Azərbaycan 180 ölkə arasında 160-cı yeri tutur.