Uzun illərdi ölkədəki “qara” həqiqətlərdən yazırıq. Hakimiyyət də bizi “hər şeyi qara rəngdə görməkdə” ittiham edir. Sanki ədalətsizliyi, korrupsiyanı, yaltaqlığı, təhsilsizliyi, hüquqsuzluğu ağ rəngdə görməmək cinayətdir. Hakimiyyətin qeyri-rəsmi Cinayət Məcəlləsinə görə həqiqəti söyləmək, yalana etiraz etmək, saxtakrlığı ifşa etmək ən ağır cinayətdi.
Amma zaman göstərir ki, bizim yazdıqlarımız, dediklərimiz həqiqətdi. Indi elə zamanın mərhələsidir ki, hakimiyyətin bütün məkrli planları dərhal özünü göstərir. Məsələn, son dövrlər iqtidar-müxalifət “dialoq”u meydana çıxıb və müxalifətçilikdən imtina etmiş bütün “müxalifətçi”lər bu “dialoq süfrəsi”nini başına yığışıblar. Amma real, prinsipial, mübarizəsinə xəyanət etməyən qüvvələr isə bu “dilaoq” oyununda iştirak etmədi. Ona görə yox ki, onlar dialoqun tərəfdarı deyillər. Ona görə ki, onları dəvət edən tərəf dialoq aşiqi deyil.
Elə bugün də BMM-də növbəti analoqu olmayan dialoq keçiriləcək. Budəfəki dialoqun fərqli tərəfi bdur ki, rəsmi dəvətə AXCP-nin də adı salınmışdı. Bəli, hakimiyyət özü də başa düşür ki, “süfrə”nin bərəkətli olması üçün AXCP-nin iştirakı önəmlidir. Eyni zamanda bunu demokratiyanın, fərqli fikrə dözümlü yanaşmanın nümunəsi kimi tədqim edirlər. Təbii ki, AXCP bu dialoqda iştirak etməyəcəyini və bu tədbirin yalnız imitasiya olduğunu bəyan etdi. Məsələ burasındadır ki, təkcə bəyan etməklə kifayətlənmədi, həm də sübut etdi. Necə? Hakimiyyətin AXCP-yə düşmən münasibətini bir daha göstərməklə. Bildiyiniz kimi, ötən gün AXCP Gənclər Komitəsinin üzvü Murad Ədilova 6 il həbs cəzası verildi, GK-nın digər üzvü Elvin Abdullayevin Kürdəxanıda 3 gün ac saxlanması, işgəncəyə məruz qalması məlum oldu. Onu məcbur ediblər ki, cəbhəçi əqidəsindən imtina etsin. Daha bir cəbhəçi gənc Fuad Əhmədli isə ağır əməliyyatdan sonra şərlənərək həbs edildi və hələ də “bondatdel”də saxlanılır. Partiyanın Rəyasət Heyətinin 2 üzvü Seymur Həzi və Asif Yusifli də ən absurd ittihamlarla həbsxana həyatı yaşamağa məhkum edilib. AXCP Ali Məclisinin üzvü Pərviz Həşimliyə ən ağır cəza verilib, partiya fəalı Qadir Xudabaxşiyevi daha ağır cəza gözləyir. Bütün bunlar azmış kimi gecə-gündüz telekanallar, rejim mətbuatı, hakimiyyət təmsilçiləri AXCP-yə qarşı şər-böhtan kampaniyası aparır, partiya üzvlərini “ermənipərəst” “vətən xaini” kimi təqdim edirlər, partiya sədrinə posport verilmir, partiyanın sonuncu qərargahı partladıldı və s.
Göründüyü kimi, hakimiyyət AXCP-yə qarşı bütün qanunsuz vasitələdən istifadə edib və etməkdədir. Və Bütün bunlara baxmayaraq, AXCP sədrini dialoqa çağırmaq “qabiliyyət”i nümayiş etdirirlər. Bəli, partiyanı ayın 15-də keçiriləcək dilaoqa çağırırlar, ayın 15-də şərlənərək həbs olunmuş partiya üzvünə 6 il həbs cəzası verirlər, elə həmin gün keçirilən başqa bir məhkəmədə məlum olur ki, partiyanın həbsdə olan gənc üzvünə işgəncə verilib və 3 gün ac-susuz saxlanılıb.
Əgər hakimiyyətin zərrə qədər də olsa dialoq yaratmaq niyyəti olsaydı, əgər hakimiyyət həqiqətən da real addım atmaq istəsəydi, yuxarıdakı mənzərə yaranardımı?
Müxalifət partiyasının üzvlərinə düşmən kimi davranıb, həmin partiyanı dilaoqa çağırmaq heç bir mənəviyyata sığmır. Hakimiyyət fərqli fikirə o qədər nifrət edir ki, dialoqun imitasiyasını yaratmağa da iradəsi çatmır.
Əslində, bugün keçirilən görüşün adı “monoloq”dur. Ağ bayraq qaldırmış qüvvələr, “qara çadır”a pənah aparacaq və heç vaxt həyata keçməyəcək vədlərə qulaq asacaqlar.
AXCP-nin bu “dilaoq”dan imtina etməsi təkcə müxalifətçiliklə bağlı məsələ deyil. Həm də əxlaq, mənəviyyat, vicdan məsələsidir. Bugün AXCP-nin yaşadığı taleyi başqa bir partiya yaşasaydı, AXCP yenə də dialoqa getməyəcəkdi. Bu tədbirin “dialoq” adlandırılmaması üçün 10-larla fakt var və bu təşəbbüsdə məqsəd hakimiyyətə demokratik imic düzəltməkdir.
Bir sözlə, hakimiyyət AXCP-yə qarşı şər siyasətini davam etdirməklə, heç bir dialoqa hazır olmadığını təsdiq etdi. Şərlənmiş, işgəncəyə məruz qalmış, haqqı tapdanmış insanların taleyi üzərində addımlayaraq dialoqa getmək olmaz. Müxalifətə qarşı repressiya davam etdikcə, dialoqun özü də həbsdə olacaq. Deməli, dialoqun azadlığı, siyasi məhbusların azadlığından sonra mümkündür.
Siz özünüzü və kimlərisə aldada bilərsiniz. Biz isə özümüzü aldadacaq qədər prinsipsiz deyilik.
Ilham


