Adil Hüseynov 318 milyon dollar mənimsəməkdə ittiham olunur; Onu «Bandotdel»də saxlayırlar
Hacı Məmmədovun bandası tərəfindən qətlə yetirilmiş polkovnik Fətulla Hüseynovun oğlu Adil Hüseynov 318 milyon dolları mənimsəməkdə ittiham olunur.
Bunu virtualaz.org saytına açıqlamasında vəkil Kamandar Nəsibov deyib.
Vəkil bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs – Adil Hüseynov barədə Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
***
Adil Hüseynov hazırda Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır.
Bunu APA-ya açıqlamasında Adil Hüseynovun vəkili Kamandar Nəsibov deyib.
K. Nəsibov bildirib ki, onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddəsi ilə cinayət işi ittiham elan olunub: "Onun evində axtarış aparıblar, lakin barəsində hələ ki, həbs qətimkan tədbiri seçilməyib. Adil Hüseynovun saxlanmasına səbəb Dubayda xarici şirkətlərdən birinin meneceri olmasıdır. Həmin şirkət bankdan kredit götürüb və qaytarmayıb. Ona görə Adil Hüseynovu da saxlayıblar".
Vəkili A. Hüseynovun Beynəlxalq Bankın Dubay filialının rəhbəri olması barədə məlumatsız olduğunu da deyib.
K. Nəsibov A. Hüseynovun aeroportda saxlanması barədə yayılan məlumatların əsassız olduğunu da bildirib.
***
“Cahangir Hacıyev işi” ilə bağlı həbslər davam edir. Dünən daha bir nəfər DIN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinə aparılıb. Bu, Beynəlxalq Bankın Dubay filialının rəhbəri Adil Hüseynovdur. Redaksiyamıza daxil olan məlumata görə, o, Dubayda imiş. Onu Bakıya çağıraraq həbs ediblər.
Məlumat üçün deyək ki, Adil Hüseynov DIN-in keçmiş baş əməliyyat müvəkkili, adam oğurluğu və digər ağır cinayətlərdə təqsirləndirilərək ömürlük azadlıqdan məhrum edilən Hacı Məmmədov tərəfindən qətlə yetirilən “Qara polkovnik” kimi tanınmış Fətulla Hüseynovun oğludur.
Qeyd edək ki, iddialara görə, “oliqarx ovu”nun arxasında 6 milyard kredit vəsaitinin mənimsənilməsi dayanır. 2015-ci ilin mart ayına olan statistikaya görə, maliyyə-kredit təşkilatları hüquqi və fiziki şəxslərə 21 milyard manat məbləğində kredit ayırıb. Bu kreditlərdən 16 milyardı uzunmüddətlidir. Mütəxəssislərin bildirdiyinə görə, maliyyə-kredit təşkilatlarının əhaliyə ayırdığı kreditlərin həcmi ildən-ilə artır. 2014-cü ilin mart ayı ilə müqayisədə verilmiş kreditlərin sayı 32 faiz artıb. Bu da təxminən 7 milyard manata yaxın edir. Ölkə üzrə kredit portfelinin 60 faizinin Beynəlxalq Bankın payına düşdüyünü nəzərə alsaq “oliqarx ovu” ilə bağlı deyilənlərin əsassız olmadığını söyləmək olar.