Bəli, qladiatorluq dövrü deyil. Yarışlar, mübarizələr, güc nümayişi üçün səhnələr də mahiyyətini dəyişib. Uzaq tarixdən günümüzə gəlib çıxan bütün nümunələr kimi, idmanın fəlsəfəsi də tamam başqa anlam daşıyır indi. Müasir anlamı birmənalı olaraq insanların sağlamlığına hədəflənmiş oyun və yarışların estetikası da başqadır artıq. Idman yer üzündə insanlara zövq verən, insanlığı, humanizmi, sülhü təbliğ edən bir amilə çevrilir getdikcə. Elə dünyada vaxtaşırı keçirilən saysız-hesabsız idman yarışlarının əsasında da bu durur.
İlin-günün bu ağır vaxtında həmin yarışlardan biri də gəlib paytaxtımıza çıxıb. Çıxıb deyəndə, bu yarışların Bakıda keçirilməsi hökumətin istəyi olub, əslində. Normal şərtlərdə “niyə də olmasın” nidası keçərdi insanın ürəyindən. Amma ölkə insanının durumu nə səviyyədədir ki, dünya miqyaslı layihələrin bura gətirilməsi də normal qarşılansın? Işsizliyin, maddi ehtiyacların, hüquqsuzluqların boğaza dirəndiyi bir yerdə insanların olimpiadamı yadına düşür? Dünya bazarlarına neft-qaz ixrac edən Azərbaycanda əhalinin yaşayış durumu hər kəsə məlum. Buradakı yoxsulluq səviyyəsi, təbəqələşmə, misilsiz dərəcədə varlanmış kiçik azlığın böyük azlıq üzərində hökmranlığı, monopoliyalar və korrupsiya qalmaqalları hər gün beynəlxalq media səhifələrində dolaşır. Amma hökumətin inadı da inad. Heç özünü o yerə qoymadan, tənqidləri üzərinə götürmədən, “çiçəklənən Azərbaycan” yalanını dilindən düşürmədən bildiyini etmək israrında qalır eləcə. Xülasə, olimpiada oyunları qapıda. Iyun ayı paytaxt bu 8 milyardlıq layihənin “qonaqlığını” edəcək. “Qonaqlığını” ona görə deyirəm ki, beynəlxalq yarışın bütün xərcini bizim hökumət çəkəcək anlaşılan. Yəni, demək olar, hökumətin oyun marağından belə ağır bir yükün altına girmişik. Ancaq, deyəsən, bu yük təkcə bizə deyil, hökumətin özünə də baha başa gəlməkdədir. Həm də təkcə maddi anlamda deyil…
Azərbaycanda vicdan məhbusları problemi çoxdan dünyanın gündəminə daxil olub, bilirsiniz. Beynəlxalq qurumlar illərdir bu məsələnin həlli ilə bağlı hökumətə çağırışlar edir. Ancaq o çağırışlar eləcə saymazyana qulaqardına vurulur və günahsız insanlar da illərdir həbsxanalarda işgəncə çəkir. Son bir ilin repressiyalarında, demək olar, ölkənin bütün üzdə olan hüquq müdafiəçiləri həbsə atılıb. Elə o üzdən də, nüfuzlu beynəlxalq insan hüquqları təşkilatları toplaşıb bir koalisiya yaradaraq, Bakıda keçiriləcək Avropa Oyunları ərəfəsində siyasi məhbusların azadlığı üçün böyük bir kampaniya keçirməyə qərar veriblər. Nəticələrdən də xəbəriniz var hər halda. Koalisiya israrla Avropa hökumətlərinə müraciətlər göndərərək, bu kampaniyaya dəstək olmağa çağırır. Təşkilatçılar Isveç, Böyük Britaniya, Almaniya kimi qabaqcıl ölkələrlə işləyərək, məhbuslarımızın səsini bütün dünyaya duyurub artıq. Olimpiadaya bir ay qalmış Azərbaycan hökumətinin ünvanına “repressiyaları dayandır, məhbusları azad et” çağırışları ard-arda yağmaqdadır.
Hələ iş təkcə çağırışla da bitmir. Mayın 12-də Avropa Parlamentində keçirilən “Bakı oyunları: Insan haqları uğrunda mübarizə” adlı tədbirdə məsələ daha ciddi qoyulub. Avropalı deputatlar oyunları başlayana qədər hökuməti siyasi dustaqları azad etməyə və Avropa liderlərini 12 iyunda Bakıda keçiriləcək açılış mərasiminə getməməyə çağırıblar. Indi bu müzakirədən sonra bir daha rəsmi Bakının reaksiyasının necə olacağını maraq edirəm. Bəlkə, bir daha nəyəsə ümid edib 28 may Istiqlaliyyət bayramına kimi gözləmək olar. Bəlkə də, bu, son ümiddir. Əks halda, nə bu ölkə, nə də bu hökumət üçün yaxşı gələcək görünmür. Biz bu ölkəni çox sevdiyimiz üçün hər şeyin yaxşı sonluqla bitməsini istəyirik…