Dəyirman hər hansı məmulatı əzmək, onu yarımfabrikat halına gətirmək üçün istifadə olunan qurğudur. O qədər sadə və analoqu olmayan mexanizmdir ki, insanlar bir neçə min illər ərzində onu necə var, eləcə də işlədə bilmişdilər. Ilk orta əsrlərdə iri həvəng daşlarını su və külək ilə hərəkətə gətirməyi bacaran insanlar yalnız son bir əsrdə bunu elektrik enerjisi ilə əvəz etdilər. Lakin su və küləklə işləyən dəyirmanlar bu gün də mövcuddur və orada üyüdülən buğdadan alınan məhsul deyilənə görə daha keyfiyyətlidir.
Son illərə qədər dəyirman dedikdə insanların ağlına ilk novbədə nə gələrdi? Cavab çox sadədir, deyəcəksiniz, çörək, ruzi-bərəkət, bolluq, sülh, əmin-amanlıq və… Hələ qədim zamanlarda çoxlu dəyirmanı olan məmləkətlər qüdrətli hesab olunurdu. Xalq şairi Səməd Vurğunun az qala aforizmə çevrilmiş “Çörək bol olarsa, basılmaz Vətən” kəlamının arxasında da dəyirman (!) dayanırdı, desək, yəqin ki, yanılmarıq. Yaxud da götürək elə “Koroğlu” dastanındakı baş qəhrəmanın “Çünki oldun dəyirmançı, çağır gəlsin dən, Koroğlu” ilə başlayan fəryadını…
Təsəvvür edirsinizmi, Qırat kimi atı qaçırılan Koroğlu dəyirmançının yoxluğunda oranı sahibsiz qoymur, onu tapana qədər, əhalinin buğdasını üyüdür. Göründüyü kimi, ulu babalarımız dəyirmana həm də müqəddəs bir məkan kimi baxırdılar… Bəli, əziz oxucu, məşhur mahnıda deyildiyi kimi, bir zaman…
Hazırda dəyirman, o bildiyiniz dəyirman deyil. Indiki hakimiyyətin sayəsində bu anlayış hazırda elə ifadələrlərə müşayiət olunur ki, onları sadalamağın özü böyük cəsarət tələb edir. Son on beş ildə dəyirman deyəndə, ağla ilk gələn erməni, xəyanət (Vətənə), xarici xidmət orqanlarına casusluq və əlbəttə… müxalifət olur. Inanmırsınız “Quql” da axtarış verin, özünüz şahid olacaqsınız. Ən kədərli məqam ondadır ki, xalqımızın milli – mənəvi, etnoqrafik dəyərlərindən, keçmişimizin bir parçası olan dəyirmanımız “erməniləşdirilir”. Elə təsəvvür yaranır ki, bizdə dəyirman olmayıb, buğdamızı həmişə aparıb nankor qonşularımıza üyütmüşük. Və buğdamızı üyütməklə yanaşı, boş durmayıb, onların dəyirmanına su da tökürmüşük. Sizə zarafat gəlməsin, hazırda iqtidarın şanlı politoloq və ideoloqlarına inansaq, ölkədə minlərlə insan hələ də bu “işlə” məşğul olur. Bir neçə nəsil keçsin, erməni tarixçiləri dəyirmanımızı da dolmamızın gününə salacaqlar… Bəri başdan deyim ki, bunun məsuliyyəti birbaşa iqtidarın üzərində qalacaq. Bu birmənalıdır.
Inanmırsınız, lap elə həmin “Quql”da erməni dəyirmanı ilə yanaşı Əli Həsənovun (hər iksinin), Siyavuş Novruzovun, Əli Əhmədovun, Mübariz Qurbanlının, Novruz Məmmədovun və onlarla digər iqtidar mənsublarının adını yazın. Görəcəksiniz ki, hər biri kimlərisə erməni dəyirmanına su tökməkdə ittiham edir. Hətta Mübariz Qurbanlı bir dəfə Meksikanı, bir ölkə olaraq, ermənipərəst elan etmişdi. Halbuki Meksika Xocalı soyqırımını tanımaqla bərabər, onun qurbanlarına abidə də (?!) ucaldıb. Ikinci belə bir ölkə yoxdur…
Iqtidarpərəst digər bir qanad, başda Fəzail Ağamalının Azərbaycana bəxş etdiyi Zahid Oruc, eləcə də “yedək” müxalifətin birmandatlı partiya liderləri isə müxalifətdə rus dəyirmanına su tökənləri axtarmaqla məşğuldur. Obrazlı desək, belə çıxır ki, Azərbaycanın şimalında da dəyirman olmayıb.
Yadınızdadırsa, son prezident seçkilərində tez-tez “işlənən” bir “Kreml layihəsi” ifadəsi var idi. “Yeni Müsavat” və digər iqtidarpərəst media yazarlarına inansaq, bu Milli Şura idi. Öz gözlərimlə oxumuşam, səhv etmirəmsə “Yeni Müsavat”ın Xalid adlı yazarı yazdı ki, Isa Qəmbər təkbaşına bu planı pozdu. Təsəvvür edirsinizmi, Azərbaycandakı prezident seçkilərindən sonra Putin komandasını yığır və onları Isa Qəmbər faktoruna barmaqarası baxdıqlarına görə cəzalandırır… Gülməlidir, deyilmi? Nə isə, gələk, erməni-rus dəyirmanı məsələsinə…
“Prezident Adminstrasiyasının şöbə müdiri Əli Həsənov Qarabağ haqqında böyük bir kitab yazdı. Və təqdimatdan dərhal sonra ona Rusiyanın ali mükafatı olan ”Şərəf" ordeni verildi. Rusiyanın Qarabağın işğalında həlledici rolu danılmazdırsa, kitabda nədən yazılıb, orden nəyə görədir, anlamadım.
Bayraq Meydanı idarəsinin rəisi 5 il işləyəndən sonra məlum oldu ki, onun anası ermənidir…
Mən burada təəccüblü heç nə görmürəm, anası erməni olanlar da Azərbaycan vətəndaşıdır, onların da vəzifəyə seçilmək hüquqları var və maşallah, çoxu mühüm postlardadır.
Lakin işin “interasan” tərəfi odur ki, onlar da erməni dəyirmanına su tökən axtarırlar…