“Azadlıq”ın ötən sayında xəbər vermişdik ki, Almaniya parlamentindəki Yaşıllar fraksiyasının təşəbbüsü ilə hazırlanmış Azərbaycandakı repressiyalar, bu ölkədə avtoritar rejimin hökm sürməsinə dair qətnamə layihəsi Bundestaqda müzakirə olunub.
Sənəddə eyni zamanda, Azərbaycandakı repressiyalar, xüsusən son bir ildə həyata keçirilən siyasi motivli həbslərə münasibət, bunların qarşısını almaq üçün hansı addımların atılması ilə bağlı Almaniya hökumətinə də 60 sual ünvanlanıb. Almaniya hökuməti Azərbaycanda insan haqlarının vəziyyətinə dair sualları cavablandırmaq üçün iki ay vaxt istəyib. Bu barədə Almaniyanın “Tagesspiegel” qəzeti məlumat yayıb. “Azərbaycanla problemdən mümkün qədər uzaq durmalı” başlıqlı məqalədə müəllif onu da qeyd edir ki, Almaniya hökumətinin istədiyi iki ay çox gecdir. Çünki həmin vaxt artıq Avropa Oyunları başa çatmış olacaq.
Məqalənin tərcüməsini təqdim edirik:
***
Bundestaqın Yaşıllar fraksiyasının hazırladığı uzun bir suallar siyahısı hökumətə göndərilib. Azərbaycanda güclənən repressiyalarla bağlı Almaniya hökumətindən nəhayət, kiçik də olsa, xahişlər var.
Federal hökumətə ünvanlanan suallardan biri də budur ki, Azərbaycanda siyasi məhbusların sayının 2012-ci ildən sonra sürətlə artmasından xəbərləri varmı? Həmçinin həbsdə olan dissidentlər, hüquq müdafiəçiləri, jurnalistlərin hər birilə bağlı da ayrı-ayrılıqda suallar ünvanlanıb. Həqiqətən də beynəlxalq hüquq-müdafiə təşkilatlarının məlumatına görə, Cənubi Qafqazın bu ölkəsində dövlət başçısı Ilham Əliyevin avtoritar idarəçiliyini tənqid etdiyinə görə dəmir barmaqlıqlar arxasına salınanların sayı artıq 100-ə çatıb. Iyunun 12-dən etibarən Bakıda keçiriləcək Avropa Oyunlarının başlasına az qalıb. Rejimin tənqidçilərinə qarşı hərəkətləri indi ölkəyə yönələn beynəlxalq diqqətlə onun özünün əleyhinə işləyir.
Yaşıllar Azərbaycandakı vəziyyətlə bağlı Federal hökumətə ümumilikdə 60 sual ünvanlayıblar. Əslində, hökumət fraksiyanın suallarına iki həftə ərzində cavab verməlidir. Xarici Işlər Nazirliyinə təqdim olunan sualların sayı çox olan halda, müddət uzanır. Amma iki ay da həddindən artıq çoxdur, adətən belə olmur.
Federal hökumət iki aydan sonra Azərbaycandakı rejimi elədiklərinə görə necə pis vəziyyətə sala bilər, axı bu ölkənin rəhbərliyi üçün prestij layihəsi olan Avropa Oyunları artıq iyunun 28-də başa çatır?! Azərbaycan hakimiyyəti beynəlxalq aləmdə özünü yaxşı təqdim eləmək məqsədilə Avropa Oyunlarından istifadə etməyə çalışır. Buna görə də turnirdə iştirak edəcək bütün idmançıların bütün xərclərini özü ödəyəcək. Bu isə həddindən artıq böyük xərcdir.
Azərbaycanda repressiyaların güclənməsilə əlaqədar Avropadan rəsmi bəyanatların verilməsi onun üçün sərfəli deyil. Almaniya Xarici Işlər Nazirliyinin də bu ölkədə insan haqlarının vəziyyətilə bağlı suallara yalnız iyunun sonunda cavab verməsi o deməkdir ki, federal hökumət Avropa Oyunları ərəfəsində Azərbaycanı açıq şəkildə tənqid eləməkdən yayınmağa çalışır.
Siyasət şöbəsi