Türkiyə Azərbaycana dollardan imtina təklifi etdi

Oqtay Haqverdiyev: «Belə bir iş baş versə, Türkiyə deyil, biz uduzacağıq»

 
Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin manatla və ya lirə ilə aparılması daha faydalı olardı. Türkiyə Mərkəzi Bankının sədr müavini Necati Şahin bu barədə bəhs edib. N.Şahin alğı-satqının üçüncü ölkənin valyutasından asılı olmadan, tərəflərin öz milli valyutası ilə aparılmasını Azərbaycan və Türkiyənin dolların oynaması ilə bağlı risklərini minimuma endirməsi kimi xarakterizə edib. Türkiyə rəsmisi bunu reallaşdırmağın heç də asan məsələ olmadığını dilə gətirib.
Iqtisadçı-ekspert Oqtay Haqverdiyevin qənaətincə, sözügedən məsələni reallaşdırmaq elə də asan məsələ deyil. Iqtisadçı belə bir variantın olacağı təqdirdə,  hər iki ölkənin zərər çəkəcəyini deyir. Dollardan fərqli olaraq türk lirəsiylə yalnız Türkiyə ilə ticari əlaqələrin qurula biləcəyini söyləyən ekspert, qarşılıqlı olaraq manatın da Azərbaycanda işləndiyini bildirir:
“Türkiyənin iqtisadiyyatı güclüdür. Belə bir iş baş versə, Türkiyə deyil, biz uduzacağıq. Türkiyə iqtisadiyyatı güclü olduğu, bizdən o qədər asılı olmadığı üçün ikitərəfli əlaqələrin milli valyutayla olması Azərbaycana uğur vəd etmir. Ümumiyyətlə, bu məsələnin asan olacağını düşünmək olmaz. Avronun yaranmasını yada salaq, uzun illərin müzakirələrindən sonra bu valyuta tətbiq edilməyə başladı. Iqtisadiyyatın ayrı-ayrı strukturları, emissiya siyasəti, pul buraxıb-buraxmamaq barədə hər ölkənin özəl siyasəti var. 12 ildən sonra avroya gəlib çatıblar. Biz də belə bir məqsəd qoysaq, danışıqlar aparmaqla 10-15 ilə bunu reallaşdıra bilərik. Lakin indilikdə bu, mümkün olan iş deyil”.
Nigar