Sərdar Denktaş istefa verdi

«Bu məmurlarla hökumətdə qalmağın mənası yoxdur»
 

Şimali Kipr Türk Cümhuriyyətinin baş nazir müavini Serdar Denktaş istefa verib. Mətbuat konfransı keçirərək istefasının səbəbini açıqlayan Denktaş Türkiyənin Şimali Kiprdəki məmurlarından və yardım heyətindən narazılıq edib: «Bu heyət Ana Vətənlə (Türkiyə) münasibətlərimizi pozur. İqtisadiyyatı inkişaf etdirməyə gəliblər, amma demokratiyaya müdaxilə edirlər. Hökumətə paralel hökumət olublar. Belə vəziyyətdə hökumətdə qalmağın mənası yoxdur».
 
Denktaş onu da əlavə edib ki, bu addımı ilə yeni hökumətin formalaşmasına yol açmaq istəyir. O, hökumət tam formalaşana qədər partiyasından (Cümhuriyyətçi Türk Partiyası) olan digər nazirlərin vəzifələrində qalacağını deyib.
 
Denktaşın fikrincə, hökumət vətəndaşların gözləntilərini doğrulda bilmir, bunun da acı nəticəsini siyasətçilər çəkməli olur. Siyasətin etibardan düşdüyünü deyən Denktaş prezident seçkilərində partiyasının dəstəklədiyi namizədin məğlubiyyətindən zərər gördüklərini bildirib: «Etiraf etməliyəm ki, hökumətlə bağlı qoyduğumuz hədəfdən bu gün xeyli uzaqdayıq».
 
Qeyd edək ki, Sərdar Denktaş Şimali Kipr Türk Cümhuriyyətinin qurucu prezidenti Rauf Denktaşın oğludur.
 
Gültəkin