aliyev-munich

Riqada Əliyevi çətin müzakirələr gözləyir

 
Tədbirə Avropa liderlərinin qatılması bunu deməyə əsas verir

 
 
Azərbaycan dövlət başçısı Ilham Əliyevin Avropa Birliyinin mayın 21-22-də Riqada keçiriləcək “Şərq tərəfdaşlığı” sammitinə qatılacağı təsdiqini tapıb. Bu barədə Latviyanın baş naziri xanım Laymdota Strauyuma bəyan edib. Baş nazir deyib ki, Belarus prezidenti “çox güman” Riqaya, “Şərq tərəfdaşlığı” sammitinə getməyəcək. Hələlik Belarusu sammitdə kimin təmsil edəcəyi məlum deyil.
Öz növbəsində Ukrayna prezidenti Petro Poroşenko, Ermənistan prezidenti Serj Sərkisyan, Moldova prezidenti Nikolay Timofti və Gürcüstanın baş naziri Irakli Qaribaşvili sammitdə iştirak edəcəklərini təsdiqləyiblər.
 
Rusiyanın etirazı…
 
Riqa sammitinə Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Fransua Olland və digər Avropa liderləri qatılacaq.
Onu da xatırladaq ki, Rusiya XIN-in rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç aprelin 25-də bəyanatla çıxış edərək “Şərq tərəfdaşlığı” sammitinə qatılacaq ölkələri hədələyib. Lukaşeviç bildirmişdi ki, Moskva “Şərq tərəfdaşlığı”nın may ayında Riqada keçiriləcək sammitini antiRusiya aktı hesab edir və buna “kifayət qədər sərt, prinsipial” reaksiya verəcək.
Diplomat əlavə etmişdi ki, rəsmi Moskva sammitə “olduqca mənfi” yanaşır, bununla belə Rusiya XIN sammitin gedişini izləyəcək: “Aydındır ki, bizim mövqeyimiz kifayət qədər sərt və prinsipial olacaq. Çünki biz görürük ki, bu tərəfdaşlıq hara gedir və bu proqramın iştirakçılarının, hər şeydən əvvəl Avropa Birliyinin mövqeləri nəzərə alınmaqla kənardan hansı çalarlar kəsb edir”.
 
Avropa Birliyinin Rusiyaya cavabı
 
Avropa Birliyinin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Xan rəsmi Moskvanın bu təhdidinə reaksiya verərkən isə bildirib ki, Rusiya tərəfinin mövqeyi məyusluq doğurur. “Bununla belə mən bu bəyanatdan az narahatam, çünki Riqa sammiti göstərəcək ki, dostluq və sülh münasibətləri mümkündür. Biz Rusiyanı beynəlxalq qanunvericiliyə əməl etməklə bu cür münasibətlər saxlamağa dəvət edirik”ÿ- deyə Yohannes Xan bildirib (virtualaz.org).
Riqa sammitində AB liderlərinin geniş kontingentdə təmsil olunması müzakirələrin qızğın keçəcəyini deməyə əsas verir. 
 
Gültəkin Hacıbəyli: “Dövlət maraqlarımız AB ilə danışıqları dərinləşdirməyi tələb edir”
 
Azərbaycanın AB-ın bundan əvvəlki sammitlərində dövlət başçısı səviyyəsində iştirak etdiyini xatırladan Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bildirdi ki, budəfəki sammit də istisna deyil. Sammit ərəfəsində ciddi gərginliklərin yaşanmasına diqqət çəkən G.Hacıbəyli qeyd etdi ki, bu gərginlik Rusiyanın sammitlə bağlı aqressiv yanaşmasından irəli gəlirdi: “Krımın işğalından sonra bu, Avropa Birliyinin ilk sammitidir. Ona görə də görüşdə ”Şərq tərəfdaşlığı"na üzv dövlətlərin ərazi bütövlüyü məsələsi xüsusi aktuallıq qazanacaqdır. Sammitdə qəbul ediləcək birgə bəyannamənin də əsas ana xəttini məhz separatizmin pislənməsi və ölkələrin ərazi bütövlüyünə dəstək təşkil edəcək. Rusiyanı daha çox qıcıqlandıran məhz bu məqamdır. Sonradan Rusiyanın sərt reaksiyasından irəli gələrək sənəd bir qədər yumşaldıldı. Orada ritorika daha yumşaq şəkildə təqdim olundu. Amma mahiyyət etibarı ilə sənəd “Şərq tərəfdaşlığı” ölkələrinin ərazi bütövlüyünə dəstəyi ifadə edir. Eyni zamanda separatizmi, işğalçılıq siyasətini tənqid edir".
G.Hacıbəyli o məqamı da xüsusi olaraq vurğuladı ki, son günlər hətta Rusiya prezidenti səviyyəsində belə Kremlin Avropa Birliyi ilə əməkdaşlıqda maraqlı olması, bu münasibətlərin dərinləşməsi istiqamətində fikirlər səsləndirilir. Bu baxımdan Sərkisyanın tədbirə qatılması Rusiya tərəfindən nümayiş etdirilən yumşalma cəhdləridir: “Rusiya ilə Avropa Birliyi arasında qüvvələr nisbəti qeyri-bərabərdir. Bir tərəfdə öz mövqelərini Rusiyaya diqtə etməyi bacaran, siyasi və iqtisadi sanksiyalarla Rusiya iqtisadiyyatını, demək olar, çökdürmüş Qərb dayanır. Digər bir tərəfdə isə buna müqavimət göstərməyə cəhd edən, amma bunun üçün heç bir imkanı olmayan, gücü yalnız Ukraynada daxili separatizmi dəstəkləyən Rusiya dayanır. Artıq Rusiya rəhbərliyi də dərk etməyə başlayır ki, nümayiş etdirdikləri siyasət ölkə üçün perspektivsizdir. Bu siyasətin sonu Rusiyanın daha böyük fəlakətlərə cəlb edilməsi ilə nəticələnə bilər. Düşünürəm ki, Rusiya prezidentinin ritorikasının yumuşalması məhz bununla bağlıdır”.
Sammitdən gözləntilərə gəlincə, G.Hacıbəyli bildirdi ki, gözləntilər o qədər yüksək deyil. Milli Şura olaraq Azərbaycanın AB ilə əməkdaşlığı dərinləşdirməsində, Assosiasiya sazişi imzalamasında maraqlı olduqlarını deyən G.Hacıbəyli bildirdi ki, Assosiasiya sazişinin imzalanması ölkəmizin milli maraqlarına cavab verən addım olardı: “Amma təəssüflər olsun ki, Azərbaycan hakimiyyəti öz maraqlarından çıxış edərək bu prosesi yubadır. Düzdür, siyasi rəhbərlik səviyyəsində Avrointeqrasiya proseslərinə yox deyilmir. Ancaq bu prosesin arzuladığımız səviyyədə olmadığı göz önündədir. Amma dövlət maraqlarımız ən qısa zamanda Avropa Birliyi ilə danışıqları dərinləşdirməyi tələb edir”.
Xəyal