Qurban Məmmədov Elşad Babayevin işi üzrə dindirilib

«Döyülmə yerindəki nəzarət kameralarından çıxarışlara baxsanız, mərhumun necə döyülməsini və döyüldükdən sonra da sürüyə-sürüyə «karser»ə aparıldığını görəcəksiniz»

 
“Dostlar, bu gün Bakı şəhər prokurorluğunda şahid kimi dindirildim. 2014-cü ilin dekabrında 14 saylı cəzaçəkmə müəssisəsində vəhşicəsinə döyülmə nəticəsində 22 dekabrda dünyasını dəyişən Elşad Babayevin işi üzrə”. Bu sözləri “Facebook” səhifəsində tanınmış vəkil Qurban Məmmədov yazıb. Qurban Məmmədov daha sonra əlavə edib: “Müstəntiq belə bir sual verdi: Elşad Babayevin döyülməsini, işgəncəyə məruz qalmasını şəxsən görmüsünüzmü?
Cavab: Xeyr. Görməmişəm. Görməyim də mümkün deyil. Sizin bu sualınız cavabı özündə olan sualdır. Bir adamın döyüldüyü, işgəncəyə məruz qaldığı kabinetdə, kamerada, “doprixod”da bir döyülən, bir də onu vəhşicəsinə döyənlər olur. Siz həqiqətən bu cinayətin üstünü açmaq istəyirsinizsə, hadisə günü nəzarət kameralarından çıxarışları əldə edin, Elşadın, başına gətirilənlər barədə, danışdığı dustaqların təhlükəsizliyini təmin edin ki, onlar düzgün ifadə versinlər, çünki qorxurlar, heç biri Elşadın taleyini yaşamaq istəmir, Elşadın cəzaçəkmə müəssisəsinə daxil olarkən xəstə olub-olmamasını, xəstə olubsa niyə mərkəzi xəstəxanaya göndərilməməsini, ölən günədək hansı dərman preparatlarını qəbul etdiyini, xəstə olmayıbsa ölümün həqiqi səbəbini, dustaqlara səhhətindən şikayət edib-etməməsini, həbs edilənədək yaşadığı yer üzrə klinikada qeydiyyatda durub-durmadığını aydınlaşdırın. Döyülmə yerindəki nəzarət kameralarından çıxarışlara baxsanız, mərhumun necə döyülməsini və döyüldükdən sonra da sürüyə-sürüyə “karser”ə aparıldığını görəcəksiniz. Bir də ki, təsəvvür edin ki, mən yetiməm, heç kimim yoxdur, məni döyənləri görən olmayıb, heç kimə deyə bilməmişəm çünki dərhal ölmüşəm, görənlər və bilənlər də qorxularından düzgün ifadə vermirlər, ekspertlər ələ alınıb saxta rəy veriblər, dövlət öz vətəndaşına qarşı törədilmiş bu cinayətin üstünü necə açmalıdır belə vəziyyətdə, buyurun elə də açın".
Qurban Məmmədov daha sonra cəmiyyətə çağırış edib: “Əziz həmvətənlər!
Elşad Babayev siyasətçi deyil, müxalifətçi də deyil. Sizlər kimi sıravi vətəndaşdır. Demək ki, bu ölkədə hər an, hər bir vətəndaşın qanı bata, batırıla bilər. Sizinki də həmçinin. 
Bu taleni yaşamaq, övladlarınıza da yaşatmaq istəmirsinizsə, başqalarına qarşı törədilmiş haqsızlıqlara qarşı etiraz səsinizi vaxtında ucaldın ki, yeri gələndə sizi də müdafiə etməyə adamlar tapılsın. Hələ ki, gec deyil".
Xatırladaq ki, dekabrın 22-də 31 yaşlı məhkum Elşad Babayev həbsxananın 5 nadzoru – Firdovsi, Faiq, Rahib, Ismayıl və Vüqar tərəfindən işgəncə ilə öldürülüb. Bundan sonra həbsxanadakı məhkumlar baş verən haqsızlığa qarşı etiraz ediblər. E.Babayevin bacısı S.Babayeva qardaşının ölümündə suçu olan hər kəsin cəzalandırlmasını tələb edir.
E.Babayevin dünyasını dəyişməsi faktına görə Qaradağ Rayon Prokurorluğunda cinayət işinin başlanıldığı bildirilir. Bu günə qədər prokurorluq orqanları olayla bağlı rəsmi məlumat verməkdən çəkinirlər. Bu isə baş vermiş cinayətin ört-basdır edilməsi haqda müzakirələrə yol açıb.