Milli Şura meriyanı məhkəməyə verəcək

Müzəffər Baxışov: «Bakı Şəhər Icra Hakimiyyəti mitinqin kütləviliyinin qarşısını almaq üçün görüş vaxtını özü diqtə edir»

 
Qurban Məmmədov: «Hakimiyyət özünü elə aparır ki, sanki Milli Şura ilə əməkdaşdır və mitinqin vaxtını müəyyən edirlər»
 
Məlum olduğu kimi, Bakı şəhər Icra Hakimiyyəti Milli Şuranın mayın 17-də keçirməyi planlaşdırdığı aksiyaya razılıq vermədi. Meriyanın Milli Şuranın müraciətinə cavabında göstərilib ki, mitinqin 16-da keçirilməsinə icazə verilir. Bu da faktiki olaraq mitinqə icazə verilmədiyi anlamına gəlir.
Bakıda keçiriləcək Avropa Oyunları fonunda beynəlxalq aləmin diqqətinin Azərbaycana yönəldiyi bir vaxtda müxalifətə təyin etdiyi günlərdə mitinq keçirməyə imkan verilməməsi bir daha bu hakimiyyətin qeyri-demokratik, avtoritar mahiyyətini ortaya qoyur. Eyni zamanda, Azərbaycanda sərbəst toplaşma azadlığının boğulduğunu sübut edir.
Aydın məsələdir ki, hakimiyyət ölkədə sosial-iqtisadi vəziyyətdən xəbərdardır. Euni zamanda, ölkədə sosial gərginliyin pik həddə olduğunu da yaxşı bilir və bu səbəbdən dinc mitinqlərin artan xətt üzrə baş tutmasından ehtiyatlanır.
Hüquqşünas Müzəffər Baxışov “Azadlıq”a açıqlamasında bildirib ki, əgər Bakı Şəhər Icra Hakimiyyəti hər hansı siyasi təşkilatın mitinq keçirməklə bağlı müraciətinə cavab olaraq aksiyanın vaxtını özü diqtə etməyə çalışırsa, bu artıq qanun pozuntusudur. Hüquqşünasın sözlərinə görə, Bakı Şəhər Icra Hakimiyyətinin məlum cavabı “Sərbəst toplaşma azadlığı” haqqında qanunun tələblərinin, həmçinin Konstitusiyanın 49-cu maddəsinin kobud şəkildə pozulmasıdır.
Müzəffər Baxışov onu da qeyd edir ki, bu cür kütləvi tədbirlərin bazar günü keçirilməsi daha çox məqsədəuyğundur: “Müəyyən iş yerləri, təhsil müəssisələri var ki, orada şənbə günü də iş günüdür. Bu səbəbdən də vətəndaşlar ”Sərbəst toplaşma azadlığı hıqqında" qanunun verdiyi hüquqdan yararlana bilmirlər. Görünür, Bakı Şəhər Icra Hakimiyyəti tədbirin kütləviliyinin qarşısını almaq üçün görüş vaxtını özü diqtə edir".
Hüquqşünas onu da qeyd edir ki, Milli Şura Bakı Şəhər Icra Hakimiyyətinin bu cavabından məhkəməyə şikayət etmək hüququna malikdir: “Ölkədə normal məhkəmə sistemi olsaydı, belə məsələyə görə məhkəmənin Bakı Şəhər Icra Hakimiyyətinin xeyrinə deyil, mitinq üçün müraciət etmiş siyasi təşkilatın xeyrinə ədalətli qərar çıxaracağına inanmaq olardı. Amma təəssüf ki, indiki vəziyyətdə bu, inandırıcı deyil”.
 
“Milli Şuranın artan nüfuzu hakimiyyəti ciddi narahat edir”
 
Başqa bir tanınmış hüquqşunas, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Qurban Məmmədov ilk növbədə onu qeyd edir ki, “Sərbəst toplaşma haqqında” qanun hər hansı kütləvi tədbirin dövlət orqanından icazə deyil, xəbərdarlıq prinsipilə həyata keçirilməsinə imkan verir: “Kütləvi tədbirlərin, mitinqlərin keçirilməsi üçün Bakı Şəhər Icra Hakimiyyətinə müraciət edib, hökuməti tədbirdən xəbərdar etmək kifayətdir. Hökumətin isə borcu bu tədbirin təhlükəsizliyini təmin etməkdən ibarət olmalıdır. Əgər təyin olunan görüş zamanı müraciət olunan məkanda digər bir tədbirin keçirilməsi nəzərdə tutulubsa, bu başadüşüləndir. Belə olan halda, Bakı Şəhər Icra Hakimiyyəti müraciət etmiş siyasi quruma görüşün vaxtının dəyişdirilməsilə bağlı sadəcə, təklif edə bilər”.
Qurban Məmmədov onu da qeyd edib ki, indiki məqamda hökumət özünü Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü kimi aparır: “Hakimiyyət özünü elə aparır ki, sanki onlar Milli Şura ilə əməkdaşdır və mitinqin vaxtını müəyyən edirlər. Bu tamamilə qanunsuzdur. Bakı Şəhər Icra Hakimiyyəti bu addımlari ilə insan hüquqlarını, vətəndaşların sərbəst toplaşmaq azadlığını kobud şəkildə pozmuş oldu. Milli Şura belə bir vəziyyətdə qanuna uyğun olaraq, məhkəməyə müraciət edəcək, artıq bu istiqamətdə proses başlanıb. Təəssüf ki, Azərbaycan hakimiyyəti Avropa Oyunları ərəfəsində dünyanın diqqətinin ölkəmizə yönəldiyi bir vaxtda bu cür qanunsuzluqlar edir, ölkənin imicini daha da aşağı salır. Hökumət bu qanunsuzluqlarla, əslində, özünü bir daha ifşa etmiş oldu. Onlar hazırkı dövrdə xalqın qəzəbindən çox qorxurlar.ÿMilli Şuranın narazı vətəndaşların etiraz səsini ucaldan bir qurum olaraq ictimaiyyətdə artan nüfuzu hakimiyyəti ciddi narahat edir. Bütün bu qanunsuzluqlar bundan irəli gəlir”.
Emil