Hakimiyyətin növbəti mitinqə mane olmasına müxalifətdən cavab: "Siz özünüzü ifşa etməkdə olun, cənablar!"
AXCP sədri Əli Kərimli facebook səhifəsində Milli Şuranın son qərarı ilə bağlı açıqlama yayıb. Ə.Kərimli yazır:
"17 may mitinqimizə ona görə razılıq vermədilər ki, məcbur olub, mitinqi 16 mayda (şənbə günü) keçirək. Ümid edirdilər ki, məhdud informasiya resursu ilə 2-3 gün ərzində mitinqin yeni tarixini çox adama çatdıra bilməyəcəyik. Üstəlik, şənbə günü iş olan müəssisələr vasitəsilə bir çox insanların mitinqə qatılmasına mane olacaqlarını və bu yolla da mitinqdə iştirak edənlərin sayının nisbətən azalacağını düşünürdülər.
Biz də Milli Şura olaraq qərara gəldik ki, hökumətin istəyi ilə mitinqin vaxtını mayın 17-dən 16-na keçirməyək. Əgər hökumətin Avropa Yay Oyunları ərəfəsində sərbəst toplaşmaq azadlığını tamamilə aradan qaldırmaqla özünü dünyada daha da ifşa etmək kimi bir arzusu varsa, niyə onlara bu imkanı verməyək?
Siz özünüzü ifşa etməkdə olun, cənablar! Biz isə tələsmirik. Milli Şuranın növbəti mitinqini 24 may tarixinə (saat 15:00, “Məhsul” stadionuna) təyin etdik. Siz talan və yalanı davam etdirməkdən yorulmursunuzsa, biz də “Talana son!” deməkdən yorulmayacağıq!".
***
Milli Şuranın Koordinasiya Mərkəzi mayın 17-nə təyin olunan mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin cavabını müzakirə edib və müvafiq qərar verib. Koordinasiya Şurasından azadliq.info-ya verilən xəbərdə deyilir ki, qurum BŞİH-in mitinqi mayın 17-də yox, 16-da keçirməyə razılıq verməsini qanuna zidd sayır. Koordinasiya Şurası BŞİH-in bu cavabını 17 mayda mitinqin keçirilməsinə faktiki razılıq verməmək kimi qəbul edir. Koordinasiya Mərkəzi mitinqi Milli Şuranın elan etdiyi vaxtda keçirmək hüququnu vurğulayıb və razılıq verilmədiyi üçün 17 may mitinqini təxirə salıb. Qurum eyni zamanda növbəti mitinqin vaxtını da müəyyən edib. Növbəti mitinq mayın 24-nə təyin olunub. Koordinasiya Mərkəzi deyilən tarixdə mitinq üçün BŞİH-ə müraciət etməyi qərara alıb.
***
Demokratik Qüvvələrin Milli Şurasımnın mitinqinin mayın 17-də keçirilməsinə Bakı şəhər İcra Hakimiyyətinin icazə verməməsi qurum tərəfindən tənqidlə qarşılanıb.
***
Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın 17 may tarixinə təyin etdiyi “Talana son” mitinqi ilə bağlı müraciətə cavab verib. BŞİH nöbvəti dəfə təxribat törədərək mitinqin təyin olunan tarixdə keçirilməsinə raızlıq verilməyib. BŞİH cavab məktubunda mitinqin mayın 16-da keçirilməsinə razılıq verildiyini qeyd edib. Lakin bu, təşkilatçılarla razılaşdırılmadan edilib.
Mitinq Komitəsinin sədri Fuad Qəhrəmanlı BŞİH-in bu cavabını qanuna zidd adlandırıb və bununla bağlı məhkəməyə müraciət olunacağını deyib. F.Qəhrəmanlı bildirib ki, mitinqin mayın 16-da keçirilib-keçirilməyəcəyi Milli Şurada və AXCP-də aparılacaq müzakirələrdən sonra bəlli olacaq.
Lakin BŞİH-in təşkilatçılarla razılaşdırmadan aksiyanın vaxtını dəyişmək hüququ yoxdur. Milli Şura isə bütün hazırlıqlarını mayın 17-i üçün edib. Bu baxımdan mitinqin vaxtının dəyişməsi faktiki onun keçirilməsinə razılıq verilməməsi deməkdir.
“Bu hakimiyyətin Milli Şuranın mitinqlərindən qorxuya düşməsinin göstəricisidir. Hakimiyyət cəmiyyətdə fəallığın getdikcə artmasından və Milli Şuranın mitinqlərində daha kütləvi iştirak etməsindən narahatdır. Hesab edirik ki, hakimiyyət bu yolla ölkədə sərbəst toplaşmaq azadlığının qarşısını faktiki almış olur”, – deyə F.Qəhrəmanlı qeyd edib.