Gözdən-könüldən uzaq sahə…

Mingəçevir şəhər Mədəniyyət və Turizm şöbəsi

 
 
Təkcə son 2 ildə tenderlər vasitəsilə ayrılmış vəsait hesabına şəhərdə yeni mədəniyyət ocaqlarının inşası mümkün idi
Azərbaycanda büdcə pullarının ən çox talandığı nazirliklərdən biri Mədəniyyət və Turizm Nazirliyidir. Bu nazirlik “yeyilən” büdcə pulları ilə bəlkə də başqa nazirliklərlə müqayisədə liderdir. Səbəbi isə çox sadədir. Nazirliyin balansında bəlkə də yüzlərlə adı olub özü olmayan klub, kitabxana, mədəniyyət evi və dərnəklər fəaliyyət göstərir. Bu adı olub özü olmayan klub, kitabxana, mədəniyyət evi və dərnəklərdə “çalışan” “ölü can”lara dövlət aybaay maaş verir. Hər il milyonlarla manat dövlət vəsaiti bu adı olub özü olmayan klub, kitabxana, mədəniyyət evi və dərnəklərin “fəaliyyəti, saxlanılması, binalarının cari və əsaslı təmiri” üçün sərf olunur. Amma çox vaxt xərclənən vəsaitlərin sənədlərindən başqa heç nə tapmaq mümkün deyil.
 
Əmidən qardaşoğluna miras qalan vəzifə
 
Bu yazıda biz son 2 ildə Mingəçevirin mədəniyyət müəssisələrinin “fəaliyyəti, saxlanılması, binaların cari və əsaslı təmiri”nə ayrılmış vəsaitin nə cür sərf olunmasına işıq tutmağa çalışacağıq.
Bəri başdan qeyd edək ki, ümumiyyətlə, təhsildən və səhiyyədən fərqli olaraq mədəniyyət sahəsi bütün zamanlarda bir növ gözdən-könüldən uzaq olub. Hətta ilk baxışdan nəzərə çarpmasa belə burada qazanc təhsil və səhiyyədəkindən heç də az deyil. Ən əsası isə, “dilə-dişə düşmək” ehtimalı sıfıra bərabərdir.
Mingəçevir şəhər Mədəniyyət və Turizm şöbəsi özündə biri 11 illik olmaqla 2 musiqi və bir incəsənət məktəbi, 3 mədəniyyət evi (S.Vurğunun adını daşıyan mədəniyyət evi barədə bir qədər sonra – A.), 3 klub, Heydər Əliyev Mərkəzi, 2 muzey, Dövlət Rəsm qalereyası, Mərkəzi Kitabxana Sistemi də daxil olmaqla 13 kitabxananı birləşdirir. Bura rəsmi olmasa da, qeyri-rəsmi Mingəçevir Dövlət Dram Teatrını da əlavə etmək mümkündür.
Şöbəyə Tahir Əzizli rəhbərlik edir. Oxucuların diqqətinə bir maraqlı faktı da çatdıraq ki, bu vəzifə ona nə qədər qəribə səslənsə də uzun illərdən bəri həmin postu tutmuş əmisi Idris Məmmədovdan miras qalıb.
 
141(!) şirkətin təsisçisi və təmir işlərinin satın alınmasına ayrılmış 51710 manat
 
Satınalmalar üzrə Dövlət Agentliyinin 2014-cü ilin yanvar-dekabr ayları ərzində müsabiqə əsasında keçirilmiş satınalmalara dair məlumatında Mədəniyyət və Turizm Nazirliyi Mingəçevir şəhər Mədəniyyət və Turizm Şöbəsində əsaslı təmir işlərinin satın alınması üçün “Panda-R” MMC-yə 36460, cari təmir işlərinin satın alınması üçün 15250, idarənin digər xərcləri üzrə satınalmalar üzrə “Comp.Etam” MMC-yə 5798, digər maşın və avadanlıqların satın alınması üzrə 13710 (“Comp.Etam” MMC), avadanlıqların satın alınması üzrə 11770 (“Comp.Etam” MMC), sair xərclər üzrə satınalmalar üçün 14000 (“Comp.Etam” MMC), inventarların satın alınması üzrə 18900 (“Comp.Etam” MMC), dəftərxana ləvazimatının satın alınması üzrə 9900 (“Comp.Etam” MMC), yumşaq inventarların satın alınması üçün 5240 manat (“Comp.Etam” MMC) vəsait ayrıldığı qeyd olunub.
Qısaca olaraq “Panda-R” MMC barədə. Bu MMC-nin qanuni təmsilçisi Mehman Canmirzə oğlu Mirzəliyev, hüquqi ünvanı Quba şəhəri, Heydər Əliyev prospekti, 196 kimi qeyd olunur. 15.01.2014-cü ildə qeydə alınmış “Panda-R” MMC bu yaxınlarda adı şübhəli dövlət satınalmalarında hallandırılan və M.Mirzəliyevin direktoru olduğu 141(!) şirkətdən biridir. Aydın məsələdir ki, M.Mirzəliyev bu işdə “suç keçisi”dir. Əslində bu MMC-lərin arxasında daha qüdrətli əl(lər) dayanıb. Bu şirkətlər 2013-cü ilin sentyabr və noyabr, həmçinin ötən ilin yanvar ayında elektron qaydada qeydiyyatdan keçiblər və ünvan olaraq, Quba, Qusar və Xaçmaz rayonları və kəndləri seçilib. Qeydiyyatdan keçmə və tenderlərdə qalib gəlmə arasında müddət bəzən 2 aya çatır. Halbuki, qanunvericiliyə əsasən, yeni yaradılan MMC 5 il fəaliyyət göstərdikdən sonra tenderdə iştirak edə bilər. Satınalmalar üzrə Dövlət Agentliyinin açıqladığı məlumatlara görə, şirkətlərin bir çoxu 2013-1014-cü illərdə təşkil olunmuş ən azı 243 satınlama prosedurunun qalibi olub.ÿÜmumi dəyəri 6 milyon 897 min 140 manat olan bu satınalma müqavilələrinin təkcə 40-ı Mədəniyyət və Turizm Nazirliyinin özü və ya tabeli təşkilatları ilə bağlanıb. Birdəfəlik istifadə olunan bu şirkətlər bir qayda olaraq cari təmir işlərinin,ÿmebellərin, dəftərxana və təsərrüfat mallarının,ÿiri avadanlığın, digər maşın və avadanlığın, ərzaq məhsullarının satın alınması işlərində təchizatçı kimi göstərilib. Onlar həmçinin məzmunu qaranlıq olanÿ"digər xərclər", “idarənin xərcləri”,ÿ"sair xərclər", “digər alışlar və xidmətlər”,ÿ"kommunal və kommunikasiya xidmətləri" və s. məbləği heç də az olmayan alışları da təmin ediblər. Ən azı büdcədən bu məqsədlə kifayət qədərÿvəsait bu şirkətlərin hesabına yönəldilib.
Aydın məsələdir ki, əksər hallarda bu tipli müəmmalı satınalmaların bir çoxunun qiyməti dəfələrlə şişirdilir, əksəriyyəti isə satınalan təşkilatların “daxili imkanları” hesabına icra olunur. Göründüyü kimi, Mingəçevir şəhər Mədəniyyət və Turizm şöbəsinə əsaslı və cari təmir işlərinin satın alınması üçün “Panda-R” MMC-yə 51 min 710 manat vəsait ayrılıb. Bu “əsaslı və cari təmir işlərinin” nə zaman və harada gerçəkləşdiyi bir yana, yəni doğrudanmı, Mingəçevir şəhər Mədəniyyət və Turizm şöbəsinin rəhbərliyi kiminlə iş gördüyünün fərqində olmayıb?
Əlbəttə, bu bir qədər ritorik sualdır.
“Panda-R” MMC-dən fərqli olaraq “Comp.Etam” MMC haqqında əldə edə bildiyimiz yeganə məlumat bu MMC-nin hüquqi ünvanının Ağsu şəhəriylə bağlılığı oldu. Vəssalam!
 
2013-cü ildə liderlik “Pasifik” MMC-də olub
 
2013-cü ildə “Astoriya” MMC-ni çıxmaq şərtilə (bu MMC-yə Mingəçevir şəhər Mədəniyyət və Turizm şöbəsinə əsaslı təmir işlərinin satın alınması üçün 36489 manat vəsait ayrılıb) Mingəçevir şəhər Mədəniyyət və Turizm şöbəsinin əsas və faktiki olaraq yeganə tərəfdaşı “Pasifik” MMC olub. Bunu aşağıda təqdim etdiyimiz siyahıdan da görə bilərsiniz:
1.Cari təmir işlərinin satın alınması – 15.268,7 manat (qalib – “Pasifik” MMC);
2.Inventarların satın alınması – 18.900 manat (qalib – “Pasifik” MMC);
3.Sair xərclər maddəsi üzrə malların (işlərin və xidmətlərin) satın alınması – 16.360 manat (qalib – “Pasifik” MMC);
4.Dəftərxana ləvazimatlarının satın alınması – 13.700 manat (qalib – “Pasifik” MMC);
5.Yumşaq inventarların satın alınması – 5256 manat (qalib – “Pasifik” MMC);
6.Mətbəə xidmətlərinin satın alınması – 3661 manat (qalib – “Pasifik” MMC);
7.Avadanlıqların satın alınması – 11.700 manat (“Pasifik” MMC);
8.Kommunal və kommunikasiya xidmətlərinin satın alınması 2050 manat – (qalib – “Pasifik” MMC);
9.Idarənin digər xərcləri maddəsi üzrə malların (işlərin və xidmətlərin) satın alınması – 5798 manat (qalib – “Pasifik” MMC);
10.Digər maşın və avadanlıqların satın alınması – 13.710 manat (qalib – “Pasifik” MMC).
 
Gödəniyyət, yoxsa mədəniyyət?
 
Vaxtilə mədəniyyət evləri insanların ən çox toplaşdığı məkanlardan biri olub. Burada sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün kifayət qədər şərait yaradılardı. Lakin araşdırmalar göstərir ki, bugün mədəniyyət evlərinə maraq nəinki tamamilə azalıb, hətta bu evlər özləri mədəni münasibətə, qayğıya möhtacdırlar. Bunu yazının əvvəlində adını xüsusi olaraq vurğuladığımız Mingəçevirdəki S.Vurğun adına Mədəniyyət evinin timsalında daha aydın görmək mümkündür. Şəhər bazarının yaxınlığında yerləşən və mədəniyyət evi adına sözün hər mənasında TƏHQIR sayılacaq bu binada və ətrafında mədəniyyətdən savayı nəyə istəsəniz rast gəlmək mümkündür. Mədəniyyət evi üzük qaşı kimi sallaqxanalar, çayxanalar, cürbəcür yeməkxanalarla halqaya alınıb. Binanın ətrafında ütülən heyvan dırnağının iyi kabab iyinə, kababın tüstüsü üfunət qoxusuna qarışıb. Bir sözlə, mədəniyyət evi formal olaraq fəaliyyət göstərir. Buranın “mədəniyyət evi” olduğunu yəqin ki, hər ay dövlətdən əmək haqqı alan işçilərdən və Tahir Əzizlidən savayı bilən yoxdur. Görünən həm də odur ki, cənab Əzizli şöbəyə rəhbərlik etdiyi illər ərzində sələfi I.Məmmədov kimi vaxtilə şəhərin ən nümunəvi mədəniyyət ocaqlarından sayılan bu binanın ətrafının “gödəniyyət” obyektlərindən xilas edilib öz həqiqi təyinatına – insanların mədəni istirahət mərkəzinə çevrilməsi istiqamətində heç bir addım atmayıb. Yuxarıda təqdim etdiyimiz siyahıdan da göründüyü kimi, vəsait yoxluğunu bəhanə etmək yersiz olardı. Çünki təkcə son 2 ildə ayrılmış vəsait hesabına şəhərdə yeni mədəniyyət ocaqlarının inşası mümkün idi, nəinki kitabsız kitabxanaları hissə-hissə cürbəcür obyektlərə satmaq və ya icarəyə vermək.
Azər