“Fırtına biçmək” vaxtı

elnurastanbeyli@gmail.com
 
Bir neçə gündür “iş adamları” kimi təqdim edilən şəxslərin həbsi haqda oxuyuruq. Rəsmi olaraq hələ təsdiqlənməsə də, bəzi iri kapital sahiblərinin başının ciddi şəkildə ağrımağa başladığı aydındır. Səbəblər müxtəlif ola bilər. Hərçənd mən daha çox neftin ucuzlaşması, üstəlik, neft hasilatının da azalması fonunda hakimiyyətin əlinin xeyli aşağı düşdüyü və yaranan boşluğu kimlərisə “boğmaqla” doldurmaq istədiyi qənaətini bölüşürəm.
Bu məlum tamaşanın ikinci pərdəsidir. Ilk pərdədə “devalvasiya” adı altında bir gecənin içində minlərcə, onminlərcə sadə vətəndaşın faktiki olaraq cibinə girilmiş və hakimiyyət xeyli pul qamarlaya bilmişdi. 
Təəccüblü deyil. Illərdən bəridir yazmaqdan əlimiz, söyləməkdən dilimiz qabar olub: bir meşə yanarsa, oradakı bütün canlılar yanar. Kimsə ölkənin ədalətsiz, çağdışı, talançı yöntəmlərlə idarə olunmasından nəsibini almayacağını düşünməməlidir. Zülmü dadmaq növbəsi hər kəsə çatır. Sadəcə, bir az geci-tezi var.
Bütün bunlar öz yerində. Indi yazacaqlarım “bandotdel” qoxusunu və qorxusunu artıq öz canlarında hiss edən kapital sahiblərinin bizə “sahibkar”, “iş adamı” kimi sırınması ilə bağlıdır. Bəyəm Azərbaycan reallığında kiminsə çoxlu pullarının və qazanc yerlərinin olması onların “iş adamı”, “sahibkar” adlandırılmasına əsas verir? Axı burnu fırtıqlı bağça uşağı da bilir ki, bu ölkədə iri pulları ancaq çirkli yollarla qazanmaq olar. Ölkəyə üç-beş oliqarxik ailənin mərhəmətinə və gücünə sığınmadan diş çöpü belə gətirməyin mümkün olmadığı, hansı daşı qaldırsan, bəlli ad-soyadların çıxdığı bir şəraitdə kiminsə öz ağlı, bacarığı ilə hər hansı biznes karyerası qurması mümkündürmü və yaxud inandırıcıdırmı?
Kim bilmir ki, bugünkü Azərbaycanda iri və orta biznesə sahib olmağın yolu:
– Sistemə loyal davranmaqdan;
– nəhəng korrupsiya mexanizminin bir parçasına çevrilməkdən;
– əliəyrilikdən;
– işçiləri istismar etməkdən;
– dar ayaqda rejimin köməyinə yetişəcək qoçu dəstələri bəsləməkdən… keçir.
Azərbaycanda iri və orta biznes sahibi olmaq üçün hansısa xüsusi bilik və bacarıqlara ehtiyac yoxdur. Kürəyində güclü bir əli hiss etmək kifayətdir ki, məsələn, “Hafka” ləqəbli Hafiz Məmmədov kimi, danışanda ağzından horra tökülsün, amma pulunu da balta kəsməsin, şirkətləri qaz vurub qazan doldursunlar.
Balıq hafizəli olmağa ehtiyac yoxdur. Yaddaşı korşalanlar uzaqbaşı internetdə bir-iki saat axtarışla son zamanlar Sistemin qəzəbinə gəlmiş “iş adamları”nın bugünkü kapitallarına, mal-mülklərinə bir zamanlar hansı yolla yiyələndiklərinə dair minlərlə, onminlərlə xəbər tapa bilərlər. Onlar bütün bu gözqamaşdırıcı sərvəti sadəcə, rejimə yarınaraq, nə qədər vətəndaşın evini başına uçuraraq, nə qədər məktəbin, bağçanın həyətini sataraq, nə qədər insanı aldaıb, ölkədən didərgin salıb, həbsə atdırıb, o dünyaya göndərib sonra da onların puluna, əmlakına sahiblənərək əldə ediblər.
Sonra da əldə etdiklərini qorumaq və daha da artırmaq üçün ölkədə zülmün züyçüsünə çevriliblər, qazandıqlarının bir hissəsi ilə qoluzorlular bəsləyiblər, onları protest elektoratının ən kiçik başqaldırısında vətəndaşın üstünə göndəriblər. Beləcə, Azərbaycanda məzlumun ahını alan, qul haqqı yeyən, istismarçı, talançı bir düzənin güclənməsi üçün əllərindən gələni ediblər.
Nəticə isə göz önündədir.
Artıq bu düzənin “qurbanı” olmaq növbəsi onlardadır. 
Indi öz qazdıqları quyuya özləri düşürlər.
Külək əkənlərin fırtına biçmək vaxtı yetişib. 
Şəxsən mənim məlum baş verənlər fonunda kiməsə acımaq, onlara azadlıq-mazadlıq tələb etmək fikrim-filan yoxdur, əksinə, çoxdan gözlənilən bu “tamaşa”nı böyük zövqlə və keflə izləyəcəyəm.
Necə deyərlər, “öz cəzandır, çək Balaş!”