Fazil Məmmədov Cahangir Əsgərovun bazarına girir

Vergilər naziri «Synergy Jet» adlı aviaşirkət yaradır

 
Aprelin 30-da “Synergy Jet” şirkəti dövlət qeydiyyatından keçib. Adından göründüyü kimi, ölkədə üçüncü özəl aviaşirkət yarana bilər. 
Vergilər Nazirliyinin məlumatına görə, yeni şirkətin hüquqi ünvanı Bakıda yerləşən  “Yeni Həyat" işgüzar mərkəzidir. Azərbaycann iki aparıcı holdinqi “AtaHolding” və “Synergy Group”un baş ofisləri və bir çox törəmə şirkətləri burada yerləşir. 
“Synergy Jet” MMC-nin nizamnamə kapitalı 10 000 manat təşkil edir. Şirkətin direktoru Səbuhi Əliyevdir. O, əvvəllər “Ata Bank” ASC-də çalışıb.
“Synergy Group” Şirkətlər Qrupundan bu holdinqin yeni yaradılan şirkətə hüquqi münasibəti, onun fəaliyyət planı, cari il üçün planları barədə Turan-ın suallarını cavablandırmaqdan imtina ediblər. “Synergy Group” ASC-nin maliyyə hesabatına görə, onun səhmdarları 2010-2013-cü illərdə, o cümlədən 2013-cü ildə  müəssisənin fəaliyyətinə 164,7 mln. manat həcmində sərmayə qoyublar. Dekabrın 31-nə olan vəziyyətə görə, holdinqin konsolidasiya edilmiş zərəri 33 mln. manatı ötür.
Müxtəlif fəaliyyət sahələrini əhatə edən 30-dək şirkətin daxil olduğu “Synergy Group” ASC 2010-cu ilin aprelində təsis edilib. Ötən ilin sonlarından, “Caspian Development Bank” (əvvəllər “Kövsər Bank”) holdinqə daxil olduqdan sonra o, maliyyə-sənaye qrupu hesab olunur.
Məlumatlara görə, holdinqin qeyri-sahibi vergilər naziri Fazil Məmmədovdur. Amma rəsmi məlumatlara görə, qrupun 99 faiz səhminin sahibi Əşrəf Kamilovdur. Digər rəsmi hesabatlara görə o, Akkord Sənaye-Inşaat Investisiya Korporasiyasının əsas benefisiarıdır.