Eşşəyin itməkliyi kimi bir zad: “Kirlənmək gözəldir!”

(Hələ qaldığımız yerdəyik, böyük və unudulmaz Mirzə Cəlil…)
 
Qırmızı işıq
 
Özəl Qəbələnin diribaş rəsmiləri tərəfindən içində boğulmağa məhkum olunduğum süni problemlə bağlı növbəti dəfə yerli hökumətin qapısına getdim. Binanın girişindən içəri adlamaq istəyəndə gənc bir məmur əllərini qabağa verib üstümə gəldi: – Olmaz, olmaz, ayaqqabınızı təmizləyin, sonra! Ayaqqabılarım ona görə təmizdi ki, qəzadan sonra onları evdə geyinib çıxıram. Evdən ora qədər isə taksiylə gəldiyimdən kirlənməmişdi. 
 
Elçi daşı
 
Əvvəllər camaat sovetdən qalma adətlə gözləmə otağında oturub gözləyərdi. Yəni birinci şəxs daxil olmaqla önəmli məmurların yerləşdiyi mərtəbələrdə. Axır vaxtlar “gözləmə otağı” giriş qapısının açıldığı dəhlizəbənzər yerdə təyin edilibmiş. Yəni qapının ağzındaca dərdini mənə qışqıran uşağa deyirsən, o da elə oradanca səni “yola verir”. Həm də və nədənsə bir qayda olaraq bu işlər gənc məmurlara tapşırılır.
Bizim gənc qəhrəman stolunun arxasına keçib, iri dəftərxana kitabını aça-aça məndən soruşdu: – Probleminiz nədir? – Mənim problemim sənin kitabına sığmaz bala, yuxarı çıxmaq istəyirəm, dedim. O, qəfil ciddi görkəm alıb tamam başqa səslə harasa zəng vurdu. “Yox” cavabını sevimli gəncin iztehzalı baxışlarından oxudum: “Sənin oralarda nə işin var, ay yazıq?” 
Onda məni aşağı səviyyəli digər məmurun yanına göndərdilər. Həmin digər məmur ifadəsiz bom-boz sifətinə guya ciddilik yapışdırıb mənim məsələmin son aylar səyyar rejimə keçən baş memara aid olduğunu bildirdi. 
– Onu tapa bilmirəm,- dedim. – Onu kim tapır ki?,- deyə məzələndi: – Idarəyə gəlmir axı? Çarəsiz-çarəsiz soruşdum: – Bəs indi mən neyləyim? – Axtarın, Ismayıl bəy Qutqaşınlı küçəsində obyektləri gəzir…
Bir ildə üç əməliyyatdan keçmiş sol ayağım qeyri-ixtiyari sızıldadı. Birtəhər qapıya yönəlmişdim ki, iqtidar yetiklisi arxamca güllə kimi səsləndi: – Allah yetirsin!
 
“Marafon”
 
Sınağın ikinci – daha ağır hissəsi qarşıdaydı. Memarın cibinə zəng eləyib onu görmək istədiyimi bildirdim. – Mümkün deyil, dedi, küçədəyəm. – Küçənin harasında? – Nə dəxli var harasında? Indi taksi dayanacağındayam, iki-üç dəqiqədən sonra “Təhsilin tinində” olacam (“Təhsilin tini”ni yaxşı dedi, çünki bu adam dəqiq təhsil deyilən şeyin tinindən o tərəfə keçə bilməmişdi). – Beş-altı dəqiqə məni gözləyə bilərsiniz? Çox vacibdi? – Yalnız beş dəqiqə! – deyib telefonu bağladı. Beş dəqiqəyə piyada ora çatmaq imkansızdı (Icranın köhnə binasından həmin yerə yol Heydər Əliyev parkından keçirdi). Mən həmin məsafəni təxminən altı dəqiqəyə qət elədim. Baş memarın zəhmli yekəpər avtomobili görünmürdü. Getdikcə sürətim artdığından mən daha üç-dörd dəqiqəyə özümü “Təhsilin tininə” çatdırdım. Getmişdi! Nəfəsimi dərib zəng vuranda yerini bu dəfə bir az da uzaqdan nişan verdi. Uzun fasilədən sonra “qaydasız döyüşə” yollanan sol ayağım gücdən düşürdü. Di gəl ki, nə olur-olsun düçar olduğum alçaldıcı oyunun sonuna çatmalıydım. Nəhayət, çatdım da.
Həyəcandan dumanlanmış gözlərimin güclə seçdiyi baş memar “siz dayanın, gəlməyin!” deyərək mənə sarı gəlirdi. Lənət şeytana! Yenə ayaqqabılarımmı? Yaddaşımdakı axırıncı “ayaqqabı təmizləmək” əmrinin bura nə dəxli vardı görəsən? Yox, ayrı səbəbdən… Baş Memarın “finiş”ə beş-altı addım qalmış “centlemenliyi” tutubmuş… 
 
Ayıb dərsi
 
Yeriməyə onsuz da taqətim qalmamışdı. Azca dincimi almaq üçün büdcəni ildə beş-altı dəfə qurudan yaş küçə divarlarından birinə söykəndim. Baş memar həvəslə prezidentin iki-üç gündən sonra gözlənilən gəlişinə fövqəladə hazırlıqdan danışmağa başladı. Belə bir möhtəşəm, əlamətdar vaxtda vətəndaşın hər hansı şəxsi problem dalınca düşməsi ayıb sayıla bilərmiş. Hansı ki, möhtərəm prezident qəbələlilərə xüsusi münasibət bəsləyir. Hələ Qəbələni cənnətə döndərib bizə iş, çörək verən ata oğul heydərovlara olan əbədi borcumuz!!!  
Doğrudan da ayıbdı. Mən divardakı pullu əməliyyatlardan vəcdə gələrək mənə əlifba öyrədən çiy məmurın qarşısında olmağımdan utanırdım. Məni buralara qədər gətirən əzabkeş ayağımdan xəcalət çəkirdim. 
Illərdir arxasınca süründürüldüyüm həyati məsələyə gəlincə, o hadisədən sonra o məsələni xatırlayanda sol ayağım yaman sancır. Ürəyə yaxın həmin ayağımın xətrinə o kiçicik mülkiyyəti Qəbələnin faktiki yiyəsinə bağışlamaq qərarına gəldim. Hərçənd arzum qayğıkeş məmurların sayəsində qərardan çox əvvəl həyata keçibmiş. Olsun! Əsas ki, borcumuzun üstündən gedir…
O gün evə çatanda ayaqqabılarım yaman kirlənmişdi…