“Bandotdel”də Azərbaycan qanunlarını saymırlar

 
15 gündür ki, Fuad Əhmədlinin vəkililə görüşünə imkan verilmir; gənc fəalın üzərində işgəncə xəsarətlərinin olduğu ehtimal edilir
Aprelin 28-dən etibarən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin (“bandotdel”)ÿəməkdaşları tərəfindən oğurlanan və nəhayət, bir həftədən sonra 25 sutka həbs cəzası aldığı barədə xəbər verilən AXCP Gənclər Komitəsinin fəalı Fuad Əhmədlinin harada və necə saxlanıldığı hələ də məlum deyil. Çünki bugünədək nə yaxınlarının, nə də vəkilinin Fuad Əhmədli ilə görüşməyinə imkan verilmir.
Gənc fəalın atası Zəfər Əhmədli “Azadlıq”a açıqlamasında deyib ki, oğlu ilə heç bir əlaqə yoxdur. Bu səbəbdən də onun durumundan ciddi şəkildə narahatdır: “Bizə məlum olan yalnız budur ki, Fuad 25 sutka həbsə məhkum edilib. Yanına yemək və geyim göndərmək mümkün olsa da, özü ilə heç bir əlaqəmiz olmayıb”.
Fuad Əhmədlinin vəkili Bəhruz Bayramov isə"Azadlıq"a bildirib ki, ona hüquqlarını müdafiə etdiyi şəxslə görüşməyə imkan verilmir: “Fuad ÿƏhmədlinin qanunsuz saxlanılması, polis orqanlarının vəzifəsindən sui-istifadə etməsilə bağlı Daxili Işlər Nazirliyinə məlumat vermişik. Eyni zamanda, vəzifəli şəxslərin qanunsuz hərəkətlərindən Nərimanov Rayon Məhkəməsinə şikayət vermişik. Mənə və yaxınlarına məlum olan olan budur ki, Fuad Əhmədli Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 25 sutka inzibati həbs cəzasına məhkum edilib. Bu məlumatı da məhkəmənin dəftərxanasından əldə etmişik”.
Fuad Əhmədliÿ Inzibati Xətalar Məcəlləsinin 296-cı (xırda xuliqanlıq) və ÿ310.1 (polisin qanuni tələbinəÿtabe olmama) maddələrilə ittiham olunub.
Qeyd edək ki, Fuad Əhmədlinin inzibati həbs cəzası aldığı halda, “bandotdel”də saxlanılması, üstəlik, 15 gündür ki, nə yaxınları, nə də vəkililə görüşməyinə imkan yaradılmaması ona işgəncə verilməsi ehtimalını artırır. Ehtimal edilir ki, Fuad Əhmədli işgəncələrə məruz qalıb və üzərindəki xəsarət izlərinə görə onun görüşlərinə icazə verilmir. Belə deyilsə, o zaman hansı səbəbdən gənc fəalın vəkililə görüşməsi qadağan edilib. Vəkillə görüşə qadağa qoyulması Fuad Əhmədlinin müdafiə hüququnun kobud şəkildə pozulması ilə yanaşı, həm də “bandotdel”də ölkə qanunlarının, Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyaların sayılmadığının göstəricisidir. Çünki həm yerli qanunlar, həm də qoşulduğumuz konvensiyalar şəxsin tutulan andan vəkillə təmin olunmasını, onun müdafiəçisi ilə məhdudiyyətsiz və konvidensial görüşünü nəzərdə tutur.
Informasiya şöbəsi