Mövzunun şərhindən əvvəl, ön söz olaraq, təəssüf doğuran bəzi məqamların xatırlanmasını lazım bildik. Şeirə, qəzələ həvəs göstərdiyinə görə keçən əsrdə azərbaycanlıları şair xalq adlandırırdılar. 80-ci illərin sonu, 90-cı illərdə başımız daşdan-daşa dəyəndən sonra şair xalq olmağımızdansa, bizə öcəşənləri böyürtkən kolu kimi zədələyə bilmədiyimizdən təəssüflənənlər də tapıldı.
Keçən əsrin 90-cı illərində Ermənistanın Cermux qəsəbəsində yeddi yüz azərbaycanlı qız-gəlinin əsirlikdə olduğunu öz gözləri ilə görən bir xarici jurnalist Rusiya qəzetlərinin birində bu hadisəyə dair yazı ilə çıxış etmişdi. Sonralar məlum oldu ki, həmin əsirlərin yarısından çoxu tələf edilib, daxili orqanlara satılıb. Ürək ürpədən bu hadisəyə bizlərin laqeydliyi acı təəssüf doğurur.
Şovinist xislətli bəzilərinin xalqımızın tarixi varlığını şübhə altına alması, onu hansısa “Kaspi tayfası” adlandırması, üstəlik, “Azərbaycanda 8 million qoyun yaşayır” deməsinə də laqeyd münasibətimiz təəssüf doğurur.
XXI əsrin əvvəllərindən kulinar (aşbaz) və nəğməkar xalq imici qazanmaq uğrunda fəaliyyətimizi genişləndirdik, şair xalq imicimizi arxa plana keçirdik. Hətta belə bir sadəlövh fikir formalaşdırıldı ki, guya nə qədər çox rəqs etsək, qaval döycələsək, tar, kamança, saz, balaban çalsaq, “Şuşanın dağları”, “Qarabağ şikəstəsi” mahnılarını ifa etsək, yarpaq dolmasının və “Sarı gəlin” mahnısının azərbaycanlılara məxsus olduğunu sübut edə bilsək, tərəqqipərvər xalq olduğumuzu dünya xalqlarına asanlıqla tanıdar, erməniləri də işqal etdikləri ərazilərimizdən qovub, çıxara bilərik…
Əlbəttə, aşbazlıq, xalçaçılıq, məlahətli mahnı ifaçılığı, şeir yazmaq lazımdır, lakin maarifpərvər, yüksək təhsili, elmyönlü xalq imici ilə özümüzü dünya xalqlarına tanıtmağımız daha vacibdir.
Meyarlar itən yerdə
Əvvəlcə öz haqqımda. Mən 1954-cü ildə orta məktəbi, 1959-cu ildə ali məktəbin əyani şöbəsini mühəndis elektromexanik ixtisası üzrə bitirmiş, həmin il təyinatla neft sənayesində əmək fəaliyyətinə göndərilmişəm. Sonralar əmək fəaliyyətimi tikinti materialları istehsal edən müəssisədə, daha sonralar maşınqayrmada və elmi-tədqiqat institutunda davam etdirmişəm. Işləməyə kifayət qədər həvəsim və enerjimin olmasına baxmayaraq, ölkədə durumun çətinləşməsi ucbatından 1997-ci ildə əmək veteranı olaraq, əmək təqaüdünə çıxmağa məcbur olmuşam. Bundan sonra, fürsət düşdükcə, fasilələrlə əmək fəaliyyətimi davam etdirmiş, 2010-cu ildə əmək fəaliyyətimi dayandırmışam.
Iki əsrin müxtəlif mərhələlərini əhatə edən 51 illik əmək fəaliyyətim ərzində öhdəmə düşən vəzifələri vaxtlı-vaxtında, keyfiyyətlə yerinə yetirmiş, əmək şəraitinin təhlükəzliyini təmin edən, əmək məhsuldarlığını artıran, avadanlığın istismar müddətini uzadan çoxlu sayda səmərələşdirici təkliflərin, ixtiraların, elmi məqalələrin müəllifi olmuşam.
Şəxsən rəhbərliyim və bilavasitə iştirakımla layihə etdiyimiz, kütləvi sənaye istehsalına və “Dövlət keyfiyyət nişanı” ilə təltifinə nail olduğumuz elektrik mühərrikləri nəinki respublikamızın, ittifaqın digər respublikalarının, hətta bir çox xarici ölkələrin istehsal obyektlərində tətbiq edilmiş, ölkənin iqtisadiyyatına xeyli fayda vermişdir.
Bundan əlavə, üzvü olduğum təşkilatların ictimai həyatında da təmənnasız olaraq, fəal iştirak etmiş, kollektivin hörmətini qazanmış, dəfələrlə fəxri təşəkkürnamələrlə mükafatlandırılmışam.
Şəklim istehsalat qabaqcıllarının şərəf lövhəsində dəfələrlə yer alıb, keçən əsrin 60-cı illərinin əvvəllərində Azərbaycan televiziyasında, gənc mütəxəssis olaraq, iş təcrübəmi paylaşmağıma həsr edilmiş verilişin iştirakçısı olmuşam. Həmin vaxtlar Azərbaycan radiosunda da əmək nailiyyətlərimə dair veriliş verilib. Beləliklə, əmək fəaliyyətimlə, dövlətin 15 illik təhsilimə şərt etdiyi vəsaitin əvəzini artıqlaması ilə çıxmışam.
Hər hansı vəzifə iddiasında olmadığımdan, həyatımın qalan hissəsini sakit bir şəraitdə davam etdirməyim daha məqsədyönlü olsa da, həmişə qaynar əmək həyatı yaşadığımdan, cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlərə münasibətdə etinasız qala bilmərəm.
Söhbət təhsildən gedir – istənilən ölkənin tərəqqisində və tənəzzülündə həlledici rol oynayan təhsildən.
Qənaətimcə, təhsilin minimum və maksimum vəzifələri vardır. Mühəndis olaraq, düşünürəm ki, bu gedişlə bizlərin təhsilin maksimum vəzifəsinə nail olmağımız real görünmür. Bununla belə, toplum olaraq, heç olmasa, təhsilin minimum vəzifəsinə nail olmağımıza borcluyuq. Təhsilin minimum vəzifəsi dedikdə cəmiyyət üçün kamil insanların yetişdirilməsi nəzərdə tutulur. Görkəmli maarifçi şairimiz S.Ə.Şirvani vaxtilə bu haqda deyib:
Demə bu, kafər, ol müsəlmandır,
Hər kimin elmi var, o, insandır.
Başqa bir şerində isə öz dövrünün mücdəhidlərinə üz tutaraq:
Xaçpərəstlər tamam düşdü qabaq
Tökülüb dalda qaldıq, ay sarsaq! – deyib.
Bəli, bu gün cəmiyyətimizdə kamil insanlara böyük ehtiyacımız var.
Hər şey isə respublikamızın müstəqilliyinin ilk illərində yaranan iqtisadi çətinliklərdən başladı. Ölkədə istehsalatyönlü peşə sahələrinin, elmi-tədqiqat, layihə-konstruktor və texnoloji büroların və fabrik, zavod tipli intelektual iş yerlərinin olmaması əhalinin müxtəlif təbəqələrinin, hətta orta məktəblərimizin kişi cinsindən olan müəllimlərinin ticarətin müxtəlif sahələrinə üz tutmasına səbəb oldu. Sonrakı illərdə məişət xidməti səciyyəli iş yerlərinin, xüsusilə iri özəl ticarət obyektlərinin fəaliyyətə başlaması iqtisadi vəziyyətdə müəyyən dirçəliş yaratsa da, əhalinin yeni dalğasının – xüsusi ilə gənclərin bu obyektlərə üz tutmasını bir qədər də sürətləndirdi. Nəticədə ölkənin iri yaşayış məskənləri əsl bazar meydanına çevrildi.
Özəl telekanalların fəaliyyətə başlaması isə əhalinin çal-çağıra meyilli təbəqəsinin bu sahəyə üz tutmasına səbəb oldu, xalqın tarixən formalaşdırdığı mənəvi-əxlaqi dəyərlər əsl şou-biznes meydanına çevrildi. Iş o yerə çatdı ki, şoumenlər fizika, riyaziyyat, kimya fənlərini öyrənməkdənsə, rəqs öyrənməyin, mahnı ifa etməyin daha faydalı olduğunu ölkə gənclərinə çağırış etməyə başladılar. Bu cahillər anlamırlar ki, özlərinin də dedikləri kimi, çörəkpulu qazanmaq üçün əllərində fırlatdıqları mikrofon və ekranlarında özlərini reklam etdikləri televizorlar öz yaranışlarına görə fizikaya, riyaziyyata və kimyaya borcludurlar.
Bütün bunlar bir tərəfdən böyüməkdə olan gənc nəslin təhsilə və elmə həvəsini sarsıdır, ölkədə savadsızlığın, simasızlığın, yaltaqlığın, yalançılığın və nadanlığın, hətta XXI əsrdə yaşamağımıza baxmayaraq, cəhalətin çiçəklənməsinə rəvac verir, digər tərəfdən, əhalinin maddi nemətlər bolluğunun yaradılmasında bilavasitə iştirak edən hissəsi (məhsuldar qüvvələr) ilə, maddi nemətlər bolluğunun yaradılmasında iştirak etməyən hissəsi arasındakı qanunauyğun nisbəti pozur, ölkənin iqtisadi inkişafına mənfi təsir edir.
Bunlara baxmayaraq, təhsilimizin acınacaqlı durumundan, tədrisin keyfiyyətsizliyindən, dərslik siyasətinin uğursuzluğundan narahatlıq keçirən və bütün bunlar haqqında mətbuat səhifələrində fikirlərini ictimaiyyətlə bölüşən, az da olsa, insanlarımız vardı. Təhsil Nazirliyi, bir qayda olaraq, bu narahatçılığın əsası olmadığını, təhsilimizdə hər şeyin qaydasında olduğunu, təhsilimizin səviyyəsinin xalqımızın səviyyəsinə tam uyğun gəldiyini və deyilənlərin şər-böhtan olduğunu bəyan edirdi.
Təhsil ekspertlərindən birinin araşdırmalarına görə, 19 il (1993-2012) ərzində təhsilimizin acınacaqlı durumuna həsr edilən yazıların sayı 5000 (beş min)-dən çox olmuşdur. Həmin ekspertin fikirincə, əgər bu yazılar normal ölçülü kitab şəklində dərc edilsəydi, hər biri 500 səhifə olmaqla, 60 (altmış) cild kitab alınardı.
Maraqlıdır ki, uzun illər müzakirə mövzusu olan bu vacib məsələ, nədənsə, yuxarı təşkilatların diqqətini cəlb etməyib. Halbuki, yanılmırıqsa, Prezident Aparatında, Nazirlər Kabinetində və Milli Məclisdə təhsilimizə qəyyumluq edən qurumlar fəaliyyət göstərirlər.
Düzdür, əvvəlcə Təhsil Nazirinin üç müavini, daha sonra nazirin özü vəzifəsindən azad edildi. Lakin bu impulsiv tədbirlərin təhsilimizdə köklü müsbət dəyişikliklərə gətirə biləcəyi az inandırıcı görünürdü.
Dövlətin və onun rəhbərliyinin təhsilimizə göstərdiyi qayğı, onun inkişafına yönəltdiyi külli miqdarda dövlət vəsaiti, yeni məktəblərin inşası, köhnə məktəblərin təmiri, məktəblərin maddi-texniki bazasının möhkəmləndirməsi, qəbul imtahanlarını uğurla verən abiturientlərə prezident təqaüdünün verilməsi, istedadlı tələbələrin xarici ölkələrdə, dövlət vəsaiti hesabına təhsil alması, müəllimlərin əmək haqqının artırılması istiqamətindəki fəaliyyətini inkar edə bilmərik. Onu da inkar edə bilmərik ki, bütün bu qayğıların müqabilində təhsilimiz nəinki inkişaf edir, əksinə, ilbəil acınacaqlı duruma yuvarlanır.
Belə çıxır ki, əhalinin savadlanmasına xərclənən külli miqdarda dövlət vəsaiti əhalinin kütləvi şəkildə savadsızlaşmasına gətirib çıxarır. Deməli, məsələnin müsbət həlli, heç də yaraşıqlı sinif otaqları olan təzə məktəblərin sayı ilə deyil, məktəbin divarları arasından çıxan savadlı məktəblilərin sayı ilə ölçülməlidir. Biz bu həqiqəti dərk etməli, özümüzü aldatmamalıyıq. Müqayisə üçün deyim ki, bizim nəslin təhsil aldığı keçən əsrin 40-cı illərində qar, yağış yağdıqda sinif otağımızın torpaqla örtülü damından partamızın üstünə su damalayar, sinfimizin pəncərələrinin sınmış şüşələrinin yerinə xamırla qəzet yapışdırardıq. Lakin bunlar şagirdlərin dərsə davamiyyətinə, əsla təsir etməzdi.
Unutmamalıyıq ki, təhsil çoxfaktorlu elə bir strateji sahədir ki, onun rişələri cəmiyyətin bütün əzalarına nüfuz edir. Bu rişələrin birinin zədələnməsi bütünlükdə təhsilin zədələnməsinə səbəb olur. Zədələnmiş rişələrin bir qismini yuxarıda diqqətə çatdırdıq, qalan hissəsi irəlidə diqqətə çatdırılacaqdır.
Nəhayət, ölkə prezidenti məsələyə müdaxilə etməli oldu və özünün 19 aprel 2012-ci il tarixli sərəncamı ilə orta məktəblərimizdə tədris edilən dərsliklərin və tədris vəsaitlərinin elmi-metodiki monitorinqinin keçrilməsini Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) – həvalə etdi.
TQDK 2012-2014-cü illər ərzində keçirdiyi elmi-metodik monitorinq nəticəsində I-VI siniflərdə tədris edilən, kurikulumlar əsasında işlənib hazırlanan, illərdir ki, Təhsil Nazirliyi tərəfindən bəh-bəhlə reklam edilən 21 adda dərsliyin tədris üçün yararsız olduğunu aşkar edib, həmin dərsliklərin tədris prosesindən dərhal çıxarılması haqqındakı yekun rəyi Təhsil Nazirliyinə və dərsliklərin müəlliflərinə rəsmən çatdırıb.
Təhsil Nazirliyi öz ənənələrinə sadiq qalaraq, dərsliklərin 4 il istifadədə qalması qaydasını bəhanə gətirib, yararsız dərsliklərin bir hissəsini yenə də tədris prosesində saxlayıb, az bir hissəsini isə TQDK-nın iradlarını nəzərə almaqla, siqnal nüsxələr şəklində yenidən nəşr edib. Lakin siqnal nüsxələrdə qüsurların olmayacağına əmin olmadığından, onların kütləvi nəşrindən əvvəl, yenidən monitorinqinin keçirilməsini TQDK-dan xahiş edib.
Sərəncamında dərsliklərə rəy verən, onları redaktə və korrektə edən çoxlu sayda müəllim-alim kontingentinin, üstəlik Dərslikləri Qiymətləndirmə Şurasının (DQŞ) olmasına baxmayaraq, Təhsil Nazirliyi özünü səhvlərini düzəltməyi bacarmayan ibtidai məktəb şagirdi yerində, TQDK-nı isə onun səhvləri düzəldən sinif müəllimi yerində görür, fürsətdən yararlanaraq, məsuliyyəti bütünlüklə TQDK-nın üzərinə atmağa çalışır. Nəticədə qəribə bir mənzərə yaranır.
Keyfiyyətsiz dərsliklərin işlənib hazırlanmasına külli miqdarda dövlət vəsaitinin sərfi azmış kimi, həmin dərsliklərin yenidən nəşr edilməsi və monitorinqinin keçirilməsi üçün dövlət əlavə vəsait sərf etmək məcburiyyətində qalır.
TQDK-nın monitorinq fəaliyyəti hələ başa çatmasa da, əldə edilən faktlar dövlət rəhbərliyinə tam əsas verir ki, illər ərzində dövlətin külli miqdarda vəsaitini göyə sovuran, əvəzində xalqın gələcəyi olan məktəblilərimizi savadsızlıq girdabına sürükləyənlərə elə bir ciddi cəza versin ki, onlar bundan ibrət dərsi alsın, bir daha burnu girməyən yerə başını pərçimləməyə cürət etməsinlər. Lakin xeyli vaxtın keçməsinə baxmayaraq, bu istiqamətdə hər hansı tərpəniş müşahidə olunmur. Belə çıxır ki, bunlar elə belə də olmalı imiş.
Müqayisə üçün deyək ki, bəyənilməyən sovet dönəmində dəzgahçı hansısa detalın emalında ölçü səhvinə yol verdikdə o, əmək mükafatından məhrum edilər, bəzi hallarda isə ixtisas dərəcəsi aşağı salınardı.
Ən təəccüblüsü isə odur ki, həllini gözləyən çoxlu sayda problemlər ortada olduğu halda, heç bir iqtisadi, elmi, pedaqoji, metodoloji təhlil aparılmadan, ölkədaxili ictimai və təhsil mühitinin faktiki durumu nəzərə alınmadan, hansısa xarici ölkənin arxasında gedərək, daha ağır yük olan 12 illik orta təhsilə keçidə hazırlıq görülür. Belə hallarda, el arasında deyilir ki, ölünü ortada qoy, dirilərini ağla.
ardı var
Məhəmməd Xəlilov


