“Azİmport” rəhbərlərindən biri həbsdən buraxıldı

“Azİmport” şirkətinin rəhbərlərindən biri, Dövlət Bayrağı Meydanı idarəsinin keçmiş rəhbərinin qaynı Azər Əsgərov sərbəst buraxılıb.
 
Bu barədə virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlum olub. Məlumata görə, Azər Əsgərov sərbəst buraxılandan sonra şirkətin ofisinə gedib.
 
Xatırladaq ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Dövlət Bayrağı Meydanı idarəsinin keçmiş rəhbəri, “Azİmport” şirkətinin sahibi Rəşad Məmmədovu və onun qaynı, şirkəti idarə edən Azər Əsgərovu saxlamışdı.
 
Saytımız neçə aydır ki, vətəndaşların çoxsaylı şikayətləri əsasında “Azİmport” şirkətinin qanunsuz əməllərindən yazırdı və bu mövzuda jurnalist araşdırmaları aparırdı. Bu şirkətin fəaliyyəti nəticəsində Bakıda minlərlə mülkiyyətçinin hüquqları pozulub, mülkləri sökülüb, torpaqları mənimsənilib, dövlət büdcəsindən vətəndaşlara kompensasiya üçün ayrılmış vəsaitlər talanıb. Pullar erməni əsilli Rəşad Məmmədovun və qaynının çoxsaylı restoranlarına, malikanələrinə və dəbdəbəli həyat tərzinə xərclənib.