Ölkəmizdəki repressiya və korrupsiya AB-ın ən böyük dövlətinin parlamentində sərt tənqid olundu
Fuad Qəhrəmanlı: «Almaniya Bundestaqında Azərbaycan məsələsinin müzakirəsi AB-Azərbaycan münasibətlərinə də təsir göstərmək iqtidarındadır»
Azərbaycan hakimiyyətinin yürütdüyü repressiv siyasət beynəlxalq aləmdə sərt şəkildə tənqid olunmaqdadır. Demək olar, hər ay Azərbaycandakı insan haqlarının durumu, demokratik prinsiplərin tapdanması beynəlxalq təşkilatlarda, nüfuzlu dövlətlərdə müzakirə predmeti olur. ABŞ Konqresində Azərbaycanla bağlı səslənən iradları hakimiyyət qulaqardına vurur və iradların hədəfi olan sahələrdəki vəziyyət daha da pisləşir.
Azərbaycan hakimiyyətinin yürütdüyü repressiv siyasəti Avropa Birliyinin aparıcı dövləti Almaniya da birmənalı qarşılamayıb. Bundestaqa təqdim olunan sənəddə Ilham Əliyev “avtoritar rejim başçısı” adlandırılıb. Qətnamədə qeyd olunur ki, “Əliyevlərin hakimiyyətdə olduğu illər ərzində Azərbaycanda azad və ədalətli seçkilər keçirilməyib”.
Almaniya parlamentində Azərbaycanda avtoritar rejimin hökm sürməsi, xüsusən son bir ildə güclənən repressiyalarla bağlı müzakirələr aparılması ölkə reallıqlarını çılpaqlığı ilə ortaya qoyub. Müzakirələr Yaşıllar Partiyasının təqdim etdiyi qətnamə layihəsi ətrafında keçirilib. Qətnamə layihəsində Azərbaycanda baş verənləri əks etdirən maddələr yer alıb.
Azərbaycanda siyasi məhbus problemi, hüquq müdafiəçiləri, siyasi fəallarının təqib edilməsi, vətəndaş hüquq və azadlıqlarının boğulması faktları sənəddə geniş şəkildə əksini tapıb.
Azərbaycanın bu formada dünya ictimaiyyətinə təqdim olunması ölkəmizə nə vəd edir? Hakimiyyətin bu formada hədəfə alınması Azərbaycanın milli maraqlarına hansı təhlükələri yaradır?
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, belə bir qətnamənin Bundestaqda müzakirəyə çıxarılması kifayət qədər ciddi məsələdir. F.Qəhrəmanlının sözlərinə görə, bu onu göstərir ki, Azərbaycanla bağlı beynəlxalq ictimai rəydə birmənalı qənaət formalaşıb. Azərbaycan hakimiyyətinin antidemokratikliyi, insan haqlarını pozması artıq reallıq dünya ictimaiyyətinin gözündə də danılmaz fakta çevrilib: “Almaniya Avropa Birliyinin əsas aparıcı ölkəsi hesab olunur. Almaniya Bundestaqında bu məsələnin müzakirə olunması perspektivdə Brüssel ilə Bakının münasibətlərinə də təsir göstərmək iqtidarındadır. Insan hüquqları, demokratiya sahəsində yaranmış problem Avropa Birliyi Azərbaycan münasibətlərinə də təsirsiz qalmayacaq. Bu məsələnin müzakirəsi o deməkdir ki, Azərbaycanın indiki şərtlər çərçivəsində Avrointeqrasiyası mümkün deyil. Avropa Azərbaycanı hazırkı mahiyyətdə, antidemokratik formada yaxın strateji partnyoru hesab etmir. Əgər Azərbaycan Avrointeqrasiya kursunda məsafə qət etmək isətəyirsə, bu insan hüquqları, demokratiya sahəsində Azərbaycanın atacağı addımlara bağlıdır”.
F.Qəhrəmanlı bildirdi ki, Azərbaycan hakimiyyəti indiyə qədər demokratiya və insan haqları ilə bağlı xarici siyasətdə yaranan problemləri ABŞ-la münasibətlər fonunda təqdim etməyə çalışırdı. Guya bu, ABŞ-ın Azərbaycana qarşı tutduğu qərəzli mövqenin nəticəsidir. Sanki dünyanın digər aparıcı ölkələri bu prosesdən kənardadır. F.Qəhrəmanlının sözlərinə görə, amma bu məsələnin Almaniya Bundestaqında müzakirəyə çıxarılması onu göstərdi ki, bu təkcə ABŞ-Azərbaycan münasibətlərinə aid problem deyil: “Artıq Avropanın əksər ölkələri ilə Azərbaycan arasında da insan haqları və demokratiya ilə bağlı pozuntulara görə ciddi problemlər var. O baxımdan bu müzakirə insan haqları və demokratiya ilə bağlı Azərbaycana qarşı həyata keçirilən beynəlxalq kampaniyanın tərkib hissəsidir. Ona görə hakimiyyət öz siyasətinə dəyişiklik etməyincə, beynəlxalq tənqidlərdən nəticə çıxarmayınca, proses getdikcə genişlənəcək. Digər dövlətlərin də bu prosesdə iştirakı iştirakı və qoşulacağı gözləniləndir. Bütün bunlar Azərbaycan cəmiyyətinə həm də o mesajı verdi ki, bu gün demokratik dünya xalqın mövcud rejimə qarşı tələblərini dəstəkləyir. Və rejim təkcə Azərbaycan xalqına deyil, həm də dünyaya qarşıdır. Hakimiyyət insan haqlarını pozmaq, demokratiyanı boğmaqla özünü ciddi təcridə aparır. Müasir dünyada isə özünü təcrid edən rejimlərin aqibəti yaxşı olmur və onların uzun müddət yaşamaq perspektivi yoxdur”.
Xəyal