Cəmil Həsənli iş adamlarının kütləvi həbsinə münasibət bildirdi: “Bandotdel”lə Avropaya doğru!”
Milli Şuranın sədri Cəmil Həsənli Azərbaycan Beynəlxalq Bankından götürdükləri kreditlərə görə iş adamlarının həbs edilməsinə münasibət bildirib. Onun facebook səhifəsində paylaşdığı mövqeyini təqdim edirik:
“Azərbaycanda repressiyaların yeni dalğasına start verilib. Siyasi partiya öncülləri, İslam imanlı dindarlar, gənc fəallar və qeyri-hökumət təmsilçilərindən sonra repressiya maşını indi də iş adamlarının üzərinə yeriyir. Hazırda hər yerdə – evlərdə, müəssisələrdə, hava limanlarında sözün tam mənasında iş adamlarının “oblavası” gedir. Tarix mülkiyyət sahiblərinin belə təqibini son dəfə faşist Almaniyasında yəhudi talanları zamanı görmüşdü.
Əslində, bunun belə olacağını biz qabaqcadan bilirdik və dəfələrlə xəbərdarlıq etmişdik ki, bu ölkədə mülkiyyət azadlığı deyilən bir şey yalnız və yalnız deklorativ xarakter daşıyır. İş adamları səhv olaraq öz təhlükəsizliklərin demokratik düşərgə ilə məsafə saxlamaqda görürdülər. Halbuki, azad biznes mühiti üçün ölkənin demokratikləşməsində onlar bilavasitə maraqlı olmalı idilər.
Avtoritar rejimlərdə yalnız siyasi kəsimin deyil, iş adamları, mülkiyyət sahiblərinin də sərbəst fəaliyyəti üçün heç bir təminat yoxdur. Zaman-zaman, zərrə-zərrə toplanan kapital, qurduğun müəssisə bir günün içərisində əlindən çıxa bilər. Nəinki mülkiyyətini, onunla birlikdə azadlığını da itirə bilərsən. O yerdəki hüquqi prinsipləri, iqtisad məhkəmələrini bir kənara qoyub iş adamları ilə “Bandotdel” vasitəsi ilə haqq-hesab çəkirlər, həmin yerdə nəinki adamın malı, heç canı da amanda deyil.
Son həftələr ölkəmizdə qəribə hadisələr baş verir. Deyəsən “Avropa oyunları” gözlənildiyindən baha başa gəlir. İş adamlarına qarşı başlanmış soyğunçuluğun ayrı izahı yoxdur. Beynəlxalq Bankın rəhbəri öz vəzifəsindən uzaqlaşdırıldıqdan sonra bu bankdan kredit almış iş adamlarının amansız təqibi başlanmışdır. ABB saytından əldə etdiyimiz məlumata görə, bu bankdan aşağı-yuxarı 1500 iş adamı müxtəlif layihələr üzrə kreditlər alıblar. Bunların içərisində aldığı vəsaitlərinin həcmi bir milyarda yaxınlaşan “Akkord” şirkətlər qrupu, 850 milyon ətrafında dövr edən Xəzər İslands kompaniyası, 300 milyon dolların üzərində olan beynəlxalq futbol klublarının sponsoru Hafiz Məmmədovun kreditləri də vardır. İndi sual olunur, siyasi rəhbərliyin razılığı olmadan belə böyük vəsaitlər “Akkord” kimi bir şirkətə verilə bilərdi? Şübhəsiz ki, “Akkorda” buraxılan belə böyük maliyyə axının arxasında iqtisadi ehtiyaclar, vicdanlı rəqabət qaydaları, ölkənin işgüzar həyatında “hüququn aliliyi” deyil, məhz hüququ qorumalı olan vəzifəli şəxslərdən birinin “etibarnaməsi” dayanır. İndi ABB əməliyyatında repressiyalara məruz qalanlar məhz belə hüquqi “etibarnaməsi” olmayan iş adamlarıdır. Amma əminliklə demək olar, “Bandotdelin” başladığı bu əməliyyat yalnız ABB deyil, bütövlükdə ölkənin bank sektorunu etibardan sala bilər. Ramil Usubovun rəhbərlik etdiyi şanlı daxili işlər komissarlığımız bu rejimin siyasi əleyhdarlarına qarşı uzun illər ərzində topladığı təcrübəni indi iş adamlarına qarşı tətbiq edir, zaman-zaman dindarların, gənc fəalların, ziyalıların ölçüsünə uyğun tikdiyi torbaları indi iş adamlarının başına keçirir.
On illər boyu ABB-nin illik hesabatları, vergi və audit yoxlamaları olub. Əgər yeyinti, kreditlərin mənimsənilməsi var idisə (Azərbaycanın siyasi şərtləri daxilində bunsuz keçinmək mümkün deyil), bundan niyə vaxtında xəbər tutulmayıb? Bu istiqamətdə əyintilər var idisə, bu işi vaxtında müvafiq maliyyə qurumları, iqtisad məhkəmələri ilə görmək əvəzinə, son həftələr ərzində yüzlərlə iş adamı ilə məhz “Bandotdel”in zirzəmisində haqq-hesab çəkilməyə başlanıb. Heç bir maliyyə-iqtisadi araşdırma aparılmadan bu adamlar külli miqdarda mənimsəmədə ittiham edilir, heç bir hüquqi prosedura əməl edilmədən “Bandotdel”də saxlanılır, vəkil tutmalarına belə icazə verilmir. Budur vəd edilən hüquqi dövlət? Adamlar iqtisadi proyektlər üzrə kreditlər alıb, zavod, fabrik, ictimai iaşə şəbəkəsi, müxtəlif kənd təsərrüfatı kompleksləri yaradılıblar. İndi “Bandotdel” qısa zaman ərzində necə müəyyən etdi ki, alınan kredit vəsaitinin hansı hissəsi bu müəssisələrə qoyulub, hansı hissəsi mənimsənilib. Alınan kreditlər qrafik üzrə qaytarılır, yoxsa iddia edilən mənimsəmə nəticəsində bu müəssisələr borcu qaytarmaq imkanlarını itirmişdir? Əgər buğun “Bandotdel”ə toplanan müəssisə, şirkət, indi modda olan Məhdud Məsuliyyətli Cəmiyyət rəhbərlərinin hələ gələn ilə, qarşıdakı 2, 3, 5 ilə və daha artıq müddətə aldığı kreditləri qanunu yolla qaytarmaq imkanları varsa, niyə bunlarla “Bandotdel” vasitəsi ilə, qanunsuz yollarla rəftar olunur? Kim təminat verə bilər ki, digər bankların rəhbərləri Cangir Hacıyev kimi vəzifəsindən azad edildikdən sonra onların müştərilərini də “Bandotdel”ə toplamayacaqlar.
Əslində, baş verənlər, daha doğrusu ABB-dən böyük həcmdə kredit almış iş adamlarının yalnız imandan deyil, dindən də xali olan DİN vasitəsi ilə təqib edilməsi ölkəmizdə başlanmış yeni rüsvayçılıq dalğasıdır. Bu gün səhər televiziya və radiolar, iqtidar qəzetləri “Avropa oyunları”na işarə edərək “Azərbaycan qapılarını Avropaya açır” manşetli proqramlar və yazılar verdilər. Amma bu açılım kampaniyasında öz qapılarını iş adamlarının üzünə açan “Bandotdel”in də qorxunc silueti görünməkdədir. “Bandotdel”lə birlikdə Avropaya doğru!”