«Davudoğlunu Pensilvaniyaya mən göndərmişəm» Bir müddət əvvəl Türkiyənin 11-ci prezidenti Abdulla Güllə hazırkı baş nazir Əhməd Davudoğlu arasında keçən Pensilvaniya polemikası bitmək bilmir. Son olaraq Gül məsələyə nöqtə qoyduğunu açıqlasa da, prezident Rəcəb Tayyib Ərdoğandan Pensilvaniya görüşünə dair yeni açıqlama gəlib. Xatırladaq ki, Davudoğlu Pensilvaniyaya gedişindən Abdulla Gülün lap əvvəldən xəbərdar olduğunu bildirmiş, keçmiş prezident isə məsələdən sonradan xəbər tutduğunu demişdi. Bundan sonra Davudoğlu yenidən açıqlama verərək prezidentin xəbəri olmadan heç bir görüş keçirmədiyini, hafizəsinin güclü olduğunu deyərək fikrində israr etmişdi. Baş nazirin bu fikirlərini «bir anlaşmazlıq var» deyə şərh edən Gül əlavə heç nə danışmayaraq mövzuya nöqtə qoyduğunu bəyan etmişdi.
Amma göründüyü kimi, Ərdoğan son açıqlaması ilə məsələyə yenidən qayıtmış oldu. Davudoğlunu Pensilvaniyaya – Fətullah Gülənlə görüşə şəxsən özünün göndərdiyini deyən prezident bildirib ki, görüşlə bağlı icazə elə ondan alınmalı idi: «Əhməd bəyin Pensilvaniyaya getməsindən xəbərim var idi. Bu məsələ ilə bağlı məndən icazə almışdı. Bununla bağlı Abdulla Güllə söhbətlərinin olub-olmadığını bilmirəm. Qaldı ki, ora getməyə, icazə alacağı rəsmi şəxs mən idim. Çünki o dönəmdə baş nazir idim. O vaxtlar millət vəkillərini zaman-zaman Pensilvaniyaya göndərmək adəti var idi. Bəzən nazirlər də gedirdi. Hədəflər müxtəlif idi. Təbii ki, sonradan mən yoldaşlara «Pensilvaniyaya getməyəcəksiniz» deməyə başladım. Çünki narahat olmuşdum. Əhməd bəydən başqa nazir Zəfər Çağlayan da getmişdi. Bunların hamısından xəbərim vardı. Xoş niyyətlərimizin heç biri qarşılığını vermədi. Davudoğlu qayıdandan sonra görüş barədə mənə məlumat vermişdi. Görüşdə nələrin müzakirə olunduğunu açıqlamaq doğru olmaz. Abdulla bəylə aralarında nə söhbət olub, onu bilmirəm».

Gültəkin


