
Azərbaycan Avrasiya İttifaqına üzv olmağa hazırlaşır
Fuad Qəhrəmanlı: «Əgər bu istiqamətdə addımlar atılarsa, bu, Azərbaycanın xarici siyasət orentasiyasının dəyişməsi olacaq»
“Iran, Azərbaycan, Hindistan və Monqolustan Avrasiya Iqtisadi Birliyi ilə əməkdaşlıq imkanlarına baxırlar. Türkiyə isə Avrasiya Iqtisadi Birliyi ilə ticarət müqaviləsi bağlamaq arzusunda olduğunu bildirib”. Bunu Kremldə keçirilən Avrasiya Iqtisadi Birliyinin Ali Iqtisadi Şurasının iclasında Qazaxıstan prezidenti Nursultan Nazarbayev bildirib.
“Indiki mərhələdə bizim potensial tərəfdaşımız Türkiyə ola bilər. Türkiyə prezidenti Ərdoğan bir müddət əvvəl bizim ölkədə səfərdə olarkən Avrasiya Iqtisadi Birliyi ilə ticarət müqaviləsi bağlamaq arzusunu dilə gətirdi. Bunu öyrənmək lazımdır”,- deyə Qazaxıstan prezidenti qeyd edib.
O, Qazaxıstana səfər edən Iran xarici işlər nazirinin də Avrasiya Iqtisadi Birliyi ilə əməkdaşlıq etməyə maraq göstərdiyini söyləyib: “Başqa ölkələr də var. Misal üçün, Hindistan, Monqolustan, Azərbaycan var. Bütün bunlara baxmaq lazımdır”.
Nazarbayevin bu açıqlamasının fonunda ölkə daxilində də maraqlı açıqlamalar verilməkdədir. Hakimiyyət rəsmən AI ilə əmakdaşlıqda maraqlı olduğunu bəyan etməsə də, iqtidar deputatları tam fərqli fikirlər səsləndirirlər. Artıq mətbuatda onların dilindən “Azərbaycan Avrasiyya Ittifaqı ilə əməkdaşlıq imkanlarına baxa bilər” kimi bəyanatlar səslənir. Bu tip açıqlamaların Avropa Birliyinin Riqa sammiti ərəfəsinə təsadüf etməsi də maraq doğurur.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı hesab edir ki, AI ilə bağlı məsələlərin gündəmə gətirilməsi indiki mərhələdə həm beynəlxalq, həm də daxili ictimai rəyi öyrənmək məqsədi daşıyır. F.Qəhrəmanlının fikrincə, bu bir növ nəbz yoxlaması məqsədi daşıyır: “Amma bu o demək deyil ki, hakimiyyət bunun arxasında uzağagedən məqsədlər güdmür. Əslində burada bir neçə nüans var. Əsas məqamlardan biri budur ki, hakimiyyət Riqa sammiti ərəfəsində özünə yönəlik təzyiqlərə cavab olaraq bu məsələni gündəmə gətirməklə Avropa Birliyini şantaj etməyə çalışır. Yəni Avropa Birliyindən Assosiasiya sazişinin imzalanması istiqamətində təzyiqlər güclü olarsa, Azərbaycan xarici siyasət orentasiyasını dəyişmək istiqamətində addım ata bilər”.
F.Qəhrəmanlının sözlərinə görə, digər bir nüans odur ki, Rusiya Azərbaycanın Qərbdən gələn təzyiqlər qarşısında zəif duruma düşdüyünü dərk etdiyindən öz şərtlərini Bakıya qəbul etdirmək istəyir. F.Qəhrəmanlının sözlərinə görə, Qərbdən gələn təzyiqlərin qarşısının alınması müqabilində Rusiya Azərbaycanı Avrasiya Ittifaqına qoşmaqla öz təsir dairəsinə daxil etmək istəyir: “Patruşevin səfəri zamanı bu məsələlərin gündəmə gətirilməsi onu deməyə əsas verir ki, artıq Azərbaycan tərəfi Rusiyanın bu tələbini qəbul etməyə hazırlaşır. Yəni Azərbaycan tərəfi bu məsələni özü üçün mümkün sayır və bu istiqamətdə müzakirələrə başlayıb. Bu məsələyə münasibət ciddi olmalıdır. Əgər bu istiqamətdə addımlar atılarsa, bu, Azərbaycanın xarici siyasət orentasiyasının dəyişməsi olacaq”.
AI-nin perspektivlərinə gəlincə isə F.Qəhrəmanlı bildirdi ki, bu təşkilat Qərblə rəqabət aparacaq gücdə deyil. Çünki AI-nin nə iqstisadi, nə hərbi potensialı ona siyasi çəki qazanmağa, qlobal güc mərkəzinə çevrilməyə imkan vermir: “Burada bütün hallarda əsas güc faktoru Rusiyadır. Rusiya bütün hallarda Avrasiya Ittifaqına cəlb etdiyi ölkələri öz ətrafına yığmaqla özü üçün bufer zona yaratmağa çalışır. Rusiya həmin coğrafiyalarda Qərbin təsirinin qarşısını almaqla Qərbə dirsək göstərməyə çalışır. Avrasiya Ittifaqı siyasi, hərbi, iqtisadi imkanları olmadığı üçün bəri başdan ölü doğulmuş uşaqdır. Azərbaycanın belə birliyə qoşulması dövlətin milli maraqlarının qurban verilməsi demək olardı”.
Xəyal



